525.Az

“Qoşulmama Hərəkatına üzv dövlətlərin bəziləri işğaldan əziyyət çəkir”


 

“Qoşulmama Hərəkatına üzv dövlətlərin bəziləri işğaldan əziyyət çəkir”<b style="color:red"></b>

"Azərbaycanın sədrliyi dövründə Pakistan Qoşulmama Hərəkatına dəstəyini əsirgəməyəcək".

APA-nın məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünün debat müzakirələrində Pakistan Prezidenti Arif Alvi deyib.

O bildirib ki, dünyada baş verən geosiyasi dəyişikliklər təxirəsalınmaz tədbirlər görməyi vacib edir.

“Pakistan işğala “Yox!” deyir, onu pisləyir və terrorçuluğa qarşı mübarizəni vacib hesab edir. Təşkilata üzv dövlətlərin bəziləri işğaldan əziyyət çəkir. Biz buna qarşı birgə mübarizə aparmalıyıq. Bu gün biz kollektiv səylər göstərməliyik”, - deyə Pakistan prezidenti vurğulayıb.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri haqqında danışan Prezident vurğulayıb ki, aclığın və yoxsulluğun aradan qaldırılması sahəsində tədbirlər görülməlidir: “Əgər biz bərabərsizliyə və yoxsulluğa qarşı mübarizə aparmasaq, gördüyümüz işin lazımi nəticəsini görə bilməyəcəyik. Biz sülhə çox bağlıyıq. Əgər münaqişələrə birdəfəlik son qoymaq istəyiriksə, iqtisadi artımı da təmin etməliyik. Pakistan regionda müvafiq sülh siyasətini yürüdür. Biz Yaxın Şərqdə və körfəzdə sülh və sabitliyin olmasını istəyirik”.

A. Alvi qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzi ölkələr tərəfindən pozulur: “BMT Təhlükəsizlik Şurası bu məsələyə daha çox diqqət ayırmalıdır. Əgər bir ölkə BMT qətnamələrinə əməl etmirsə, bunun cavabını almalıdır”.

İqlim dəyişikliyi məsələsinə toxunan Pakistan Prezidenti ölkəsinin atmosferə buraxılan zərərli qazların azaldılması ilə bağlı təklifləri dəstəklədiyini və bu istiqamətdə aktiv şəkildə çalışan ölkələrdən biri olduğunu deyib: "Biz iqlim dəyişikliyi ilə bağlı Paris Razılaşmasının həyata keçirilməsi istiqamətində konkret addımlar atmalıyıq".

 





25.10.2019    çap et  çap et