525.Az

Zibili bələdiyyə daşıya bilər?


 

Zibili bələdiyyə daşıya bilər?<b style="color:red"></b>

Bakının zibil problemi var. Neçə milyonluq paytaxtın heç də hər yerində məişət tullantıları vaxtında boşaldılmır, bu da bəzi hallarda əhalinin narazılığına səbəb olur. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin idarə rəisi Ziyəddin Kazımov da zibil daşınması ilə bağlı problemlərin olduğunu deyir. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan mənzil kommunal təsərrüfat obyektləri, inzibati rayonlarda fəaliyyət göstərən təşkilatlar bu istiqamətdə kifayət qədər iş görürlər. Bununla belə, əhalinin sayına uyğun olaraq məişət tullantılarının toplanması üçün tutarlar bu gün kifayət qədər deyil: “Bu da əhali arasında haqlı narazılığa səbəb olur. Zibil tullantıları üçün kifayət sayda meydanlar yoxdur, qabların hermetikliyi də sual altındadır. Məişət tullantılarının daşınması qrafikə uyğun həyata keçirilməlidir. Tullantıların atılması üçün 9 mərtəbəli binalardakı borular təmizlənməlidir. Əgər bu, baş vermirsə, müvafiq sanksiyalar həyata keçirilməlidir”.

Əslində, məişət tullantılarının yığılması, daşınması mənzil təsərrüfatı ilə məşğul olan təşkilatlara aid funksiyadır. 2009-cu ildə qüvvəyə minən Mənzil Məcəlləsinə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu isə bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fondu isə mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur. Mənzil Məcəlləsinin 141-ci maddəsində göstərilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın üç idarə edilməsi üsullarından birini seçməyə borcludur:

- binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;

- mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;

- idarəedici təşkilat tərəfindən idarə edilmə.

Lakin praktikada bu işlərlə yalnız Mənzil İstismar Sahələrinin (MİS) əməkdaşları məşğul olur. Halbuki, Məcəllədən də göründüyü kimi mənzil fondunun hər üç (dövlət, bələdiyyə və özəl) mülkiyyət formasında MİS-lərin xidməti barədə heç nə deyilmir. Məcəllədə əsasən müştərək cəmiyyətlərin və ya ixtisaslaşmış istehlak kooperativlərin yaradılması və idarəedilmənin onlara verilməsi nəzərdə tutulur.

Dosye üçün qeyd edək ki, dövlət mənzil fondunun istismarı üzrə təsərrüfat hesablı təşkilat olan MİS-lər 1959-cu ildə yaradılıb. Həmin dövrlərdə mənzil təsərrüfatı sahəsində mövcud olan ilk və yeganə qurum olub. Mənzil İstismar Kontorları adlı qurumun varisi sayılan MİS-ləri hələ də sovet dövründə olduğu kimi “JEK” adlandırırıq.

İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Samir Əliyev deyir ki, MİS-lərin fəaliyyətinə xitam verilməli olduğu halda bu qurumlar ölkədə mənzil-kommunal təsərrüfatı sistemini tam inhisara götürüblər və sistemin demək olar ki, yeganə iştirakçısına çevriliblər: “MİS-lər özəl mənzil fondu mülkiyyətçilərinin seçim hüququnu pozaraq onların razılıqlarını almadan “mənzil haqqı” və “zibil pulu” yığırlar. Halbuki,  qanunvericiliyə görə, MİS-lər yalnız mənzil sahibinin istəyi əsasında onlara xidmət göstərə bilərlər”.

Ekspert hesab edir ki, hazırda Azərbaycanın mənzil-kommunal təsərrüfatı sistemində alternativsizlik hökm sürür. Digər tərəfdən, mənzil fondunun idarə edilməsi üzrə ixtisaslaşmış özəl şirkətlər və ya birliklər olmadığından mülkiyyətçilərin seçim imkanı məhdudlaşır. Çünki Mənzil Məcəlləsində qeyd olunan təşkilatlar hələlik Azərbaycanda yaradılmayıb.

Məişət tullantılarının daşınmasına gəlincə, S.Əliyevin sözlərinə görə, vaxtilə  Bakı şəhərində bu  işə özəl müəssisələr cəlb edilmişdi. Hətta paytaxtın bəzi ərazilərində bu işə bələdiyyələr də qoşulmuşdu. Ancaq sonradan həmin şirkətlər və bələdiyyələr icra hakimiyyətləri tərəfindən sıxışdırıldı və zibil daşınması işi MİS-lərin inhisarına keçdi.

Məişət tullantılarının daşınması işini bələdiyyələrin də öhdəliyinə vermək olar. Parlamentin Regional məsələlər Komitəsinin üzvü Fəzail İbrahimli bu fikirdədir. Onun sözlərinə görə, bu məsələdə yeni nəsə icad etmək, təzə təşkilatlar formalaşdırmağa ehtiyac yoxdur. Çünki hazırda müəyyən kommunal xidmət sahələri ilə əlaqədar olan vəzifələr, səlahiyyətlər var ki, bu gün faktiki olaraq onların çoxunu bələdiyyələr həyata keçirirlər: “JEK”lərin müəyyən vəzifələrinin əksəriyyətini bələdiyyələr reallaşdırırlar. Ərazidə təmizlənmə işləri, tullantıların yığılması, məhv olunması, müəyyən yaşıllaşdırma, abadlaşdırma tədbirlərinin həyata keçirilməsi, insanlara istirahət şəraitinin yaradılması, yaxud hansısa asfaltın, səkinin qaydaya salınması və sair, bunların bir çoxunu faktiki şəkildə bələdiyyələr görürlər. Fikrimcə,məişət tullantılarının yığılıb-daşınması səlahiyyəti bələdiyyələrə verilsə, bələdiyyələr bu işin də öhdəsindən gələ bilər”.

Bu fikri bölüşən bəzi ekspertlər hesab edir ki, məişət tullantılarının daşınması və yığılması işini bələdiyyələrə tapşırmaq olar. Amma gərək bundan öncə bələdiyyələr zəruri resurslarla da təmin edilsinlər. Çünki heç də bütün bələdiyyələrin maddi durumu, avadanlığı eyni səviyyədə deyil. Məsələn, 2012-ci ildə büdcədən yerli icra hakimiyyəti orqanlarına tullantıların yığılması və təmizlənməsi məqsədilə isə 153,6 milyon manat ayrılıb. Bundan əlavə, əhali də zibilin toplanması üçün müəyyən məbləğ ödəyir. Ekspertlər belə hesab edir ki, əgər bu vəsaitlər bələdiyyələrə yönəldilsə, onlar daha effektiv işi ortaya qoya bilərlər.

F.MƏMMƏDOVA

 





31.10.2013    çap et  çap et