525.Az

Bir qrup Qarabağ qazisi SOCAR-la baş verən insidentin siyasiləşdirilməsinə etiraz edir


 

EMİN HƏSƏNLİ: "AZƏRBAYCAN DÖVLƏTİ HƏR ZAMAN QARABAĞ QAZİLƏRİNƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR"

Bir qrup Qarabağ qazisi SOCAR-la baş verən insidentin siyasiləşdirilməsinə etiraz edir<b style="color:red"></b>

Bir qrup Qarabağ qazisi Binəqədi rayonu ərazisində SOCAR əməkdaşları ilə baş verən insidenti siyasiləşdirmək istəyən qüvvələrə etiraz olaraq mətbuat konfransı keçiriblər.

APA-nın məlumatına görə, konfransda deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə, Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin sədri Mirhəsən Həsənov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və 18 Qarabağ qazisi iştirak edib.

"Son günlər Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verən hadisə xoşagəlməz olaydır. Amma bundan sui istifadə edib insanları dövlət əleyhinə qaldırmaq istəyənlər var". Bu fikirləri Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirib. M.Mehdiyev qeyd edib ki, döyüşçü adından dövlət əleyhinə istifadə oluna bilməz: "Hadisə təbii ki, xoşagəlməzdir. Amma biz qanuni, hüquqi dövlətdə yaşayırıq. Ona görə də bu məsələyə hüquq müstəvisində qiymət verilməlidir. Hər iki tərəfdən günahkarlar varsa, onlar cəzalandırılmalıdır. Amma kimlərinsə siyasi maraqlar baxımından xaricdəki qüvvələrin hesabına iğtişaş yaratmağına imkan verə bilmərik. Biz bu dövlət üçün canımızla, qanımızla döyüşmüşük, sabitliyimiz var və bunu pozmağa heç kimə icazə vermərik. Biz döyüşçülər həmişə o cür qüvvələrin qarşısında olacağıq".

"Azərbaycan dövləti hər zaman Qarabağ qazilərinə xüsusi diqqət və qayğı göstərir". Bu sözləri isə Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə  İctimai Birliyinin sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, dövlət daim bu insanları mənzillə, avtomobillə təmin edir, müavinət ayırır, onların övladları təhsil haqlarından azad edilir: "Dövlət tərəfindən şəhid ailələri, Qarabağ və Çernobıl əlillərinə göstərilən xüsusi diqqət göz önündədir. Qarabağ qaziləri Azərbaycanın qızıl fonduna daxildir. Çünki Vətəni qorumaq ən şərəfli işdir. Amma dövlətimizi istəməyən qüvvələr var və o qüvvələr çirkin əməllərini həyata keçirməyə çalışırlar. Azərbaycan dövləti qaziləri, qazilər də dövləti dəstəkləyir. Anlaşılmayan bütün məsələlər aradan qaldırılacaq".

Konfransda iştirak edən Qarabağ qaziləri də çıxış edərək baş verən hadisəni siyasiləşdirməyin əleyhinə olduqlarını qeyd ediblər. Onlar dövlətin qayğısı, diqqəti ilə əhatə olunduqlarını, Prezident İlham Əliyevin həmişə onların yanında olduğunu və qazilərin də dövlət başçısını dəstəklədiklərini vurğulayıblar. Qazilər hər zaman Prezidentin əsgərləri olduqlarını xüsusi qeyd ediblər və bəzi siyasi qüvvələrin onlardan istifadə etmələrinə icazə verməyəcəklərini bəyan ediblər.

 





06.10.2019    çap et  çap et