525.Az

"Kadr dəyişiklikləri və islahatları hər zaman davamlı proses olub"


 

MİLLƏT VƏKİLLƏRİ DÖVLƏT BAŞÇISININ SON TƏYİNATLARINI, KADR İSLAHATLARINI UĞURLU, MÜSBƏT ADDIM KİMİ DƏYƏRLƏNDİRDİLƏR

<b style="color:red">"Kadr dəyişiklikləri və islahatları hər zaman davamlı proses olub"</b>

"Son günlərdə Azərbaycanda yuxarı hakimiyyət orqanlarında kadr dəyişiklikləri Azərbaycanda gedən islahatçılıq prosesinin tərkib hissəsidir. Azərbaycan öz dövlətçilik inkişafında zaman-zaman daha yüksək mərhələyə qalxır və bir dövrdə dövlətçiliyə, inkişafa öz töhfəsini vermiş insanların yenisi ilə əvəzlənməsinə ehtiyac yaranır. Yeni simalar yeni enerji, yeni baxışdır. Bir tərəfdən əvvəlkilərin fəaliyyətinə cənab Prezident tərəfindən yüksək qiymət verilir, dövlətə xidmətinə görə təşəkkür edilir, eyni zamanda, gənclərə də yol açılır".

Bunu "525"ə açıqlamasında  YAP-ın şöbə müdiri və millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkilinin bildirdiyinə görə, bu, zamanın tələbidir, bu, bütün dünyada tətbiq edilən proqressiv bir yanaşmadır və Azərbaycanda da uğurla tətbiq edilməkdədir:

"Kadr dəyişikliyi ancaq son zamanda baş verdiyini söyləmək düzgün olmazdı. Diqqət edilsə, görünər ki, hər dövrdə kadrlar əvəzlənir, yeni simalar gəlir. Biz dövlətə bağlı olan, Prezidentin komandasında layiqli yer tutan yeni insanlara rast gəlirik. Son dövrdəkilərin ölkənin həm dövlətçilik, həm də iqtisadi sahədə inkişafında yeni yanaşma tətbiq edən kadrlar olduğunun şahidiyik. Hesab edirəm ki, yeni təyinatlar qarşımıza qoyulan vəzifələrin daha yüksək səviyyədə və daha səmərəli həyata keçirilməsinə ümidlərimizi doğruldacaq. Əsas məqam ondan ibarətdir ki, yeni təyin edilənlər Azərbaycan cəmiyyətinə tanış insanlardır. Onlar əvvəlki postlarında öz fəaliyyətləri ilə müsbət nəticə ortaya qoya biliblər. Onların iş metoduna, onların yanaşmasına, onların dövlətə, Prezidentə sədaqətinə hər hansı bir şübhə ola bilməz. Bir sözlə, aparılan uğurlu siyasi kurs kadrların yeni vəzifələri ilə bir daha həyata keçirilir. Cənab Prezidentin kadr siyasətində həm gənclərə zaman-zaman yer verilir, eyni zamanda təcrübəli insanların da potensialından maksimum istifadə edilməsinə önəm verilir. Aparılan kadr dəyişiklikləri şübhəsiz ki, Azərbaycanın qarşısında duran problemlərin daha çevik və daha keyfiyyətli həll edilməsinə gətirib çıxaracaq. Cənab Prezident nazirləri qəbul edərkən də problemlərdən məlumatlı olduğunu və həmin məsələləri qruplaşdırdığını görürük. Digər tərəfdən isə təyin edilən insanların qarşısına konkret vəzifələr qoyulur. O vəzifələr ki, Azərbaycanın müstəqilliyini möhkəmlətməli, iqtisadiyyatımızı inkişaf etdirməli, insanların sosial vəziyyətinin daha da güclənməsinə xidmət etməli və hər bir Azərbaycan vətəndaşının maraqlarının aparılan siyasətin mərkəzində durmasına kömək etməlidir. Hesab edirəm ki, təyinatlar düzgün aparılıb və təyin edilən şəxslər Prezidentin etimadını doğruldacaq".

Digər YAP-çı millət vəkili Aydın Hüseynov isə bildirib ki, Azərbaycan iqtisadiyyatı getdikcə daha da güclənir. 

Millət vəkilinin dediyinə görə, ölkəmiz cənubi Qafqazın 85% iqtisadiyyatını özündə birləşdirərək dünya iqtisadiyyatına inteqrasiya edir, iqtisadi əlaqələr genişlənir və xarici investisiya artır.

Millət vəkili bildirib ki, Azərbaycan artıq böyük qlobal lahiyələrə imza atıb. Əgər iqtisadiyyat artırsa, istiqamətləri genişlənirsə, ona uyğun da struktur formalaşmalı, səlahiyyəti artırmalıdır.

"Ölkə Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi qeyd etdiyimiz kimi, iqtisadi inkişafimizi sürətləndirmək tapşırıqların icrasının effektivliyini təmin edəcək. Cənab Prezident yeni təyin olunmuş iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərək qarşıda duran bir sıra problemlərin aradan qaldırılması üçün tapşırıqlarını verdi. O cümlədən, "kölgə iqtisadiyyatı"ndan danışıldı. Çünki bu, bütün dövlətlər üçün problemdir, adından göründüyü kimi, burada şəffaflıq yoxdur. Statistikası aparılmayan bir iqtisadiyyatdır. Bu mənada "kölgə iqtisadiyyatı" ölkənin iqtisadi təhlilinin düzgün aparılmasına ciddi maneə olur, əngəl törədir. Dövlət başçısının müdrik siyasətinə uyğun olaraq iqtisadi islahatlar genişlənir və "kölgə iqtisadiyyatı" aradan qaldırılır. Ötən il bütövlükdə Vergilər Nazirliyinin xətti ilə büdcəyə nəzərdə tutulan proqnozdan artıq - 250 milyondan çox vəsaitin daxil olması buna əyani sübutdur. Əminliklə bildiririk ki, dövlət başçımızın bu fərmanı iqtisadiyyatımızın dinamik inkişafına müsbət təsir etməklə xalqımızın sosial şəraitinin daha da yaxşılaşmasına, ölkəmizin iqtisadi qüdrətinin durmadan yüksəlməsinə öz müsbət təsirini göstərəcək..."-deyə, millət vəkili sözlərinə əlavə edib.

Millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva  öz növbəsində deyib ki, nəsillərin əvəzlənməsi, bir-birini əvəz etməsi, bir-birinə estafeti ötürməsi hər zaman olub: "

Bu, kadr dəyişikliklərinə, kadr islahatları və onunla birbaşa əlaqəli olan struktrur islahatlarına da aiddir. Həm də yaşlılar, yaşlı nəsil, uzun illər bu və ya digər sahələrdə çalışmış, xidmət göstərmiş, əmək sərf etmiş, işinin peşəkar olmuş insanlar, kadrlar onların davamçısı, əvəzləyicisi olan gənclərə, cavanlara, orta yaşlı şəxslərə, kadrlara bir təcrübə, bir nümunə, bir örnək, bir məktəb olublar. Əzmi, iradəsi, dünyagörüşü çatanlar onlardan öyrənib, mənimsəyib, əxz ediblər, "özünəvurğunlar" isə yarıyolda axsayıb qalıblar. Bu baxımdan son illər, son aylar, son günlər Azərbaycanda yaşananlar da bir örnək, bir təcrübə, bir nümunə, bütün məsələlərdə model və modern olan Azərbaycanın növbəti modeli, uğur formuludur".

Onun sözlərinə görə, dövlət başçısı tərəfindən illərdir əzmlə, qətiyyətlə, böyük iradə, səbr, təmkin ilə aparılan kadr dəyişiklikləri, kadr islahatları növbəti mərhələsini yaşamaqdadır. Əvvəl də olub, indi də var, gələcəkdə də olacaq.

"Bunlar bir-biri ilə zəncirvari bağlı, koordinasiyalı olan bir prosesdir. Dövlət başçısı keçirdiyi son iqtisadi-sosial müavirədə tarixi bir çıxış etdi, islahatların bütün maneələr və əngəllərə rəğmən əzmlə davam etdiriləcəyini, müasir, yeni təfəkkürlü, dünyagörüşlü cavanlara, peşəkar kadrlara yol açılacağını vurğuladı və bu məsələnin Azərbaycan hökumətinin üzərinə qoyulan bir vəzifə olduğunu söylədi. Bu günə kimi hansı sözləri və vədləri veribsə, onların hər birinə də əməl edibsə, yerinə yetiribsə, son müşavirədə də verdiyi sözünə, vədinə əməl etdiyini, sadiq qaldığını bir daha sübut etdi. Ölkədə kadr dəyişikliklərinin, kadr və struktur islahatların  növbəti - yeni mərhələsini başlatdı. Özü də ənənəvi olaraq, hay-küysüz, sakit bir tərzdə.

Dövlət başçısı uzun illər Azərbaycan dövləti və cəmiyyətinin həyatında mühüm rol oynamış, xidmətləri olmuş, dövlət idarəçiliyində fərqlənmiş və öz ərizələri ilə könüllü şəkildə vəzifələrindən getmiş, istefa vermiş insanları qəbul edərək, onlara fəaliyyətlərinə və addımlarına görə  bir minnətdarlığını ifadə etdi, bunun bir örnək olduğunu, onların təcrübəsindən  istifadə ediləcəyini dedi. Eyni zamanda, bəzilərini Azərbaycanın ən yüksək ordenləri ilə təktif etdi, növbəti missiyalarında uğurlar dilədi. Bununla yanaşı, bəzi kadr dəyişiklikləri, kadr və struktur yenilənmələri etdi, növbəti etimad, növbəti etibar nümayiş etdirildi, göstərildi, eləcə də, mühüm tapşırıqlar və göstərişlər verildi. Bunlar da hamısı nəticə etibarı ilə Azərbaycan xalqının və dövlətinin uğurlu, parlaq gələcəyi, dinamik, sürətli, təhlükəsiz inkişafı ilə bağlı atılan addımlar, illərdir aparılan siyasətin tərkib hissəsidir. Odur ki, hər bir məsələdə və sahədə olduğu kimi, bu məsələdə də qarşıya qoyulmuş bütün hədəflərə çatılacaq və öz müsbət töhfələrini mütləq şəkildə vermiş olacaq. Çünki Azərbaycan dövləti və ən əsası onun güclü Liderinin  iradəsi ortadadır".

Kamil HƏMZƏOĞLU

 





27.10.2019    çap et  çap et