525.Az

"Bütün həyatımı xalqa sədaqətlə xidmətə həsr edəcəyəm"


 

ULU ÖNDƏR 26 İL ƏVVƏL ANDİÇMƏ MƏRASİMİNDƏKİ NİTQİ İLƏ XALQIN QƏLBİNDƏ ÜMİD YARATDI

"Bütün həyatımı xalqa sədaqətlə xidmətə həsr edəcəyəm"<b style="color:red"></b>

Azərbaycan dövlətinin tarixinə 1993-cü il xüsusi önəm kəsb edən bir il kimi daxil olub. Dövlətimizin və xalqımızın taleyində əbədi bir iz buraxan həmin ildə Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gələrək, xilaskarlıq missiyasını öz üzərinə götürdü.
 
Yenicə müstəqillik əldə etmiş Azərbaycan məhz olmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir çətin vəziyyətdə xalqın təkidli tələbi və istəyi ilə Ulu öndər iyunun 9-da Bakıya gəlişi ilə Azərbaycanın gələcəyi ilə bağlı bir ümid yaratdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.

Həmin il 3 oktyabrda keçirilən prezident seçkilərində isə Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu öndər 98,84 faiz səslə Azərbaycan prezidenti seçildi. Bu, Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi.

Heydər Əliyev 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimindəki nitqində Azərbaycan xalqının qəlbində sabaha ümid işartısı yandırdı. Xalqı sabahın daha yaxşı olacağına əmin etdi. Ümummilli lider Azərbaycanın öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşadığını, məhz bu dövrdə üzərinə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk etdiyini deyərək, bütün fəaliyyətini, bütün həyatını bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyini vurğuladı.

"Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir və bu müstəqilliyin əldə olunmasında hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz. Eyni zamanda, Azərbaycanın müstəqilliyi respublika qarşısında, onun vətəndaşları qarşısında çox böyük və mürəkkəb vəzifələr qoyub. Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq və bu vəzifələr mənim prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam", - deyə Ulu öndər nitqində bəyan edib.

Heydər Əliyev Azərbaycanın öz müstəqilliyini ağır və çətin bir şəraitdə əldə etdiyini, respublika üçün ən ağır məsələ beş ildən artıq müddətdə Azərbaycanın müharibə şəraitində olması, erməni silahlı qüvvələri tərəfindən ərazimizə təcavüz edilməsi və bunun nəticəsində Azərbaycan xalqının böyük bəlalara düçar olmasını göstərib: "Ona görə də Azərbaycanın müharibə şəraitindən çıxması və vətəndaşlar üçün rahat, sakit, əmin-amanlıq şəraiti yaradılması qarşımızda duran əsas vəzifədir. Azərbaycanın ağır müharibə şəraitinə düşməsi, bu problem, yəni Qarabağ problemi başlanan dövrdən respublika rəhbərliyinin, keçmiş Sovetlər İttifaqı rəhbərliyinin buraxdığı səhvlərin nəticəsidir. Lakin təəssüf ki, ötən dövrdə respublikanın bu vəziyyətdən çıxması üçün lazımi tədbirlər görülməmişdir. Respublikanın düşdüyü ağır iqtisadi, sosial, siyasi-ictimai və mənəvi böhran axır zamanlar daha da dərinləşmiş və 1993-cü ildə, demək olar son həddə çatmışdır. Bu ilin iyun ayında Azərbaycanda daxili sabitlik tam pozulmuş, respublikada ayrı-ayrı qüvvələrin qarşıdurması, bəzi cinayətkar qrupların, separatçı qüvvələrin respublikanı parçalamaq meyllərini həyata keçirmək istəməsi və başqa səbəblər daxili böhranı daha da dərinləşdirmişdir.

Azərbaycanın dövlət rəhbərliyinin buraxdığı kobud səhvlər nəticəsində iyun ayında respublikamız vətəndaş müharibəsi həddinə gəlib çatmış və onun bəzi bölgələrinin parçalanması real bir hal kimi meydana çıxmışdı. Allaha şükürlər olsun ki, bunların qarşısı alındı, bəzi cinayətkar qruplar aradan götürüldü və respublikanın daxilində ictimai-siyasi sabitliyin təmin edilməsi üçün şərait yaradıldı. Son 4 ay bizim respublikamız üçün ağır və çətin bir dövr oldu. Bu müddətdə respublikamız, onun vətəndaşları böyük imtahanlardan çıxdılar və bir daha sübut etdilər ki, xalqın müdrikliyi, milli birlik və həmrəylik, vətəndaş birliyi bütün bu çətinliklərin qarşısını ala bilər və respublikanı bu ağır vəziyyətdən çıxarmaq üçün imkan yarana bilər".

Ümummilli lider ordu quruculuğunun vacibliyini vurğulayaraq bəyan edib ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülüb: "Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir... Mən bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, gənclərimiz və gələcək nəsillər onların qəhrəmanlıqlarından nümunə götürəcəklər. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaqdır".

Heydər Əliyev müstəqil Azərbaycanın qarşısında duran əsas vəzifələrdən birinin respublikanın dövlət quruculuğunu təşkil etmək olduğunu deyib: "Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".

Ulu öndər öz tarixi nitqində respublikanın ağır böhrandan çıxması üçün sosial-iqtisadi sahədə böyük işlər görülməli olduğunu, yeni iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməyin önəmini vurğulamışdır.

Heydər Əliyev həyatının sonuna qədər xalqına sədaqətlə xidmət edəcəyinə, bütün fəaliyyətini Azərbaycanın gələcək inkişafına sərf edəcəyinə söz vermişdir. Yaxın tarix göstərdi ki, Ümummili lider sovet dönəmində olduğu kimi, müstəqillik illərində də bütün ömrünü məhz gənc və müstəqil Azərbaycanın inkişafına, dünyada tanınmasına, xalqın rifahına sərf etdi. Heydər Əliyevin gördüyü işlər həqiqətən də misilsizdir, ölçüyəgəlməzdir. Məhz buna görə də Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayır və yaşayacaqdır.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə mövzu ilə bağlı bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, ölkə daxilində anarxiya, hökm sürürdü. Belə vəziyyət 1993-cü ilin ortalarında Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Azərbaycan xalqı bu təhlükələrdən yeganə xilas yolunu Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. 1993-cü ilin iyun ayında H.Əliyev xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq ölkə parlamentinin sədri seçildi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli lider xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycanın prezidenti seçildi. Bundan sonra Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.

Komitə sədri deyib ki, 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. 1994-cü il sentyabrın 20-də isə Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. "Əsrin müqaviləsi" adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya birliyindəki mövqeyini möhkəmləndirdi. Hesab edirəm ki, 1993-cü il oktyabrın 3-də Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi müasir tariximizin ən mühüm hadisələrindən biridir.

Millət vəkili Elman Nəsirov mövzu ilə bağlı bildirib ki, Ulu öndərin andiçmə mərasimindəki nitqi tarixi bir sənəddir. Azərbaycan xalqının və  dövlətinin çox çətin bir vaxtında hakimiyyətə gələn böyük dövlət xadimi Heydər Əliyev həqiqətən də öz ömrünü, gecəsini-gündüzünü xalq və dövlət üçün sərf etdi. Cəbhədə atəşkəsin əldə edilməsi, "Əsrin müqaviləsi"nin imzalanmas, iqtisadi və sosial sahədəki digər tədbirlər, Azərbaycanın dünyaya çıxışını təmin etmək, onun tanıtmaq... Heydər Əliyevin xidmətləri elə böyük və misilsizdir ki, saymaqla bitən deyil.

E.Nəsirov bildirib ki, Heydər Əliyev Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan dühadır: "1992-ci ildə bir müxalifət partiyası olaraq yaratdığı Yeni Azərbaycan Partiyası hakimiyyətə sivil yolla gəlməyin əsl "yol xəritəsi"ni ortaya qoydu. Bununla da bir siyasi mədəniyyət və siyasi əxlaq nümunəsi yaratdı. Bu nümunə, əslində, siyasi xəttindən və davranışından asılı olmayaraq bütün siyasi qüvvələr üçün örnək olmalıdır. Bu nümunə özündə sağlam, obyektiv, şəffaf və demokratik mübarizə mədəniyyətini ehtiva edir və 100 faizlik qələbə təminatına görə unikaldır. Azərbaycan xalqı 26 il əvvəl oktyabrın 3-də müdrik seçim edərək öz taleyini Ulu Öndər Heydər Əliyevə etibar etdi.

O, qalibiyyətlər üçün doğulmuşdu. 1993-cü il 3 oktyabr prezident seçkilərində xalqın 98,8 faiz səsini toplayaraq hakimiyyət olimpinin zirvəsinə yüksəlməklə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti intibahının əsasını qoydu. Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, milli azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan amnistiya edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi".

PƏRVANƏ

 





06.10.2019    çap et  çap et