525.Az

Mənə söz verməyin...


 

Mənə söz verməyin...<b style="color:red"></b>

Deyim ki, doğulduğum torpaq işğal altındadır, amma mənim kimi qaçqın və məcburi köçkün həyatı yaşayanlar milyondur, bu mənada, deməli, mən tək deyiləm.

İtirdiyim çox şey olub (həm də çox erkən itirmişəm!), amma torpaq itkisi qədər ağır dərdim  olmayıb. Həyatımın 26 ilini bu dərdlə yaşadım, buna yaşam  demək olarsa. Qayğılarım da olub, kifayət qədər dolanışığım da olub. Məşğuliyyətim də, yaradıcılığım da ürəyimcədir. Amma dağ rayonundan gəlib dəniz boyunda alışqanlı olmaq asan başa gəlməyib.

Dağları unuda bilmirəm, bəlkə ona görə də dənizi sevəmmirəm. Çoxdan bildiyim bir həqiqəti özüm üçün belə ifadə etmişdim: "...dənizi sevmək üçün dağları  unutmaq  gərəkmiş".

Unuda bilmədiyim o günlər, o günlərdəki sadə adamlar, onların məşğuliyyəti və s. Desəm ki, Pirçivanda Nadirxanın yetimdoyuran bozbulanıq bir stəkan çayının dadını-tamını unuda bilmirəm, inanın. Allahverdinin, Allahverənin,  Mincivanda Zakirin çayxana sərgüzəştlərini dinləmək  nə qədər xoş olardı. Qıraq Müşlanda pinəçi İslamın, Ağaqulunun lətifələri, üdgünlü sadədil  Bayramın, Şirindilin sərgüzəştləri  bizim indiki nəslin yadında olmalıdır. Təəssüf ki, indi o adamların bəlkə də çox qismi bu dünyada yoxdur. Təbii ölümdən başqa şəhid düşənləri və savaşda  yarımcan olanları - qaziləri  də unuda bilmirəm. Mənə elə gəlir ki, heç 26 il bu şəhərdə yox, elə itirilmiş o yurdda yaşamışam hər gün. Bu 26 ilin dünəni də yadımda qalmır, hər gün səhərdən-axşama qədər çalışmaq da yaddaşda özünə yer tuta bilmir. Bu qara örtüklü şüşə yollar, səkilər, müasir arabalar, əyləncəli, işıqlı reklamlar bir qram yadda qalmır. Bu, yamaq  ömür kimi, yamaq  gün kimidir. Hər gün unutduğum və hər gün sevdiyim də o yurddur. Bu şəhərin sinif jurnalında məcburi köçkünun adı  pis oxuyan, huşsuz tələbə kimi arxivdə solacaq.  Bu ögey balasını şəhər heç vaxt səmimi qəbul etməyəcək. Uzun illər qeydiyyatsız yaşamaq mümkün olsa da, uzun illər məzarsız qala bilməyəcək  o yurdun yurddaşları. Günəşlidən Biləcəriyə, Xırdalana,  Sumqayıta, Tağıyev qəsəbəsinə uzanan  karvan yolunun ölümlü-itimli faniliyi -  son mənzilləri tükənəcək, dağınıq məzarlıqların məsafəsi uzanacaq. Yurd itkisini yaşayan bir milyonun yurd üçün axıdılan göz yaşlarını hesablamağa bir sinoptik institutu gərəkdir. Duyğulu, naləli, ürəkqopardan ağı eşitsəniz, bilin ki, o ağlayan məcburi köçgündür. O, zəngilanlı olmaya da bilər, Qubadlıdan da olmaya bilər, Cəbrayıldan da. Ağdamlı da olmasa, bilin ki, o yurd həsrətli nəğmənin müəllifi bir soydaşınızdır. O yurddaşınıza söz verdilər, dedilər sən o torpaqlarda  yenidən yaşayıb ömür sürəcəksən, 26 dəfə dedilər, 26 ildir sözü çeynədilər demokratik institutlar, 26 ildir beynəlxalq təşkilatlar sözü çürütdülər. Hər dəfə söz verdilər ki, Qarabağ Azərbaycanındır, dedilər torpaqdan pay olmaz...

Hər zaman bu mövzuda nitq söyləməkdən, söz deməkdən çəkinmişəm. Fikirlərimi açıq bildirmək üçün obrazlı misralardan istifadə etmişəm.  

Kitabımın təqdimat günündə sonda nəsə deməliydim,  söz mənə verilmişdi, amma yeni bir söz deyə bilmədim. Torpaq uğrunda vuruşanlar ya öldülər,  ya da yarımcan oldular. Məgər biz nitq söyləməliydik,   uzun yaşamalıydıq?

Kitabımın təqdimat günündə sonda deyəcəyim sözlər acı sözlər olmalıydı, amma oradakı adamların şəninə toxunacaqdı deyə, onlara qıymadım - qıymadım ki, orda mənim müəllimlərim də, dostlarım da oturmuşdular. 

Üzümü söz sahiblərinə tutdum:

Mənə söz verməyin, söz istəmirəm,
Mənə deməyin ki, sən danış indi.
Danışa bilmirəm hər saat, hər an
Danışa bilmirəm boğazdan qəlbi.
 
Mənə söz verməyin, sözüm yoxdusa,
Danışa bilmirəm, sözdən-nağıldan.
Sözümün canını deməyə qalsa,
Gərək dinləyəsən bir batman balnan.
 
Hər sözün şirini acı həqiqət,
Bircə  "Ol"  sözüydü  sözün ulusu.
Hələ bünövrədən əyilmədi heç
Bircə yol sözümün məmmədqulusu.

... Allah eləməsin, sözüm  yanılsın,
Allah eləməsin, yalanım çıxsın.
Adıma yüz cürə böhtan deyəllər,
Adım çıxanacan, qoy canım  çıxsın...

 





31.10.2019    çap et  çap et