525.Az

Nazirlikdən haker hücumlarına münasibət


 

Nazirlikdən haker hücumlarına münasibət

Son bir neçə gündə ermənilər tərəfindən müxtəlif texnoloji üsullarla Azərbaycanın dövlət orqanlarının, informasiya agentliklərinin, əyləncə saytlarının fəaliyyətinə əngəllər yaratmağa, onu dayandırmağa, həmçinin məzmununa müdaxilə etməyə cəhdlər göstərilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 525.az saytına verilən məlumata görə, ermənilər törətdikləri bu qeyri-qanuni əməlləri öz kütləvi informasiya vasitələrində açıq-aşkar etiraf edir və qürrələnir. Hətta yalan məlumat yayaraq ölkə başçısının saytına müdaxilə olunduğu da bildirilir: “Lakin qeyd edirik ki, bu aşkar yalandır və Azərbaycan Respublikası Prezidentinin saytı tamamilə işlək vəziyyətdədir və olunan bütün həmlələr dəf edilib. Az sayda digər qurumların saytlarına baş vermiş müdaxilələr isə qısa bir zamanda aradan qaldırılıb və edilən həmlələrin qarşısının alınması üçün tədbirlər görülüb”-məlumatda qeyd edilib.

Nazirliyin məlumatında o da bildirilir ki, azərbaycanlılar tərəfindən 30-dək sayta edilmiş müdaxilələr barədə erməni mənbələrinin yaydığı məlumatlar öz təsdiqini tapmayıb və bu öz hərəkətlərinə bəraət qazandırmaq üçün ermənilərin yaydığı növbəti uydurmadır: “Təəssüflə qeyd etmək lazımdır ki, ermənilər tərəfindən atılan bu addımlar tamamilə qanunaziddir və şəbəkə vasitəsilə mütəşəkkil hücumlar həyata keçirərək insanların məlumat almaq və biznes aparmaq hüquqlarının məhdudlaşdırılması beynəlxalq normaları pozur”.

BƏXTİYAR

 





04.09.2012    çap et  çap et