525.Az

Hegemonluğun yeni rekonstruksiyası: ''böyük oyun'' məntiqi


 

Hegemonluğun yeni rekonstruksiyası: ' width=234 hspace=5 vspace=5 border=1 align=left />

Son zamanlar mütəxəssislər qlobal geosiyasətdə ciddi dəyişikliklərin baş verdiyindən tez-tez danışırlar. Dünya miqyasında fərqli geosiyasi mənzərə formalaşır. Bu prosesin daxili məntiqini dərk etmək bəşəriyyət üçün faydalı olardı. Lakin hələlik burada cavabdan çox suallar vardır. Həmin kontekstdə bir sıra məqamlar üzərində geniş dayanmaq faydalı olardı.

ABŞ-ın səhvi: ''reallıqla düzgün davranmamaq''

Dünya siyasətinin məzmunca dəyişdiyini iddia edənlər çoxdur. Bunun hansı istiqamətdə baş verdiyi haqqında fərqli fikirlər ola bilər. Burada terminologiyadan daha əhəmiyyətlisi həmin prosesin bəşəriyyəti hara apardığıdır. Məsələnin bu tərəfi narahatedici və düşündürücüdür.

Zbiqnev Bjezinski indiki geosiyasi mərhələni ''post-hegemonluq dövrü'' kimi xarakterizə edir. Bu məşhur siyasi xadim və politoloqun fikir dərinliyindən baxanda, belə terminoloji dəyişiklik qlobal geosiyasətdə gedən köklü yeniliklərlə əlaqəli görünür. ''Post-hegemonluq'' ifadəsi, ümumiyyətlə, diqtə siyasətinin sonu deməkdirmi? Ekspertlər bu suala cavab axtarırlar. Reallıqda yalnız hegemonluğun formasının dəyişməkdə olduğu haqqında fikirlər səslənir. ''Çinin Kissinceri'' adlandırılan Yan Xuetonq hesab edir ki, söhbət ''hegemonluğun yeni rekonstruksiyasından'' gedir. Bunun əsas xüsusiyyəti ABŞ, Rusiya, Çin, İran və Türkiyənin qarşılıqlı münasibətləri olacaq (bax: Bercan Tutar. Yeni güvenlik mimarisi jeo-politik çoğulculuk / www.yenisafak.com.tr, 8 oktyabr 2013).

Barak Obama BMT-nin son iclasındakı çıxışı zamanı deyib ki, Yaxın Şərqdə ağlasığmaz geosiyasi mübarizə gedir. Lakin o, bunu hansısa ''böyük oyun''un bir parçası hesab etmədiyini də söyləyib. ABŞ prezidentinin səmimiliyinə şübhə oyadan məqam bir neçə ay bundan əvvəl ''...bizim prioritetimiz Yaxın Şərq deyil, Asiya-Sakit okean hövzəsidir'', – deməsidir. Çünki B.Obamanın yuxarıdakı iki fikrini məntiqi müqayisə edəndə, söhbətin məhz böyük geosiyasi oyundan getdiyi gün kimi aydın olur.

Təsadüfi deyil ki, analitik və ekspertlər geniş bir ərazidə – Mərakeşdən İndoneziyaya, Əfqanıstandan Somali, Keniya və Tanzaniyaya, Sakit və Hind okeanları sahillərindən Mərkəzi Asiyaya, Xəzər və Aralıq dənizinin şərq hövzələrinə qədər məkanda böyük dövlətlərin nüfuz uğrunda gərgin mübarizə apardığını vurğulayırlar (bax: Bercan Tutar. adıçəkilən məqaləsi; Турция проиграла России в Средней Азии / www.inosmi.ru, 26 iyul 2013 və s.). Ayrı-ayrı regionlarda baş verən terror hadisələri, gözlənilmədən meydana atılan radikal dini qruplaşmalar, müxtəlif ölkələrdə iğtişaşların törədilməsi, başqa dövlətlərin daxili işlərinə qarışmaq kimi hadisələr həmin prosesin fraqmentləridir.

Belə çıxır ki, hegemonluğun yenidən təmin edilməsinin əsas əlamətlərindən biri bu iddianı gizlətməkdən ibarətdir. İncə və hiyləgər üsullarla dünyanın bütün regionlarında süni proseslər yaradıb, onu başqalarının boynuna qoymaqdır. Məsələnin məhz bu tərəfi müasir qlobal geosiyasətdə qeyri-müəyyənliyin və mürəkkəbliyin artması kimi qiymətləndirilə bilər.

Burada tanınmış filosof Noam Çomskinin bir qeydini xatırlamaq yerinə düşərdi. ABŞ mətbuatı onun Barak Obamanın xarici siyasət kursu ilə əlaqədar analitik məqaləsini dərc edib. Burada ABŞ-ın son onilliklərdə həyata keçirdiyi siyasətin kökündə dayanan bir tezisin – ''reallıqla düzgün davranmamağın" psixoloji səbəbləri izah olunur. Həmin ifadə Hans Morgentauya məxsusdur. Onun fikrincə, Amerikanın fövqəltəbii missiyası reallıqdır, tarixi faktlar isə sadəcə ''reallıqla düzgün davranmamağın" nəticəsidir (bax: Noam Chomsky. The Obama Doctrine / www.chomsky.info, 8 oktyabr 2013). Yəni ABŞ dünyanın istənilən guşəsində öz milli maraqlarını qorumaq – intizam yaratmaq (və ya ''ədalətli bərabərliyi təmin etmək") missiyasını yerinə yetirə bilər. Bu, Tanrıdan verilən hüquqdur.

Lakin müxtəlif regionlarda Vaşinqtonun təcavüzkar, iğtişaşyaradan, beynəlxalq hüququ pozan qüvvə qismində görünməsi sadəcə müxtəlif mərhələlərdə həyata keçirilən siyasətin düzgün olmaması, başqa sözlə, ''reallıqla düzgün davranılmaması"nın nəticəsidir. Əsas məsələ də ondan ibarətdir ki, ABŞ öz tarixi missiyasını yerinə yetirmək üçün bu psixoloji illüziyadan yaxa qurtarmalıdır.

Geosiyasi ''yenidənqurma": qalibi olmayan oyunun iştirakçıları

Göründüyü kimi, Morgentau ilə yanaşı N.Çomski də Amerikanın müstəsnalığını təbii hesab edir. Onun iradı hər bir tarixi mərhələdə Vaşinqtonun reallığa uyğun siyasət yeridə bilməməsi ilə bağlıdır. İndi də eyni vəziyyət hökm sürür. ABŞ özünütəcridə yox, müstəsnalığını təsdiq edən siyasətə üstünlük verməlidir. ''Reallıqla düzgün davranmamaq" yanlışlığı cəmiyyəti seçdiyi yoldan döndərməməlidir.

Bunlar Amerikanın müstəsnalığının fəlsəfi əsaslarının mövcudluğundan xəbər verir. Dünyada gedən geosiyasi proseslərə bu müstəvidə nəzər salsaq, qlobal geosiyasətin bir sıra görünməyən tərəflərinə işıq sala bilərik. O cümlədən B.Obamanın ''böyük oyunu" inkar etməsinin özü Vaşinqtonun növbəti böyük oyunu təsiri bağışlayır. Əlavə olaraq, hegemonluğa bir neçə böyük dövlətin iddialı olması vəziyyəti xeyli mürəkkəbləşdirir.

Hazırda dünyanın müxtəlif regionlarında müşahidə edilən ixtilaflar, məzhəb savaşları, ərazi iddiaları, sərhədlərin dəyişdirilməsi ilə əlaqədar həyata keçirilən təcavüzkarlıq kimi hadisələrin arxasında ''gizli əllərin" olduğu təəssüratı yaranır. Əgər qlobal miqyasda hegemonluğu bu cür rekonstruksiya etməyə çalışırlarsa, bəşəriyyətin taleyi üçün ciddi təhlükələrin mövcudluğunu qəbul etməliyik. Həmin kontekstdə B.Obama doğru deyir – ''...bu oyunun qalibi yoxdur". Bütün dünya zərər görə bilər.

Bütün bunlar müasir geosiyasət üçün xarakterik olan bir vacib məqamı ortaya qoyur: dünyanı təkbaşına idarə etmək xülyadır! İndi bütün ölkələr bir-birindən çox asılıdırlar. Suriya və İran məsələsində həmin xüsusiyyət özünü açıq şəkildə göstərdi. Məlum oldu ki, heç bir böyük dövlət bu kimi problemləri təklikdə həll etmək iqtidarında deyil. Burada bütün tərəflərin maraqları nəzərə alınmalıdır. Deyək ki, Suriya müxalifəti B.Əsədin istefa verməyəcəyi təqdirdə, Cenevrə konfransında iştirak etməyəcəyini bəyan edib. Vaşinqton da bu tələbi qəbul etməyi doğru sayır. Lakin fərqli mövqedə olan dövlətlər var və onların fikri nəzərə alınmasa, problem həll edilməyəcək.

İranla əlaqədar da eyni vəziyyət yaranıb. Son zamanlar Tehrana qarşı birtərəfli qaydada hərbi güc tətbiq etmək haqda danışan yoxdur. Böyük geosiyasi güclər kompromisə və qarşılıqlı razılaşmaya daha çox üstünlük verirlər. Etiraf etmək lazımdır ki, bütün bunlar qlobal geosiyasətdə ziddiyyətlərin azaldığı anlamına gəlmir. Əksinə, meydana yeni qeyri-müəyyən faktorlar çıxır.

Məsələ ondan ibarətdir ki, söhbət yenə də hegemonluqdan gedir. İndi fərz edək ki, 5-10 aparıcı dövlət əsas söz sahibi olacaq. Prinsipcə bu, vəziyyəti kardinal surətdə dəyişmir. Burada mütəxəssislər iki məqama diqqət çəkirlər. Birincisi, dünyanın hegemonluğa iddialı olan bir neçə dövləti arasında münasibətlərin necə qurulacağı məlum deyil. Onların hansısa mərhələdə qarşıdurmaya getməyəcəklərinə beynəlxalq təminat yoxdur. Getdikcə güclənən regional oyunçular öz nüfuz dairələrini formalaşdırmağa çalışacaqlar. Digərləri isə kiçik alyanslara qoşulmaqla çıxış yolu axtara bilərlər. Hazırda bir çox ölkələrdə müşahidə edilən qeyri-sabit sosial mühit silahlı toqquşmaların genişlənməsi ehtimalını artırır (bax: Андрей Безруков. Свежий ветер оптимизма / ''Россия в глобальной политике", 31 avqust 2013).

İkincisi, yeni mərhələni tənzimləyə biləcək beynəlxalq hüquqi mexanizmin formalaşdığına əminlik yoxdur. BMT-nin bu aspektdə böhran keçirdiyi haqqında fikirlər mövcuddur. Bütövlükdə, beynəlxalq münasibətlər sistemi ''axıcı" və ya ''keçici" hala gəlib. Bunun fonunda bütün aparıcı dövlətlərin tam qəbul edə biləcəyi meyarları formalaşdırmaq xeyli çətinləşir (bax: əvvəlki mənbəyə).

Beləliklə, qlobal geosiyasətdə müşahidə edilən qeyri-müəyyənliklər və ziddiyyətlərin aradan qalxdığını demək çox çətindir. Hegemonluğun yenidən qurulması sadəcə əvvəllər mövcud olan problemləri yeniləri ilə əvəz edə bilər. Bəs onda bu cür ''yenidənqurma"ya bəşəriyyətin ehtiyacı varmı? Həmin proses dünyanı hara aparır? Bu suallara dəqiq cavab vermək xeyli çətindir.

Newtimes.az

 





31.10.2013    çap et  çap et