525.Az

"Güllələnmiş məzarlar" filmi təqdim olundu


 

"Güllələnmiş məzarlar" filmi təqdim olundu<b style="color:red"></b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən hazırlanan "Güllələnmiş məzarlar" sosial filminin təqdimat mərasimi keçirilib.

Azərbaycan və ingilis dillərində hazırlanan film Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin kənd məzarlığının erməni hərbi birləşmələri tərəfindən viran edilməsi, dağıdılması timsalında işğal altındakı yaşayış məskənlərimizdə məhv edilmiş bütöv bir sivilizasiya haqda məlumatları dünyaya çatdırmaq məqsədi daşıyır.

Təqdimat mərasimində millət vəkilləri, tanınmış elm xadimləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BAMF prezidenti Umud Mirzəyev işğal faktının dünyaya yayılması istiqamətində hər bir vətənadaşımızın maariflənmədirmə aparmasının zəruri olduğunu deyib: "Son 10 ildə Amerika və Avropa ölkələri, xüsusilə Fransa, Macarıstan, Latviya, Litva, Türkiyə, Misir, İsrail, Özbəkistan, Rusiya, Qətər, Pakistan, Vyetnam, və s. ölkələri təmsil edən yüzlərlə media nümayəndəsini, vətəndaş cəmiyyəti təmsilçilərini işğal olunmuş ərazilərlə həmsərhəd bölgələrimizə və bir hissəsi işğaldan azad edilmiş kəndimizə apardım. Qısa müddət ərzində işğal altında qalan kəndimizdə törədilən vəhşiliklər, güllələnmiş məzarlıq, dağıdılmış qədim bulaq, kəhriz və digər vandalizm aktları onların xatirəsində dərin iz buraxdı. Bu gün Qarabağın 900-dən yuxarı yaşayış massivi Aşağı Əbdürrəhmanlının üzləşdiyi acı taleyi yaşayır. Bu kəndlərdə, oblardakı evlərin yalnız izləri qalmaqdadır".

U.Mirzəyev son aylar BAMF-ın işğal altındakı ərazilərimizdəki vəziyyətlə bağlı bəyanatının BMT İnsan Haqları Şurasında 5 dildə dərc edildiyini vurğulayıb. O, "Güllələnmiş məzarlar" sosial filminin Cenevrədə İnsan Haqları Şurasının müxtəlif sessiyalarında, ayrı-ayrı müzakirələr zamanı nümayiş olunduğunu qeyd edib. Nobel Sülh Mükafatını qazanmış Beynəlxalq Sülh Bürosunun sentyabr ayında Berlində keçirilən "Avrasiyada Təhlükəsizlik" adlı toplantısı zamanı BAMF təmsilçisi Anastasiya Lavrina tərəfindən "Güllələnmiş məzarlar" filminin təqdim edildiyini vurğulayan BAMF prezidenti qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarında yaşamasına dair hüquqlarının təmin edilməsi, işğal olunmuş ərazilərimizdəki vəziyyətə dair beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının gərəkliliyini söyləyib.

Prezident Administrasiyasının nümayəndəsi Vüqar Səlimov qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazisində ən çox güclü dağıntıya və virana məruz qalmış mədəni irs nümunələri arasında hər şeydən əvvəl bütün dini abidələr, məbədlər və qəbiristanlıqlar göstərilməlidir. İşğalçılar Dağlıq Qarabağ regionunda və onu əhatə edən yeddi Azərbaycan rayonunda olan bütün müsəlman qəbiristanlıqlarını viran qoymuş və qiymətli başdaşlarını həmin yerlərdən oğurlamışlar. Bu vandalizm aktları bir tərəfdən azərbaycanlıları təhqir etmək məqsədilə, digər tərəfdən isə tarixi sənəd kimi vacib əhəmiyyət kəsb edən qəbiristanlıqları viran qoymaq yolu ilə azərbaycanlıların bu torpaqlarda olan tarixi nişanələrini silib atmaq məqsədilə edilib.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Fərasət Qurbanovun sözlərinə görə, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xalqımıza məxsus maddi-mədəni irsi məhv etməsi yalnız ölkəmizə qarşı yönəlməyib. Bu, ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktıdır. O deyib ki, işğal edilmiş Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çoxsaylı məscid, muzey, maddi-mədəniyyət nümunəsi, qəbiristanlıqlar yerlə-yeksan olunub.

Millət vəkili Qənirə Paşayeva deyib ki,  Azərbaycanda erməni kilsəsinə toxunulmayıb, amma Ermənistanda azərbaycanlılara məxsus bütün məscidlər, dini, tarixi, mədəni abidələr, hətta qəbiristanlıqlar da dağıdılıb. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında da azərbaycanlılara məxsus bütün dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları dağıdırlar və bizim əlimizdə sizə göstərə bilmək üçün kifayət qədər foto və video materiallar var: "İşğal olunmuş Azərbaycan torpaqları barədə dünya ictimaiyyətinə informasiya çatdırmaq üçün bu cür filmlərin çəkilməsi əhəmiyyətlidir"

BDU-da Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli bildirib ki, ermənilərin Azərbaycana təcavüzü nəticəsində işğal ərazisində olan tarixi memarlıq abidələri işğal altında qalıb, tarixi mədəniyyət muzeylərimiz isə öz fəaliyyətini dayandırıb. İnsanlarla onun tarixi mədəniyyət və memarlıq abidələri də terrora məruz qalıb. İşğal olunan rayonlardakı bütün qəbiristanlıqlar yerlə yeksan edilib: "Torpaqlarımızın işğalından sonra bu ərazilərdə olan bir çox tarixi memarlıq abidələrinin dağılması ilə yanaşı, ermənilər abidələrin bəzilərini də öz adlarına çıxmaq məqsədilə onların üzərində dəyişikliklər aparıblar. Onlar bu abidələri bütün dünyaya erməni abidələri kimi təqdim etməyə çalışırlar. Ermənilər rayonlarımızın tarixi mədəni abidələrinin, muzey eksponatlarının şəkillərini müxtəlif saytlarda yerləşdirir, kitablarda nəşr etdirməklə abidələrin özlərinə məxsus olması ilə bağlı təbliğatlar aparırlar".

S.QARAYEVA

 





06.10.2019    çap et  çap et