525.Az

İqtisadiyyatın bundan sonra qeyri-neft sektoru hesabına inkişafı əsas prioritetdir


 

İqtisadiyyatın bundan sonra qeyri-neft sektoru hesabına inkişafı əsas prioritetdir <b style="color:red"></b>

Azərbaycan iqtisadiyyatının inkişafı dinamik xarakter alıb. Son günlər aparılan islahatlar, o cümlədən, kadr dəyişiklikləri də göstərir ki, iqtisadi sahədə daha böyük nəticələrə nail olmaq hədəflənib.

Eyni zamanda, həm iqtisadi, həm digər sahələrdə daha böyük nailiyyətlər qazanmaq üçün ölkədə bütün istiqamətlərdə şəffaflığın təmininə diqqət artıb. Bir sözlə, Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar dayanıqlı iqtisadi inkişafın, ölkədə şəffaflığın, əlverişli biznes mühitinin təmin edilməsi, inkişafı əngəlləyən neqativ halların aradan qaldırılması məqsədini daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəl Şahin Mustafayevi baş nazirin müavini,  sonra isə Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunmaları ilə əlaqədar qəbul edərkən görülmüş işlərə toxunub, qarşıya yeni vəzifələr qoyub. Dövlət başçısı Azərbaycanın strateji hədəfləri, prioritetləri barədə danışaraq, Nazirlər Kabinetinin qarşısında duran vəzifələri və önümüzdəki dövrdə iqtisadi dayanıqlığı daha da gücləndirmək üçün icrası vacib olan vəzifələri göstərib.

Məlumdur ki, bu gün daha çox diqqət qeyri-neft sektorunun inkişafına yönəlib. Həmçinin, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi vacibdir ki, bu sahədə də bir çox zəruri addımlar atılmalıdır.

Qarşıya qoyulan məsələlər sırasında kölgə iqtisadiyyatına qarşı mübarizənin mütəşəkkil xarakter alması, inhisarçılığa qarşı çox ciddi mübarizənin aparılması da var.

Əldə ediləcək nəticələr isə heç şübhəsiz ki, dövlət başçısının dediyi kimi, xalqın mənafeyinə, daha yaxşı yaşamasına, sosial rifahının atmasına yönəldiləcək.

Xatırladaq ki, vergilər sahəsində də müsbət göstəricilər var. Bu il Vergilər Nazirliyi plandan əlavə 350 milyon manatdan çox vəsait toplayıb ki, bu da şəffaflığın təzahürüdür. Bu vəsait isə il ərzində daha geniş və ciddi sosial paket icra etmək imkanı verdi.  Yəni dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən faydalanıb, minimum əməkhaqqı təxminən iki dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdədir, amma orta pensiyanın səviyyəsinə görə üçüncü yerdədir. Bu, doğrudan da çox böyük sosial təşəbbüsdür.

Mövzu ilə bağlı fikirlərini açıqlayan iqtisadçı ekspert Pərviz Heydərli deyib ki, bundan əvvəl, yəni oktyabrın 15-də dövlət başçısının yanında keçirilən iqtisadi müşavirədə ölkədə bu ilin əvvəlindən etibarən reallaşdırılan islahatların uğurlu nəticələr verməsi ilə yanaşı, daha da irəli getməyə mane olan və hətta, əldə olunmuş nəticələrə xələl gətirə bilən sədlərin mövcudluğu barədə də fikirlər səsləndi.  Təkcə cari ilin əvvəlindən bəri dövlət büdcəsinə 100 milyonlarla manat əlavə vəsait daxil olduğunu deyən ekspert vurğulayıb ki, ölkədə kölgə iqtisadiyyatına qarşı həyata keçirilən tədbirlər, vergi siyasətindəki yeniliklər büdcə gəlirlərində artımlar yaradıb, iqtisadiyyatda böyük kəskin keyfiyyət dəyişiklikləri baş verib.

"Başqa sözlə desək, intensiv dəyişikliklər baş verib və verir. İlin ortasında dövlət büdcəsi keyfiyyətcə yeni formada dəyişdirildi ki, təkrar edirəm, dövlət büdcəsindən DSMF-ə ayrılan vəsaitin 150 milyon manat azaldılması ilk dəfə baş verdi. Sözün qısası, həmişə dediyim kimi, sosial maliyyələşdirməni həm üfüqi, həm də şaquli istiqamətdə ardıcıl genişləndirmək və artırmaq üçün, dövlət büdcəsinə gəlirlərdə şəffaflıq yaratmaq, gizli gəlir mənbələrini aşkarlamaq və mədaxilin ardıcıl templə yüksəlməsini təmin etmək başlıca hədəf seçilməlidir. Əhalinin maddi rifahını fasiləsiz olaraq yaxşılaşdırmaq sağlam maliyyələşdirmə tələb etdiyindən, "donor mənbələri" işə yaramır. Bu sahədə təkcə neft və qaz gəlirləri hesabına nəyəsə nail olmaq mümkün deyil və ola da bilməz.


Odur ki, irimiqyaslı sosial paketin icrası üçün iqtisadiyyat sağlam olmalı və bütün növ gəlir mənbələri üzrə mənzərə şəffaf, leqal, aşkar və stimullaşdırıcı xarakter kəsb etməklə, kölgə amillərinin yaranması və təşəkkül tapması üçün ortada heç bir zəmin mövcud olmamalıdır", -deyə P.Heydərov əlavə edib.

O xatırladıb ki, 2018-ci ildə "kö

lgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılması istiqamətində görülən işlər nəticəsində iri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon, özəl tibb müəssisələrində 230 milyon manat vəsait aşkar olunaraq dövlət büdcəsinə daxil edildi. Bunlar hələ vergi yoxlaması nəticəsində ortaya çıxandı: "Ümumiyyətlə, vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini gözlənildiyindən də daha tez və yüksək nəticədə verdi və verməkdə də davam edir ki, gömrük və vergi orqanları tərəfindən cari ilin 9 ayında (yanvar-sentyabr aylarında) büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil edilib. Prezident demişkən, bu, bir daha onu göstərir ki, nə qədər böyük ehtiyatlarımız var. Ona görə də, şəffaflıq prinsiplərinin genişmiqyaslı tətbiqi və iqtisadiyyatı idarəetmə mexanizminin yeni modelinə keçid sahəsində islahatların bundan sonra da davam etdirilməsi fasiləsiz xarakter daşımalıdır”.

Ekspert Azərbaycan hökumətinin indiyədək vergi yükünün azaltmaq istiqamətində bu və ya digər formada bir çox tədbirlər həyata keçirdiyini və ümumilikdə dövlətin vergi siyasətinin stimullaşdırıcı xarakter daşıması üçün çox işlər görüldüyünü deyib: "Lakin bununla belə, mövcud vergi siyasətinin hətta cari ildəki dəyişikliklərdən sonra da belə iqtisadiyyatın inkişafı üçün stimullaşdırıcı xarakter daşıdığını söyləmək hələ tezdir".

Millət vəkili Aydın Hüseynov isə deyib ki, Prezident İlham Əliyev keçirdiyi qəbullarda çox açıq mesajlar verdi və ötənilki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışında Azərbaycanda başlanılan yeni islahatların əsas istiqamətlər üzrə hədəfləri elan etdiyini vurğuladı: "İslahatların əsas hədəflərindən biri də dövlət qurumlarının fəaliyyətinin yeni dövrə, çağırışlara uyğun qurulmasıdır. Yeni çağırışlar nədir? Yeni hədəflər bürokratik idarəetmədən uzaqlaşmaqdır, şəffaflıqdır, köhnə məmurçuluqdan əl çəkməkdir, vətəndaşa xidmət etməkdir, yeniliyə uyğunlaşmaqdır".

Deputatın sözlərinə görə, təəssüf ki, dövlət orqanlarında olan bəzi vəzifəli şəxslər iqtisadi və sosial sahədə bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olurlar, islahatlara qarşı çıxış edirlər: "Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə hökumətin işinə əngəl törətmək istəyirlər. İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar. Ona görə də, köhnə təfəkkürə malik bu adamlarla sürətlənən islahatlar kursunda bərabər addımlamaq mümkün deyil, artıq yeni komandada onlarla davam edilə bilməz. Dövlət başçısı da konkret və qəti xəbərdarlıq etdi, bütün dövlət məmurları artıq dərinləşdirilən bu islahatların ruhuna uyğun işləməlidirlər. Əgər bacarmırlarsa, belə adamlarla bir yolun yolçusu ola bilmərik.

Azərbaycan İlham Əliyevlə yeni davamlı uğurların və uzunömürlü xoşbəxt gələcəyin astanasındadır. Reallıq bundan ibarətdir ki, Azərbaycan həqiqətən zəngin bir ölkəyə çevrilmək mərhələsinə daxil olub. Yeni iqtisadi idarəetmənin və şəffaf iqtisadiyyatın qurulması Azərbaycanın yaxın illərdə yüksək inkişafa və keyfiyyətli həyat şəraitinə çatmasına imkan verəcəkdir. Respublikamızda qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanı yaxın onillikdə qeyri-neft məhsullarının ixracatçısı kimi dünyada böyük nüfuza malik olmasını təmin edəcək. Qarşıdakı illərdə demokratik cəmiyyətin, liberal bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin yeni müstəvidə və modern mərhələdə gücləndirilməsi, neft gəlirlərinin məqsədyönlü idarə olunması və birbaşa insan amilinə, yəni intellektual kapitala yönəlməsi, qeyri-neft sahələrinin innovativ iqtisadiyyatın baş xəttinə çevrilməsi, kiberinformasiya cəmiyyətinin formalaşdırılması, ən yeni kreativ texnologiyaların meydanının genişləndirilməsi də cənab İlham Əliyevin hədəflədiyi sahələrdir".

Hüquq müdafiəçisi Sahib Məmmədov isə deyib ki, istər əhalinin rifah halının yaxşılaşdırmasına yönəlmiş sosial islahatlar, istər kadr islahatları, istərsə də digər sahələrdə aparılan islahatlar barəsində Prezident İlham Əliyev hələ prezidentliyə namizədliyini irəli sürərkən ölkədə əsaslı və kardinal dəyişikliklər aparılacağını və islahatların sürətlə davam edəcəyini demişdi.  S.Məmmədov bildirib ki, cənab Prezident 2018-ci il aprel ayında yenidən ölkə prezidenti seçiləndə ilin sonuna qədər bu proqramlar hazırlanmağa başlayıb, hesablamalar aparılıb. "İlin əvvəlində bank problemi ilə bağlı böyük dəyişikliklər edilməsi, minimum əmək haqları və pensiyaların minimum miqdarının artırılması kimi proseslər baş verib və demək olar ki, il boyu kadr islahatları davam edib".

O vurğulayıb ki, bildiyiniz kimi, əvvəlcə hüquq-mühafizə orqanlarında uğurlu təyinatlar olub: "Son təyinatlarda həm kadr islahatı, həm də idarəetmədə islahatlar var. Nazirliklərin, xüsusən fiksal sahədə siyasət aparan nazirliklərin birləşdirilməsi də özlüyündə struktur islahatıdır. Eyni zamanda, Baş nazirin müavinlərinin əvəzlənməsi, bunun ardınca Prezident Administrasiyasının rəhbərinin xahişinə baxılaraq onun istefasının qəbul olunması və s. bunlar hamısı ciddi islahatların tərkib hissəsidir. Biz əlbəttə, bunu görürük və bir qədər də təəccüblənirik, lakin bu islahatlar əvvəlcədən planlaşdırılıb. İslahatların dərinləşdiriləcəyi barədə vədlər verilib. Prezident tərəfindən və onlar həyata keçirilməkdədir. Mən hesab edirəm ki, bu islahatlar davam edəcək. Yalnız struktur, kadr və sosial islahatlar sahəsində yox, eyni zamanda bizim həyatımızı əhatə edən digər sahələrdə, də islahatlar var və onlar dərinləşdiriləcək. Biz yəqin ki, yaxın günlərdə nəinki kadr, struktur, sosial reformlar sahəsində, digər sahələrdə bu kimi islahatların aparılacağının şahidi olacağıq".

PƏRVANƏ

 





25.10.2019    çap et  çap et