525.Az

Azərbaycanda kadr islahatlarını labüd və qaçılmaz edən səbəblər


 

Azərbaycanda kadr islahatlarını labüd və qaçılmaz edən səbəblər <b style="color:red"></b>

Azərbaycanda bu il ərzində həyata keçirilən genişmiqyaslı islahatlar həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük maraqla qarşılanıb.

Beynəlxalq maliyyə qurumları da bu islahatlar nəticəsində əldə edilmiş uğurları müsbət qarşılayır və bütün bunlar açıqlanan reytinqlərdə də özünü göstərir.

Son islahatlar kadr sahəsini də əhatə etməklə, dövlət strukturlarının təkmilləşdirməklə davam edir. Bu proses dövlətimizin daha da inkişafına, iqtisadi sahədə daha böyük uğurlara nail olunmasına, xalqın rifahının artmasına istiqamətlənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu qəbul edərkən bu və digər vacib məsələlərə toxunub. Dövlət başçısı bildirib ki, islahatlara alternativ yoxdur: "Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər".

Prezident İlham Əliyev islahat prosesinə mane olan məmurlara qarşı da ən ciddi sanksiyalar və tədbirlər görüləcəyini vurğulayıb. Dövlət başçısı islahatlar və yarıtmaz məmurlarla bağlı ismarışlar verib: "Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz".

Millət vəkili Azər Badamov hesab edir ki, 2018-ci il prezident seçkisindən sonra Azərbaycanın iqtisadi həyatında böyük dəyişikliklərin baş verməkdədir. Onun sözlərinə görə, ölkədə aparılan iqtisadi islahatlar, həm də sosial islahatlarla dərinləşdi: "Sosial islahatlar da ölkəmizdə idarəetmə sisteminin yenidən qurulması, struktur islahatlarınının həyata keçirilməsini şərtləndirdi. Azərbaycan müstəqil dövlət olaraq dünyanın çağırışlarına uyğun idarəetmə sistemi qurur, dünyada baş verən proseslərlə ayaqlaşaraq paralel inkişaf edir. Bu paralel inkişafdan geri qalmamaq üçün daha da yeni təfəkkürlü, kreativ düşüncəli kadrların dövlət idarəetmə sistemində təmsil olunmasına ehtiyac duyulur. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar da buna xidmət edir. Baş nazirin dəyişilməsi, keçmiş iqtisadiyyat naziri Şahin Mustafayevin baş nazirin müavini vəzifəsinə təyin edilməsi, yenidən struktur islahatların həyata keçirilməsi ilə bir neçə qurumun birləşdirilməsi və Mikayıl Cabbarovun iqtisadiyyat naziri təyin olunması artıq Azərbaycanın yeni idarəetmə sisteminə qədəm qoyduğunu deməyə imkan verir".

Deputat bəyan edib ki, Azərbaycanda daha operativ, məqsədyönlü, çevik idarəetmə sisteminin yaradılması istiqamətində ciddi işlər görülür:

"Yeni iqtisadiyyat naziri Mikayıl Cabbarov bundan əvvəl çalışdığı digər nazirliklərdə uğurlu fəaliyyətini qurub, iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm addımlar atıb. Cari ilin 9 ayı müddətində vergi sistemində verilən proqnozdan əlavə 350 milyon vəsaitin yığılması bunu deməyə imkan verir. Bu uğurlu icra təbii ki, iqtisadiyyat nazirliyində bir neçə qurum birləşdirərək idarə olunmasında özünü göstərəcək".

Milli QHT Forumunun (MQF) rəhbəri Rauf Zeyni deyib ki,  Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar cəmiyyət tərəfindən də yüksək qiymətləndirilir. İslahatlarla bağlı atılan addımlar birdən-birə baş verməyib, ölkə başçısının milli, mütərrəqqi siyasətinin tərkib hissəsidir.

Prezident İlham Əliyevin xüsusilə də son müşavirələrdə çıxışlarını xatırladan MQF rəhbəri bildirib ki, dövlət başçısı bir neçə gün əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edən zaman bir daha təkrar etdi ki, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik: "Bu baxımdan atılan addımları dövrün tələblərinə uyğun olaraq idarəetmə sistemində yenilik kimi qiymətləndirməliyik. Aparılan islahatları mütərrəqqi və mühüm hesab edirəm".

R.Zeyni söyləyib ki, Azərbaycanda bütün sahələrdə aparılan islahatlar ölkəmizin gələcəyini təmin etmək üçün vacib və əhəmiyyətlidir: "Hesab edirəm ki, aparılan islahatlarla yanaşı, biz düşüncəmizi də dəyişməliyik. Kürsü psixologiyasından imtina etməliyik. Axı Vətənə xidmət etmək üçün məmur olmaq və ya vəzifədə çalışmaq mütləq deyil. Vəzifəsindən, işindən asılı olmayaraq hər kəs Vətənə xidmət edə bilər. Dövlət başçısı bütün çıxışlarında qeyd edir ki, məmurlar xalqın xidmətçisidir. Amma təəssüf ki, bəziləri bu xəbərdarlığa məhəl qoymadıqda cəmiyyətdə narazılığa səbəb ola bilir. Ölkə başçısının həyata keçirdiyi islahatların məqsədlərindən biri də məhz bu narazılıqların qarşısını almaqdır".

MQF rəhbəri vurğulayıb ki, ictimai nəzarət gücləndirilməlidir: "Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə bir daha qeyd etdi ki, vətəndaş cəmiyyəti tərəfindən nəzarət güclənməlidir. Təbii ki, bura media, QHT-lər, bələdiyyələr, həmkarlar, eləcə də vətəndaşlar daxildir. Vətəndaşlar qarşılaşdıqları çətinlikləri dərhal yubatmadan idarəetmə sisteminin daha da şəffaflaşmasına yardım etməlidirlər".

Milli Məclisin deputatı Eldəniz Səlimov  vurğulayıb ki, son günlər həyata keçirilən kadr və struktur islahatları 2018-ci ildə prezident seçkilərindən sonra dövlət başçısı tərəfindən verilən anonsun əməli reallaşmasıdır. Bu addımları başqa səmtlərə yozub, görülən işlərin üstünə kölgə salmaq düzgün deyil. O bildirib ki, atılan addımlar Azərbaycan dövlətinin, onun uzaqgörən və müdrik lideri - ölkə Prezidenti cənab İlham Əliyevin iradəsi əsasında baş verir.

E.Səlimov qeyd edib ki, son günlər istefa verən və dölət başçısının sərəncamları işlərindən azad edən şəxslər də hər biri tanınmış insanlar, Azərbaycan dövləti və cəmiyyətinin həyatında, inkişafında, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində xidmətləri, əməkləri olmuş kadrlardır: "Onların hər biri ötən müddət ərzində üzərlərinə düşən missiyaları tam yerinə yetiriblər və özləri artıq könüllü şəkildə vəzifələrindən getmək, yerlərini, estafeti cavanlara, gənclərə ötürmək qərarını veriblər. Onların da bu addımları təqdirlə, minnətdarlıqla, ehtiramla qarşılanıb. Dövlət başçısı tərəfindən də onların fəaliyyəti, xidmətləri müsbət dəyərləndirilib, minnətdarlıq ifadə olunub, uğurlar arzulanıb. Bunun özü Azərbaycan reallığının, Azərbaycan siyasi mədəniyyətinin yeni bir təzahürü, yeni bir nümunəsidir. Azərbaycan, dövlət başçısı bu məsələdə də bir çoxlarına nümunə, örnək ola bilər".

Vəzifəsi dəyişdirilən və ya yeni təyanat alan şəxslərə gəlincə, deputat söyləyib ki, onlar da hər biri işinin peşəkarı, Azərbaycan dövlətinə və dövlət başçısına sədaqəti olan layiqli insanlar, layiqli mütəxəssislərdir: "İnanıram və qəti şəkildə əminəm ki, onlar bundan sonra da üzərlərinə düşən işlərin öhdəsindən uğurla gələ biləcək, onlara göstərilən etimadı tam doğruldacaqlar. Ümumiyyətlə, Azərbaycanda bütün sahələrdə islahatlar, o cümlədən də kadr və struktur islahatları ehtiyac, zərurət olacağı təqdirdə bundan sonra da davam etdiriləcək".

Deputat Kamaləddin Qafarov isə deyib ki, bütün sahələrdə, o cümlədən, kadr siyasətində islahatlar çoxdan diqqət mərkəzindədir: "Ölkəmizdə idarəçilik, o cümlədən, dövlət idarəçiliyi məsələləri, kadrların seçilib yerləşdirilməsi, tapşırılan iş üçün onların məsuliyyətinin artırılması sahəsində ciddi, məqsədyönlü iş aparılır. Özünüz də şahidsiniz ki, uzun illər dövlət və hökumət strukturlarında çalışan yaşlı kadrlar indi könüllü şəkildə öz vəzifələrindən istefa verir və bu vəzifələrə cavan, özünü praktik işlərdə yaxşı göstərmiş perspektivli kadrlar əvəzləyir. Bu, belə də olmalıdır və cavanlaşma prosesi, ölkənin gələcəyinin gənclərə etibar edilməsi prosesi bu şəkidə tədricən həyata keçirilməlidir.

Bu proses də islahatlar paketinin ayrılmaz hissəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bir neçə gün bundan əvvəl dediyi sözləri xatırlayırsınızmı? "Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər", - deyə dövlət başçısı vurğulayıb".

PƏRVANƏ

 





27.10.2019    çap et  çap et