525.Az

Əmir Pəhləvanın 60 yaşı qeyd olunub


 

Əmir Pəhləvanın 60 yaşı qeyd olunub<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı, şair, dramaturq və kinorejissor Əmir Pəhləvanın (Hacılı Əmir Pəhləvan oğlu) anadan olmasının 60 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gecədə tədbirin aparıcısı Əməkdar incəsənət xadimi İlham Rəhimli çıxış edərək dramaturqun həyat və yaradıcılığından söz açıb.

Bildirib ki, 70 kitabın, 20 filmin, 2 teatr tamaşasının müəllifi olan ədibin 5 filmi ("Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız Qalası", "Bakı Nefti və Nobellər") xarici kinofestivalların qalibi və baş mükafatlarını qazanıb. Onun 15 kitabı Avropa, ABŞ və Türkiyədə, 20 kitabı isə Rusiya və Ukraynada çap edilib.

Tədbir çərçivəsində yubilyara Qazaxıstan Respublikasının sabiq Prezidenti Nursultan Nazarbayev, Ukrayna Yazıçılar İttifaqının sədri Mixael Sidorjevski və Rusiya Yazıçılar İttifaqının katibi Lidiya Dovıdenko tərəfindən ünvanlanan təbrik teleqramları oxunub.

Tədbirdə akademik Nizami Cəfərov, Xalq şairi Vahid Əziz, ədəbiyyatşünas alim Qurban Bayramov çıxış edərək yubilyarı təbrik edib, onun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndələrindən olan Əmir Pəhləvan Azərbaycan radiosunun "Cənub verilişləri" redaksiyasında "Gəncliyin səsi" proqramının yaradıcısı kimi fəaliyyətə başlayıb. O, "Baku", "Bakı axşam" və "Azərbaycan müəllimi" qəzetlərində müxbir işləyib, "İlham" qəzetinin təsisçisi və baş redaktoru olub.

Qeyd edilib ki, müxbir işlədiyi illərdə Azərbaycan mətbuatında təcrübəli publisist kimi tanınan Əmir Pəhləvanın "O ay bir də doğmayacaq" adlı ilk kitabı çapdan çıxıb. "Step LTD" kinoşirkətini təsis edən Ə. Pəhləvan şirkətin xətti ilə yaradılan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", "Şəhriyar", "Sivilizasiya beşiyi - Çin", "Tahirə" və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissoru olub. O, bu filmlərində tariximizin, taleyimizin maraqlı səhifələrini canlandırıb. Əmir Pəhləvan öz filmləri ilə beynəlxalq festivallara çıxaraq ölkənin kino sənətini bu və digər dərəcədə təmsil edib.

Gecədə Xalq artistləri Zabit Nəbizadə, Gülyaz Məmmədova, Əməkdar artist Gülüstan Əliyeva və bir sıra gənc müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilib.

Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

 





18.10.2019    çap et  çap et