525.Az

İngiltərənin gəzməli-görməli yerləri- Fotolar


 

İngiltərənin gəzməli-görməli yerləri- <b style="color:red">Fotolar</b>

Hər il 25 milyona yaxın turistin ziyarət etdiyi İngiltərəyə son illərdə Azərbaycandan səyahət edən turistlərin sayı dayanmadan artmaqdadır. Öz tarixi və mədəni irsi ilə diqqət cəlb edən bu ölkə həm də dünyanın ən böyük və inkişaf etmiş mərkəzlərindən biri olan Londona sahibdir.

Bəzən turistlər bir ölkəyə səfər etməzdən qabaq orada haranı ziyarət edəcəklərini yaxşı götür-qoy etmirlər və nəticədə bəzi diqqətəlayiq məkanları görmədən səfərlərini başa vururlar. Odur ki, yad əcnəbi ölkəyə səfər etməzdən əvvəl gəzinti ünvanlarını müəyyənləşdirmək vacibdir.

Bu məqalədə İngiltərənin əsas gəzməli-görməli yerləri haqqında məlumat verəcəyəm və ümid edirəm, gələcəkdə bu ölkəyə səfər edəcək həmvətənlərim üçün bu məqalə faydalı olacaqdır.

London

İngiltərənin səyahət üçün ən maraqlı şəhəri paytaxt Londondur. Xarici turistlərin sayına görə London dünyanın ən çox ziyarət edilən şəhərlərindən biridir.  Buraya səfər edən turistlərin ən çox görmək istədikləri məkanlardan biri Biq Bendir. Parlamentin yerləşdiyi Vestminister sarayının bir hissəsi olan Big Ben zəngli saat qülləsidir. O, həm də Britaniyanın fəxri və rəmzi sayılır. 

Bukingem sarayı Britaniya monarxlarının rəsmi London iqamətgahıdır. Monarx sarayda olarkən onun damında kral bayrağı dalğalanır. Sarayın aprel-avqust aylarında hər gün 11:30-da, ilin digər aylarında isə günaşırı keçirilən qarovuldəyişmə mərasimi ən çox diqqət cəlb edən və turistlərin ən maraqla izlədiyi fəaliyyətdir.

 

Britaniya muzeyi insanların tarix və mədəniyyətinə həsr olunmuş muzeyidir. Muzeydə insan mədəniyyətinin yaranışdan müasir dövrə qədər tarixi özündə əks etdirən dünyanın bütün qitələrindən gətirilmiş 8 milyondan çox nümunə toplanıb. Hal-hazırda Britaniya muzeyi 92000 kv. metr ərazini əhatə edərək dünyanın ən böyük muzeylərindən biridir. Muzey Misir, Yunanıstan və Roma, Orta Şərq, Avstraliya və Okeaniya, Asiya və s. bölmələrdən ibarətdir. Britaniya muzeyinin kitabxanasında 7 milyondan çox kitab, 105.000 əlyazma və 3 mindən çox papirus vardır.  Muzeyə giriş pulsuzdur.

London Ay Böyük Britaniyanın ən məşhur turist məkanlarından biridir. Hündürlüyü 135 metr olan attraksion Avropanın ən yüksək fırlanan əyləncə çarxıdır. Temza çayı sahilində yerləşən çarx il ərzində 3.5 milyon turist tərəfindən ziyarət edilir.

Londonun mərkəzində yerləşən ən böyük parklara Hayd park, Kensington bağları Ricents Park daxildir. Dünyanın ən böyük elmi zooparkı olan London Zooparkı Ricents parkda yerləşir. Mərkəzi Londonun yaxınlığında yerləşən daha kiçik Ceyms və Qrin parkları da füsunkar görünüşə malikdirlər. Hayd park, xüsusilə, idmanla məşğul olmaq üçün çox münasib məkandır.

Viktoriya və Albert muzeyi -  tətbiqi-sənət nümunələri baxımından dünyanın ən zəngin muzeyi sayılır. Muzeydə bir neçə qalereya mövcuddur. Şərqi Asiya və İslam ölkələri mədəniyyəti nümunələri Şərq zalında nümayiş olunur. Qeyd edim ki, Şərq zalı muzeyin əhəmiyyətli zallarından biridir, burada 160 min eksponat var. Muzeydə saxlanılan xalq sənət nümunələrimiz içərisində ən görkəmli yeri Azərbaycan xalçaları tutur. Bunları öz bədii və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölmək olar: birinci qrupa XVI əsr Təbriz xalçaları, ikinci qrupa XVI-XIX əsrdə toxunmuş Quba-Şirvan, Gəncə-Qazax və Qarabağ xalçaları daxildir. Muzeydə nümayiş etdirilən Təbriz xalçaları içərisində 1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuş və elm aləmində "Şeyx Səfi" adı ilə məşhur olan xalını xüsusilə qeyd etmək lazımdır.

Madam Tüsso dünyanın ən məşhur şəxslərinin - dünya ulduzları, siyasətçilərin mum heykəllərindən ibarət muzeyidir. Muzeydə Britaniya kraliçası II Yelizavetanın heykəli ilə yanaşı, Arnold Şvartsenegger, Adolf Hitler, Çarli Çaplin və s. şəxlərin mum fiqurlarına rast gələ bilərsiniz.

Bölgələr

Leyk Distrikt (ing. “Lake District”) şimal-qərbi İngiltərədə yerləşən milli parkdır. Bura özünün füsunkar və valehedici təbiəti ilə zəngin gölləri, meşələri və dağları ilə məşhurdur. Leyk Distriktdəki Uindermir (ing. “Windermere”) İngiltərədə yerləşən ən böyük təbii göldür və sahilində Uindermir, Embsay (ing. “Ambleside”) və Bouness (ing. “Bowness”) kimi turist şəhərləri yerləşir. Park il ərzində 15 milyondan çox turist qəbul edir. Burada hər il 600-dən çox tədbir təşkil olunur, ona görə Parkda nə vaxt olmanızdan asılı olmayaraq həmişə maraqlı tədbirlərin iştirakçısına çevrilmək imkanınız olacaq.

Alton qalaları Staffordşirdə yerləşən kurort və parkdır və bir növ İngiltərənin “Disneylend”didir. 2011-ci ildə buranı 2 milyondan çox turist ziyarət etmişdi. Belə ki, turistlərin çoxluğuna görə park Böyük Britaniyada 1-ci, Avropada 9-cu yeri tutur.

Çester zooparkı Avropanın ən qabaqcıl zooparklarından biridir. Zoopark öz böyüklüyü, tərtibatı, bağlarının gözəlliyi ilə dünyadakı başqa zooparkların inkişafına və üslubuna böyük təsir göstərib. Bura Britaniyada ən çox ziyarət edilən zooparkdır və 2007-ci ildə turistlərin sayı 1,3 milyona çatmışdı. Elə həmin il o, “Forbes” tərəfindən dünyanın ən yaxşı 15 zooparkı siyahısına salınmışdı. Zooparkda 11000-ə qədər heyvan yaşayır.

Bat (ing. “Bath”) - Cənubi-qərbi İngiltərədə Somerset vilayətində yerləşən şəhər İngiltərənin ən mühüm turizm mərkəzlərindən biridir. 1987-ci ildə şəhərin beynəlxalq mədəni əhəmiyyəti nəzərə alınıb və o, YUNESKO tərəfindən “Dünya Miras Mərkəzi” kimi seçilib. Bu hadisədən sonra buraya gələn turistlərin sayı daha da artmış və illik 3.8 milyona çatmışdır. Əsası Romalılar tərəfindən qoyulan şəhərin məxsusiliyi burada yerləşən təbii termlər, valehedici arxitektura və parklardır.

İngiltərənin sadalananlardan daha çox gəzməli-görməli məkanları vardır. Burada sadəcə onların bir qisminə yer verildi. Ümid edirəm, paylaşdığım məlumatlar İngiltərəyə səfəriniz zamanı sizlər üçün faydalı olacaqdır!

 

Nigar Dadaşzadə
Aberdin Universitetinin məzunu

 





30.10.2013    çap et  çap et