525.Az

Mənim anam


 

Mənim anam <b style="color:red"></b>

Azərbaycan qadınının sədaqətli, mətanətli olduğunu hələ məktəb vaxtlarından kitablardan öyrənirdik. İllər ötdükcə belə qəhrəmanlarımızı ətrafımızda, ailəmizdə görüb, onların həm gözəl ana, həm qayğıkeş həyat yoldaşı, həm də güclü bir qadın olduğunun şahidi oluruq.

Çox gözəl deyiblər, qadınlar zəifdir, amma analar güclüdür. Mənim qəhrəmanım illərini övladlarına bəxş edən fədakar ana, yetişdirdiyi şagirdləri ilə fəxr edən, ilk müəllimim olan güclü qadın - anam Gülnarə müəllimdir.

Gülnarə Hüseynova hazırda Sabirabad rayonunda N.Gəncəvi adına 5 saylı orta məktəbin  ibtidai sinif müəllimidir. Artıq uzun illərdir, bu işdə sevərək çalışır, yüzlərlə vətənpərvər və savadlı şagirdlər yetişdirir. Həmçinin, ibtidai sinifdə mənim də müəllimim olub. Gülnarə müəllim şagirdlərə vətənpərvərliyi aşılamaqla yanaşı, respublikamızın tarixi məkanlarına ekskursiyalar təşkil edərək, müxtəlif mövzularla əlaqəli tədbirlər keçirib . 

Məktəb illərindən yadımdadır ki, evimizdə həmişə məktəb ab-havası hökm sürürdü. Ata-anamın müəllim olması bizi həmişə bu ab-havaya kökləyirdi. Elə bir gün olmurdu ki, bizim evdə nəsə dərslərlə, hər hansı maraqlı tapşırıqlarla bağlı müzakirələr olmasın. Ailədə ən böyük mən idim. İki bacım və qardaşım məndən kiçik idilər. Atam rayonda çox hörmətli və nüfuzlu bir riyaziyyat müəllimi idi. Onun vaxtsız vəfatı bizi həddən artıq sarsıtmışdı. Onu itirəndə mən 19  yaşımdaydım, tələbə idim. Anam atamın yoxluğundan sonra bizə həm ana, həm dost və sirdaş oldu. O zaman 3 bacı tələbə idik. Zaman keçdikcə biz də həyatın çətinliklərinə anamın gücü-qüvvəsi sayəsində qalib gəldik. Bacılarım da ailəmizin yolu ilə getdilər, hər  ikisi müəllim peşəsini seçdilər.

Beləliklə, övladlarının hamısına savad verdi, gəncliyinin necə ötüb keçdiyinin fərqində olmadı mənim anam. Doğrudur, anam mənə həyat verdi, savad verdi, güclü qadın necə olmalıdır, onu öyrətdi. Bəlkə də, heç özü də bilmədən ondan daha çox xüsusiyyətləri, dözümlülü, səbrli olmağı öyrəndim.   

Sən bizə doğru yolu təməldən düzgün işıqlandıra bildin. Kitab oxumağı, elm öyrənməyi sevməyi öyrədə bildin. Səni bu uğuruna görə də təbrik edirəm. Deyim var ki, 3 qız anası olmaq cənnəti qazanmaq deməkdir. 

Həm məktəbdə vətənpərvər, savadlı, məntiqli şagirdlər yetişdirərək, həm də öz ailəsinin yükünü daşıyaraq gəlib bu gün 60 yaşına çatdı mənim anam. Anadan ən böyük hədiyyə - onun mənə hədiyyə etdiyi həyatdır. Mən sənə nə hədiyyə edə bilərəm ki, gəncliyinin, qayğısız günlərinin bircə anını sənə qaytara bilim?

Bu yubileyini təbrik edərək onu sənə demək istəyirəm ki, xatirələrimizi xatırladıqca bir daha sənə qibtə edirəm. Gücünə, bacarığına görə sənə həsəd aparıram və varlığının qarşısında baş əyirəm. 

Tanrıdan sənə can sağlığı arzu edirəm. Heç vaxt üzülmə həyatın belə tez keçməsinə, ən gözəl illər tez keçənlərdir... Sənin üçün nə etsək belə, bir gecəlik yuxusuzluğunun, sonsuz əziyyətlərinin əvəzini verə bilmərik. Ürəyində niskil, dilində dua, üzündə məsum təbəssüm yaşayan anam. Ömrün uzun olsun!..

Suma HÜSEYNOVA
fizika üzrə fəlsəfə doktoru

 





25.10.2019    çap et  çap et