525.Az

Boluda millət vəkili Qənirə Paşayevanın kitabları təqdim olunub- Fotolar


 

Boluda  millət vəkili Qənirə  Paşayevanın kitabları təqdim olunub- <b style="color:red">Fotolar</b>

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası  Dostluq Qrupunun üzvü Qənirə  Paşayeva  Boluda kitabsevərlərlə  görüşüb. Bolu Ticarət və Sənaye odasında gerçəkləşən təqdimat-imzalanma mərasimində millət vəkili Qənirə Paşayeva müəllifi olduğu kitabları Bolular üçün imzalayaraq həmin kitabların bəyəniləcəyinə ümid etdiyini bildirib.

Təqdimat-imzalanma mərasimində millət vəkili  Qənirə Paşayevanın müəllifi olduğu “Məndən sonra...”, “Səndən sonra...”, “ O...” “Qənirə Paşayeva  ilə addım-addım  Türk dünyası”, “Aşk deyince ötesini arama...”,  “Kuzey Kıbrıs  və Kıbrıs  Türkləri”, “Dünyanı dəyişən böyük adam”, “Tarixə adını yazmış qadınlar”, “Dünyanı dəyişən alimlər”, "Hocalı Soykırımı: tanıkların dilinden" və digər kitabları təqdim olunub.

Millət vəkili Qənirə Paşayeva kitablarının qardaş Türkiyənin Bolu bölgəsində təqdimat-imzalanma mərasiminin keçirilməsindən çox məmnun olduğunu deyib və bunun  təşkilini həyata keçirən Bolu Ticarət və Sənaye odasının  başçısı Türkel Ateşe və universitetin dəyərli alimi,  dosent  Mehmet  Karaya  ona dəyərli oxucularla belə gözəl bir görüş imkanı yaratdıqları üçün təşəkkür edib. Onlar  isə öz növbəsində bu istiqamətdə tədbirlərin  iki qardaş dövlət arasında mədəni əlaqələrin genişlənməsinə özünün töhfəsini verəcəyini deyərək bu istiqamətdə layihələri davam etdirəcəklərini bildiriblər.
 
Millət vəkili Qənirə Paşayeva bildirib ki, yaxın zamanlarda nəşr olunacaq  "Qənirə Paşayeva ilə Türk Dünyası" kitabının 2-ci hissəsində Bolu ilə bağlı çox geniş yazısı da öz əksini tapacaq və Azərbaycanlı oxucular bu gözəl bölgəni, onun gözəl insanlarını daha yaxından tanıyacaqlar: "İnanıram ki, o kitabı oxuyan hər kəs mütləq Boluya gəlib Türk Dünyasının bu gözəl və tarixi bölgəsini mütləq görmək istəyəcək. Bolu mənim üçün çox əzizdir və yeni kitabımda Boluya  xüsusi yer ayırmağım mənim bu gözəl bölgəyə sevgimin bir göstəricisi olacaq. Bolulu oxucular bu xəbəri gözəl duyğularla qarşılayaraq həmin kitabı maraqla gözləyəcəklərini deyiblər." Təqdimat mərasimində xüsusilə qadınların daha çox qatılmasından məmun olduğunu bildirən millət vəkili  Qənirə Paşayeva qadınların cəmiyyətdəki önəmini xüsusi vurğulayıb.  Onların cəmiyyətdə bütün sahələrdə daha da aktiv görmək istədiyini bildirib. 

Çoxlu sayda oxucuların iştirak etdiyi təqdimat imzalanma mərasimində millət vəkili Qənirə Paşayeva Azərbaycan, Azərbaycanla  Türkiyə arasında bütün istiqamətlərdə inkişaf edən əlaqələrlə bağlı fikirlərini söyləyib və oxucuları maraqlandıran sualları da cavablandırıb. Onları Azərbaycana dəvət edən millət vəkili Qənirə Paşayeva bir-birimizi daha yaxından tanımaq, sahiblənmək üçün qarşılıqlı ziyarətlət, bu cür tədbirlər çox önəmlidir deyib. İmzalanma mərasimində Bolu Ticarət və Sənaye odasının başçısı Türkel Ateş və Bolu rəsmiləri də iştirak ediblər.

Təqdim olunan  kitablar arasında bolular tərəfindən Qənirə Paşayevanın müəllifi olduğu şeir kitablarına maraq  daha  böyük  olub. Kitablarını kitabsevər üçün imzalayan Qənirə  Paşayeva onlarla xatirə şəkilləri də çəkdirib. Kitablarla bərabər Qənirə Paşayevanın şeirlərinə bəstələnmiş mahnılardan ibarət 5 musiqi albomu da musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb və təqdimat mərasiminə gələnlər müəllifin imzası ilə albomları da əldə edə biliblər.  Millət vəkili imza mərasiminə qatılan azərbaycanlı tələbələrlə də görüşüb və onlarla  söhbət edib.







 





29.10.2013    çap et  çap et