525.Az

Tanıyaq və tanıdaq: Azəryar Danişvər


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Azəryar Danişvər </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad
Filologiya elmləri doktoru

Azəryar DANİŞVƏR

1971-ci ildə Təbrizin Hesar məhəlləsində doğulub.

Təhsil almaq üçün məktəbə getdiyində müəllimləri ona və sinif yoldaşlarına bütün dərsləri yalnız fars dilində keçib, fars dili və ədəbiyyatını öyrədiblər.

Məktəbə getməzdən öncə isə türkcə yazıb-oxumağı atasından öyrənib mənimsəyib, bir çox şairlərin şeirlərini əzbərləyib.

Şeir oxumağı və oxuduğu şeirləri əzbərləməyi çox sevdiyindən, getdiyi yerlərdə hamıya şeir oxuyub.

Təbrizdə xalq və sənətkarlar tərəfindən düzənlənən musiqi tədbirlərinin bir çoxunun aparıcısı olmaq ona həvalə edilib. Beləliklə də kitab ola bilməyən şeirlərini səhnələrdən xalqına canlı-canlı çatdırıb. Azəryar insanların qulağına xoş gələn məlahətli səsini də Tanrının neməti sayır. Bu səs onu canlı şeir kitabı kimi yaşamağa doğru çəkir və bulunduğu hər yerdə insanlara sevə-sevə şeir oxumaqla Vətənə olan övladlıq borcumu ödəməyə çalışır...

Ssenari, pyes, şeir,eləcə də mahnı sözləri yazmaq və aparıcılıq etmək onun illər boyu əsas fəaliyyəti, həm də ən sevimli məşğuliyyəti olub. Bütün qadağanlara rəğmən səhnədə saysız-hesabsız çıxışları olur, qələmə aldığı ssenarilər teatr səhnəsində tamaşalara dönüşüb. Təbriz televiziyası üçün bir neçə serial (dizi) mətni yazıb. İctimai motivli şeirləri ona böyük ədəbi hörmət qazandırıb.  

Lalam mən

Yenə payız şəhərimə çəkdi rəng,
İl başladı, mədərsələr çaldı zəng,
Haray gəldi mədrəsədən dəng-dəng,
Çantamı mən götürmüşəm əlimdə,
Eyvay, yenə dilim qaldı evimdə...
Dərs verilir dünyanın hər yerində
Uşaqlara öz ana dillərində...
Hərə oxur öz baba tarixində
Mən də burda özgə dildə ağlıram.
Dəftərimi tərsədən varaqlıram,
Ey vay, indi dilim evdə darıxır.
Bu sayqısızlıq onu hətmən sıxır,
Tez-tez divardaki saata baxır
Yolumu gözləyir evə qayıdım,
Yatmış dilimi yuxudan ayıldım.
Yenə bu gun suya deyəcəyəm “ab”,
Necə verəcəyəm dərslərə cavab?!
Titrəyəcək əlim, düşəcək kitab,
Uşaqlar hay çəkib güləcək mənə,
Döyünəcək kiçik ürəyim yenə...
Evdə anam səslər ay dilli balam
Yazıq bilmir mədrəsədə mən lalam
Elə ancaq dərslərdə iyirmi alam.
Yoxsa nə mən mənəm, nə də mədrəsəm,
Niyə gərək indi belə tələsəm?
Film kimi o günü görrəm hərdən,
Əvvəl günü düşdü dilim dəyərdən,
Atalara “pedər” deyildi birdən,
Mənim dilim oldu gülmək ağacı,
Hər bir şeyi öyrənirəm qıyqacı.
Ana oldu “maadər”, yuxu oldu “xab”,
Hər sözümə tərsədən aldım cavab,
Başlandı fikrimdə o gündən əzab.
Anam yalançıdır, yoxsa müəllim?!
Doğrusunda hansıdır mənim dilim?!
Bu gündə başladı yenə mehrayı,
Bu ildə bilirəm hər ilin tayı,
Əzab çəkib gözləyəcəyəm yayı.
Yayda bəlkə danışım öz dilimdə...
Eyvay, yenə dilim qaldı evimdə!
Dərd bir olsa, iki olsa dözərəm!
Qarşımda yol dəniz olsa üzərəm,
Ceyran olub dağ-dərəni gəzərəm,
Amma deyənmərəm özgəyə ana!
Önümdə öz anam od tutub yana!
Mənim anam “madər” deyil, anadır,
Hamı dil bir yana, o, bir yanadır,
Fəxri dünyalara,nə İranadır...
Nədən yasaq olub mənim öz adım?!
Niyə çatmır elə, səsim, fəryadım?!
Qolçaq kimi köklənibdir müəllim,
Ayağımı bağlır mənim öz əlim!
Susub baxır buna mehriban elim.
Bir də Nəsimi soyulur dəridən
Ayaq deyil, dildi bizi yeridən!
Azəryaram, öz dilimə bağlıyam,
Yeri vardır, vay deyəm, qan ağlıyam,
Bu dərdə mən bir ömürdür dağlıyam.
Odda yanır ayım, günüm, ilim də!
Eyvay, yenə dilim qaldı evimdə!

Nə sən məni başa sal, nə də mən səni! 

Nə sən məni başa sal, nədə mən səni!
Ömrümüz heçinə sürülər, saatımız boşuna işlər,
Ürəyimiz yersiz döyünər, yaşımız artar səbəbsiz!
Gözümüz boş yollarda itər.
Nə sən məni başa sal, nədə mən səni! 
Başa düşmək istəmirik biz! 
İştə budur bizim dərdimiz! 
Axtarma kitabları, tarixi didim-didim etmə,
Başqa qapıları döymə, başqa yerlərə getmə!
Biz başa düşmək istəmirik!
Nə sən məni, nə mən səni, nə də biz heç kimsəni!
İştə budur bizim dərdimiz!
Bax!... Dərdimizi də tapdıq, dərmanını da.
Nə rahat, nə də zəhmətsız!
Hanı, deyirdin dərdimizin dərmanı yoxdur bizim,
Al! Bu da sənə dərman...
Yetər ki, nə sən məni başa salasan, nə də mən səni!
Nə sən məni dindirəsən, nə mən səni!
Heç olmasa, qoy beləcə, təkliyimizin cilvəsi olsun! 
Heç olmasa, qoy baxanlar başa düşsün 
Bizi, dərdimizi!
Qoy nə qədər yalqız olduğumuz görünsün,
Qoy sökülsün pərdəmiz!
Abrımız tökülsün! Açılsın gizlinlərimiz!
Bilınsin hər nəyimiz, əlimiz oxunsun!
Görünsün qəmimiz!
Biz də başa düşməsək, qoy barı özgələr başa düşsün,
Bilinsin hər nəyimiz!
Başa düşsünlər bizi, biz ki, başa düşmərik,
Nə sən məni!  Nə mən səni!
Nə də biz heç kimsəni!..
Kaş inansaydım  o gün! 
Bir gün o keçmişdi buralardan...
O dedi, mən inanmadım,
Sonra başıma gəldi.
Bu gün də sən inanmırsan!
Sabah da sən keçərsən buralardan,
Kaş sənə inanan olsun!
Ümid bu imiş demək!

Bağışlama məni

Nə sən məni bağışla, nə də mən kimsəni!
Gəl heç nədən vaz keçməyək!
Nə sən mənim günahımdan, nə də mən kimsənin!
Qoy öfkələr bizi əlinə alsın!
Qoy əlimizdə bir şey olsun birbirimizdən!
Sən məndən suç axtar, mən də başqalarından!
Beləcə unudarıq bütün qəmlərimizi,
Unudarıq ruhumuzu hər gün döyən fikirlərimizi!
Nə sən məndən keç , nə də mən kimsədən!
Həp ürəyində öfkə , həp ürəyində nifrət bəslə mənə!
Mən o nifərtə alışqanam, tanıyıram o acı baxışları!
Köksünə dolub boşalan o bezmiş nəfəs səsini!
Mən dəfələrcə onu yaşamışam
Anamın atama qarşı  olan öfkəsində!
Suratımda ona atamı əks etdirən taleyimdə.
Hər kışiləşdiyimdə, məndən izinsiz,
Sifətimdə cöcərən şüyüd-şüyüd  buğ saqqalımda.
Mən o öfkənin huzurunu tanıyıram
sənin kövrək , ası mələk ruhunda.
Bir an belə qadınsal duyğularına qapılma!
Amandır, bağışlama məni!
Nə sən məni xoş dindir, nə də mən heç kimsəni!
Al bütün incikliklərinin öcünü məndən,
incit mənim gic ruhumu!
Qır, dağıt!  Məni sənə heyvan kimi göstərən
xəbərsiz kobud qürurumu!
Mən əbədi günahkaram,
Sənin əbədi, məzlum, üsyankar məhkəməndə!
Mən sənin hər bacı-bacı pıçıltılarında,
Başqa qadınlarla hər dərdləşməyində,
Məndən bezdiyində, atan evinə qaçdığında,
Atanın kişiliyində yaşayıram genə mən!
Yaşatma məni! Axı, mən bir an dayanmadan,
usanmadan, utanmadan,
Suç işləyirəm sənin dərgahında!
Hər kişisəl yorğunluğumu evə gətirdiyimdə!
Sənin ruhuna qəfəs sayılan
dörd divarın qapısından hər girdiyimdə!
Oturar-oturmaz çay gözlədiyimdə!
Yeriklədiyini də  bilməyə-bilməyə... 
Bağışlama məni! 
Rəngini unütduğum corabımı, səndən istədiyimdə!
Səni çimçəşdirdiyimdə!
Sən doğum ağrısı çəkə-çəkə,
Mən adımı qoruyacaq oğul gözlədiyimdə!
Ana olduğunu təbrik demədiyimdə!
Ana nədir?  Qadın nədir ? Qız nədir?
Dərk etmədiyimdə, bilmədiyimdə!
Saqın bağışlama məni!
Sən məni qızcığaz xəyalının qurduğu kimi,
Sevdiyin kimi, istəyəndə,
Mən olduğum kimi, öyrəndiyim kimi gəldim.
Mən daş oldum, sənin pambıq qucağında,
Mən yaş həvəsini öldürməyə tələsən
Kobud soyuq buz oldum atəşli incə dodaqlarında!
Sən məni düşündün, mən höyüşnələrimi!
Sən mələk oldun sevgi otağında,
Mən yırtıcı bir heyvan kimi, Sənin insan yatağında!
Sən sükut oldun, mən bağırtı!
Sən əlindən suyu həmən buraxıb yanıma gələn,
Mən həmən su gözləyən çağırtı!
Sən canımı tumarladın bilə-bilə!
Mən ruhunu diddim, Bilməyə-bilməyə!
Mən kefli olanda, sən kefsiz oldun!
Mənim yorğunluğum çıxdı sənin varlığında,
Sən yoruldun mənim ağırlığımda!
Bax, necə kobudam, necə xəbərsizəm mən!
Sakın keçmə günahımdan, bağışlama məni!
Mən bağışlanası deyiləm!
Məni sevindirməyə qalxıb, sakın bağışladım da demə!
Mən tez inanaram, təmizə çıxaram içimdə!
Unudaram qat-qat keçmişimi!
Çünki mənim gunahkar görünməyə dözümüm yoxdur!
Bağışlama məni!
Sən məni bağışlarsan, ədalətın qol-budağı qırılar,
Basılan haqqın unudular!
Sən məni bağışlama, bəlkə daha insanlar
Heç bağışlamadılar bir-birini! 
Bağışlama məni! 
Və beləcə, Bəlkə qurtuldu,
ədalətsizliyin əlindən bu dünya!
Hər şeyi xatırla... birər-birər,
Yada sal hər nəyi, yaz dəftərinə!
Haqqında olan bütün zülümləri!
Qıran- qıran hesab elə!
Qələmdən salma birini belə!
Heç bir kimsəyə bir qıran bağışlama!
Onlar sənin güvənə biləcək təkcə varlığındır cibində!
Bu payızın sonuna qədər darıxma! 
Cücələr sayılacaq deyirlər...
Yazıq o adamların halına ki, heç zülüm görməyiblər.
Bu səfər daha ədalət olacaq.
Bu səfər güclülər deyil, ən gücsüzlər qazanacaq 
Edilən hər zülüm, görülən hər sitəmdən çıxılacaq!
Yerdə qalan nə varsa, yaşın sayısına çarpılacaq!
Bir də təkbaşına çəkdiyin ahlar,
Zamansız ağaran saçların,
Baş ağrıların, bel sancıların,
Bitməz zarıltıların əlavə olacaq ona! 
Və bu sənin qazancın olacaq həyatda!
Qazanacaq qız, qadın, ana!...
Daha məni bağışlama!
Bir qıranından belə keçmə!
Qazancı düşün! Gələcəyini düşün!
Bağışlama məni!
Mən bağışlanası deyiləm!
Həp ürəyində öfkə, həp ürəyində nifərt bəslə mənə!
Mən o nifrətə alışqanam,
Tanıyıram o acı baxışları!
Köksünə dolub boşalan o bezmiş nəfəs səsini!
Mən dəfələrcə onu yaşamışam
Anamın atama qarşı  olan öfkəsində!
Suratımda ona atamı əks etdirən taleyimdə.
Hər kışiləşdiyimdə, məndən izinsiz,
Sifətimdə cöcərən şüyüd-şüyüd  buğ saqqalımda.
Mən o öfkənın hüzurunu tanıyıram
sənin kövrək, ası mələk ruhunda...

 





25.10.2019    çap et  çap et