525.Az

Gözlərimin təbibi


 

Gözlərimin təbibi<b style="color:red"></b>

Həkimlik müqəddəs peşədir. Bu peşə həkimdən məsuliyyət və diqqət tələb edir. İnsanların sağlamlığının keşiyində duran, şəfalı əlləri ilə möcüzələr yaradan həkimlərimiz alqışlara layiqdirlər.

Bu peşəni seçən hər bir kəs qarşısına hansı məqsədə və nə üçün xidmət edəcəyini düşünüb qərarını verir. Həyatın bütün gözəlliklərini görüb ondan zövq almağımızın səbəbkarı, incə və həssas üzv olan gözün sağlamlığı bizə təmiz hava qədər vacib olduğu kimi, həyat tərzimizin inkişafı üçün də olduqca əhəmiyyətlidir.

"Göz ürəyin aynasıdır" deyib atalar. Gözlə görür, duyur, anlayır və hiss edirik. Görmə qabiliyyəti itəndə bütün yer kürəsi insana qaranlıq, boş və mənasız görünür.

Mənim də həyatımda gözlərimlə bağlı problemlər yaranmışdı. Sol gözümdə görmə qabiliyyəti tamamilə itmişdi. Həkimə müraciət etməyə cəsarət etmirdim. Gözümün ağrıları getdikcə kəskinləşirdi. Axır ki, qonşumun məsləhəti, bacımın təkidi ilə Mərkəzi Neftçilər Xəstəxanasının göz xəstəlikləri üzrə kliniki şöbənin həkimi Namiq Mustafayevə müraciət etdik. İlk baxışda çox ciddi və tələbkar görünən, əslində, xəstələrinə həddindən artıq diqqətcil, səmimi və qayğıkeş olan Namiq həkim gözümü müayinə edərkən bu xəstəliklə bağlı ona gec müraciət etdiyimi söylədi. Həkimin bacarığı, istedadı, qabiliyyəti nəticəsində əməliyyatın uğurla başa çatdırılması məndə ona olan inam və etibarı daha da artırdı. Bu cür gözəl xüsusiyyətlərə, insani keyfiyyətlərə, zəngin mənəviyyata malik olan həkimlərimiz çoxdur. Yüksək intellekti, ziyalılığı ilə mənim kimi yüzlərlə xəstənin sevgi və etimadını, ehtiramını qazanan, onlara şəfa, gözlərinə nur, işıq bağışlayan zəhmətkeş və həssas həkimim, gözümün təbibi Namiq Mustafayevə, onunla birgə çalışan kollektivə, həmkarlarına, tibb işçilərinə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirməyi özümə mənəvi borc bildim.

Gözlərimin əlacıdır təbibim,
Gözlərimin məlhəmidir təbibim,
Gözlərimin şəfasıdır təbibim,
Gözlərimin ziyasıdır təbibim. 

Tamilla
BDU əməkdaşı

 





27.10.2019    çap et  çap et