525.Az

“Azərbaycan və Türkiyənin xarici siyasəti uzlaşdırılmış şəkildə həyata keçirilir”


 

“Azərbaycan və Türkiyənin xarici siyasəti uzlaşdırılmış şəkildə həyata keçirilir”<b style="color:red"></b>

“Azərbaycan və Türkiyə arasında münasibətlər bir millət, iki dövlət prinsipləri üzərində qurulub”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü ilə bağlı rəsmi qəbulda Milli Məclisin sədri Oqtay Əsədov bildirib.

O. Əsədov deyib ki, tarixi köklərimiz, dilimiz, dinimiz, mədəniyyətimiz, mənəviyyatımız bizim ən böyük sərvətimizdir: “Prezident İlham Əliyevin dediyi kimi dünyada ikinci belə ölkələr yoxdur ki, bir-biri ilə bu qədər bağlı olsun. Dövlətlərimiz strateji tərəfdaşdırlar və bu tərəfdaşlığın möhkəm hüquqi təməli var”.

Milli Məclisin spikeri qeyd edib ki, bu günə qədər ölkələrimiz arasında 240-dan çox ikitərəfli sənədlər imzalanıb, 27 sənəd baxılma mərhələsindədir: “İki ölkə arasında ticari əlaqələr inkişaf edir. Ötən il ərzində Azərbaycan və Türkiyə arasında ticarət əlaqələri 3,4 milyard dollardan çox olub. Ancaq bu ilin 9 ayında ticarət əlaqələri artıq 3 milyard 300 milyon dolları ötüb. Azərbaycanın və Türkiyənin birgə səyləri ilə həm bölgə, həm də düyna üçün önəmli beynəlxalq layihələr həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi- Ərzurum və TANAp qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr xalqlarımızın firəvan gələcəyinin təmin edilməsinə yönəlib. İndiyə qədər Türkiyə şirkətləri Azərbaycana 12,2 milyard dollar, Azərbaycan isə Türkiyə iqtisadiyyatına 15,1 milyard dollar investisiya qoyub. Ötən il Türkiyədə istifadəyə verilən Star Neft Emalı Zavodu qardaş ölkələr arasında iş birliyinin yeni böyük uğuru olub ”.

O. Əsədov iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığını bildirib: “Milli Məclisdə 80-dən çox ölkənin parlamenti ilə dostğluq qrupları mövcuddur. Ancaq parlamentdə ən böyük dostluq qrupu Azərbaycan-Türkiyə dostluq qrupudur.  Biz həmişə deyirik ki, Azərbaycanın bütün millət vəkilləri özlərini bu qrupun üzvü sayırlar. Azərbaycan və Türkiyənin xarici siyasəti uzlaşdırılmış şəkildə həyata keçirilir. Beynəlxalq təşkilatlarda, beynəlxalq parlament assambleyalarında nümayəndələrimiz sıx əməkdaşlıq edirlər. Bu təşkilatlarda müzakirə edilən problemlərlə bağlı Türkiyə və Azərbaycanın mövqeləri həmişə üst-üstə düşür. Qarşıya çıxan problemləri əl-ələ verərək birgə həll edirik  ”.

Spiker vurğulayıb ki, Azərbaycan xalqının ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə xalqı və dövləti həmişə Azərbaycanın yanında olub: “Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi Türkiyənin Dağlıq Qarabağ barədə siyasəti açıq və ayldındır. Türkiyə Prezidenti bildirib ki, Türekiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü əsasında, sülh yolu ilə həllini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Bu dəstəyə görə bir daha Türkiyə xalqına öz dərin minnətdarlığımı bildirirəm. Xalqlarımızın birliyi və bərabərliyi əsrlərin sınağından çıxıb və bugünkü səviyyəyə qalxıb. Əminəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri Türkiyə-Azərbaycan əlaqələrini daha da inkişaf etdirəcək. Bayramınızı təbrik edirəm. Yaşasın Azərbaycan-Türkiyə dostluq və qardaşlığı!”

 





30.10.2019    çap et  çap et