525.Az

Moskvada Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olunub


 

Moskvada  Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olunub<b style="color:red"></b>

Moskva Millətlər Evində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olunub.

Moskva Beynəlxalq Əməkdaşlıq, Milli Siyasət və Dini Qurumlarla Əlaqə Departamenti, Moskva Millətlər Evi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva Bölməsi və "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin birgə təşkil etdikləri gecədə görkəmli şairin oğlu, Azərbaycanın Xalq yazıçısı Anar və yazıçı Günel Anarqızı iştirak edib.

AYB-nin Moskva Bölməsinin sədri, professor Tofiq Məlikli gecəni açaraq görkəmli şəxsiyyət, təkrarsız lirik şeirlər müəllifi Nigar Rəfibəylinin həyat və yaradıcılığından geniş söhbət açıb. Bildirib ki, Nigar Rəfibəylinin poeziyasını saf qəlbin poeziyası adlandırmaq olar və bu poeziya əbədi yaşayacaq. Vurğulayıb ki, bu gün Nigar Rəfibəylinin adı həm də əsl Azərbaycan qadınının simvoluna çevrilib. Onun Vətəninə, xalqına, ailəsinə sevgisi tükənməz olmuş və bu sonsuz məhəbbət şairin əsərlərində əksini tapıb.

AYB-nin Moskva Bölməsinin sədri şairin irsinin gələcək nəsillər üçün qorunub saxlanmasının əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycanın gənc nəslinin öz yaradıcılığında xeyirxahlığı, Vətəninə, xalqına sevgini tərənnüm edən Nigar Rəfibəylinin və Rəsul Rzanın əsərlərinə maraq göstərməsi sevindirici haldır. Belə gənclərdən biri də Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti bölməsinin icraçı direktoru Araz Mürsəliyevdir.

Tofiq Məlikli "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin fəaliyyətində yaxından iştirakına və Rusiyadakı Azərbaycan ictimai təşkilatları arasında qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə verdiyi töhfəyə görə Araz Mürsəliyevi fəxri fərmanla təltif edib.

Moskva Dövlət Linqvistika Universitetinin müəllimi, professor Bella Musayevanın fikrincə, Nigar Rəfibəyli insan qəlbinin ən gizli guşələrinə yol tapa bilən sənətkardır. O qeyd edib ki, Nigar Rəfibəyli poeziyasının başlıca xətti sevgidir. Onun bütün şeirlərində təbiətə, dünyaya, Vətənə, övlada sevgidən bəhs olunur.

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundovanın sözlərinə görə, azadlığı tərənnüm edən Nigar Rəfibəyli poeziyasında həm də əsl Şərq qadınına məxsus müdriklik var. Nigar Rəfibəyli və Rəsul Rza ailəsi öz vətəndaşlıq mövqeyinə, Vətəninə, xalqına sadiqlik nümunəsidir.

Gecədə şairlərdən İlham Bədəlbəyli, Nəsib Nəbioğlu, Nilufər Şıxlı, tərcüməçilər və ədəbi tənqidçilər Nigar Rəfibəylinin yaradıcılığından danışıb, onun ömür-gün yoldaşı, Xalq şairi Rəsul Rza ilə bağlı xatirələrini bölüşüblər.

AYB-nin sədri, Xalq yazıçısı Anar Nigar Rəfibəylinin 100 illik yubileyinin Moskvada təşkil olunmasını yüksək qiymətləndirərək bildirib ki, şairin Azərbaycandan kənarda yubiley tədbiri ilk olaraq Moskvada təşkil olunub. Bu da təsadüfi deyil. Nigar Rəfibəyli ötən sərin 30-cu illərində Moskva Pedaqoji Universitetində təhsil alıb: "Ancaq o, bizə repressiyalar dövrünün Moskvasından deyil, bu şəhərdə hökm sürən beynəlmiləlçilik, dostluq ruhundan danışırdı. Yəqin ki, Nigar xanım övladlarına nifrət, qisas hissləri aşılamamaq, onları bu ruhda böyütməmək üçün Moskvada keçirdiyi tələbəlik illərini gəncliyinin ən parlaq səhifələri kimi xatırlayırdı".

Xalq yazıçısı Anar Nigar Rəfibəylinin ailəsi adından yubiley gecəsinin təşkilatçılarına dərin təşəkkürünü bildirib.

Gecədə Moskvanın 157 nömrəli Azərbaycan etnomədəni komponentli orta məktəbin şagirdlərinin, Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan dili bölməsinin tələbələrinin, habelə Rusiya paytaxtındakı "Dərviş" teatrının aktyorlarının ifasında Nigar Rəfibəylinin şeirləri, sözlərinə yazılmış mahnılar səslənib (AzərTAc).

 





29.10.2013    çap et  çap et