525.Az

İslahatlar davam edir


 

PREZİDENT İLHAM ƏLİYEVİN SƏRƏNCAMLARI İLƏ RAMİZ MEHDİYEV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ, BİR NEÇƏ MÜHÜM DÖVLƏT QURUMU BİRLƏŞDİRİLDİ VƏ RƏHBƏRLİYİNƏ MİKAYIL CABBAROV GƏTİRİLDİ

İslahatlar davam edir<b style="color:red"></b>

Prezident İlham Əlliyev hakimiyyətdə islahatları davam etdirir.

Oktyabrın 23-də dövlət başçısının sərəncamı ilə Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. Digər sərəncamla Ramiz Mehdiyev "Heydər Əliyev" ordeni ilə təltif olunub. Bu münasibətlə İ.Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona ordeni təqdim edib. Prezidentin digər sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilib.

Dövlət başçısının digər sərəncamları ilə Mikayıl Cabbarov vergilər naziri vəzifəsindən azad olunuraq iqtisadiyyat naziri təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Fərmanla müəyyən olunub ki, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.

Fərmanda bildirilib ki, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirəcəklər. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Fərmanla İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilib:

İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar).

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti.

İqtisadiyyat Nazirliyinin regional bölmələri.

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edib.

Prezident İlham Əliyev deyib: "Mən qərara gəldim ki, sizi İqtisadiyyat naziri vəzifəsinə təyin edim. Siz müxtəlif vəzifələrdə, o cümlədən, İqtisadiyyat Nazirliyində nazir müavini vəzifəsində çalışmısınız, Təhsil naziri, Vergilər naziri kimi fəaliyyət göstərmisiniz. Xüsusilə sizin Vergilər naziri kimi fəaliyyətinizi qeyd etməliyəm. Aparılan islahatlar nəticəsində vergilər sistemində şəffaflıq təmin edilir, biznes dairələri üçün vahid qaydalar tətbiq olunur.

Azərbaycanda sahibkarlığın inkişafı üçün vergilər stimulverici rol oynayır və nəticələr də göz qabağındadır. Bu il Vergilər Nazirliyi plandan əlavə təqribən 350 milyon manatdan çox vəsait toplayıb və əlbəttə ki, bu, şəffaflığın təzahürüdür. Təbii ki, bu vəsait bizə bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verdi.

Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışmışam, müvafiq göstərişlər vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən, siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır.

Biz indi dünyada gedən proseslərə diqqətlə baxırıq və görürük ki, hansı ölkələr iqtisadi cəhətdən başqa ölkələrdən, yaxud da beynəlxalq maliyyə qurumlarından asılıdırsa, o ölkələr müstəqil siyasət apara bilməz, o ölkələr bir növ böyük ölkələrin girovuna, alətinə çevrilir. O ölkələrin hökumətlərini bəzi hallarda öz xalqına, öz milli maraqlarına görə istifadə etmək üçün onlara təzyiq edilir və onlar bu təzyiqə davam gətirə bilmir. Bizə də təzyiq göstərilir və mənim Prezident kimi fəaliyyətimin bütün dövrlərində göstərilən təzyiqlə üzləşmişik. Ancaq buna davam gətirə bilmişik, müqavimət göstərmişik, öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq. Son müddət ərzində keçirilən rəy sorğuları göstərir ki, bizim hökumətimizə ictimai dəstək nə qədər yüksəkdir. O cümlədən, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında, - mən bunu səsləndirdim, - hakimiyyətə olan inam baxımından biz dünya miqyasında ön sıralardayıq. Ona görə iqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır.

Bizim iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir. Bu, təbiidir. Bu, demək olar ki, neft-qazla zəngin olan bütün ölkələrdə müşahidə edilən mənzərədir və bu, faktdır. Bəzi hallarda bunu mənfi amil kimi yozurlar. Mən bunu mənfi amil kimi qəbul edə bilmərəm, çünki məhz neft-qaz sektorunun inkişafı hesabına biz böyük infrastruktur layihələri icra etmişik, neft-qaz sektorunun gəlirləri hesabına biz 300 mindən çox köçkünü yerləşdirmişik, biz ordumuzu gücləndirmişik, biz böyük sosial layihələri icra etmişik. Əgər bizdə neft-qaz sektoru olmasaydı, yaxud da ki, bu sektoru inkişaf etdirməsəydik, biz nəyin hesabına inkişaf edəcəkdik? Guya kimsə bizə gəlib arxa mı duracaqdı? Hansısa ölkə, yaxud da ki, beynəlxalq maliyyə qurumu bizə köməkmi göstərəcəkdi?"

Prezident bildirib ki, bizim iqtisadiyyatımız dayanıqlı olmalıdır: "İndiki iqtisadi artım templəri məni qane etmir. Düzdür, bunun obyektiv səbəbləri var. Hazırda neftin hasilatının bir qədər aşağı düşməsi nəticəsində ümumi daxili məhsulda müəyyən dərəcədə yavaşıma var. Ancaq doqquz ayda ümumi daxili məhsul 2,5 faiz artıb, amma qeyri-neft sektorunda 3,5 faiz. Hesab edirəm ki, bu, pis göstərici deyil. Ancaq bizi qane etmir. Düzdür, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bu, çox müsbət hallardır. Ancaq biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır.

İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən, kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər.

Əsas vəzifələr bundan ibarətdir. Deyə bilərəm ki, islahatlar yaxşı nəticələr verir. Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alındı. Yəni bu, nə deməkdir? Yəni bu yüz min insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi. Onlar zərflərdə maaş alırdılar. Bəzi hallarda onlara yazılan aşağı maaş reallığı əks etdirmirdi. Bu, bizim iqtisadiyyatımızı təhlükə altına qoyur. Bir də ki, bu insanlar gələcəkdə pensiyaya çıxacaqlar. Bəs onların pensiya haqqı nəyin hesabına hesablanacaq? Ona görə mən, o cümlədən, muzdla işləyən vətəndaşlara da üz tutub deyirəm: bu işlərə baş qoşmayın. Əgər hansısa sahibkar sizə tutaq ki, 500 manat maaş verirsə və onun 250 manatını rəsmi qaydada verirsə, siz buna razı olmayın. Çünki sabah pensiya almayacaqsınız. Sosial sığorta problemi olacaq. Biz indi icbari tibbi sığortaya keçirik. Orada da problem yaranacaq. Əlbəttə ki, burada nəzarət daha güclü olmalıdır. Hesab edirəm ki, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə bu iş yerlərini, o cümlədən, o sahibkarların fəaliyyətini biz kölgədən çıxarırıq. Bu iş yerlərinin 80 faizi qeyri-neft sektorunda qeydiyyata alınıb. Hələ ki, ən azı on minlərlə insan indi demək olar ki, bir növ kölgə iqtisadiyyatında fəaliyyət göstərir.

Ona görə bu sahə çox ciddi diqqət tələb edir, çox ciddi addımlar atılmalıdır. Əminəm ki, İqtisadiyyat Nazirliyi bu məsələnin öhdəsindən gələcək. Ümumiyyətlə, bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir. Buna nail olmaq üçün son illər böyük işlər görülüb, sənaye zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunur. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir. Ancaq bütün bu işləri biz, ilk növbədə, biznesin inkişafı prizmasından həll etməliyik. Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz.

Eyni zamanda, haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Mən bilirəm, sizə nazir kimi, xüsusilə Vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmişiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək.

Ona görə sizin qarşınızda çox böyük vəzifələr dayanır. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı bizim üçün hazırda əsas prioritet məsələdir. Dediyim kimi, bu, imkan verəcək ki, biz sosial sahəyə daha böyük vəsait ayıraq".

 





25.10.2019    çap et  çap et