525.Az

“Bir dövrdəyəm ki...”


 

“Bir dövrdəyəm ki...”<b style="color:red"></b>

Tərtər şəhər 2 saylı məktəb-liseyin müəllimi

Bir mülkdəyəm ki, gər udub qan,
Məzmuni-ibarətə çəkib can,
Min riştəyə türfə ləl çəksəm,
Min rövzəyə nazənin gül əksəm,
Qılmaz ona hiç kim nəzarə,
Derlər gülə xar, lələ xarə.
M.Füzuli 

Bu yazını yazmayacaqdım. Fikir və düşüncələrin məngənəsində sıxılmağı üstün tuturdum. Amma iki amil məni yazmağa vadar etdi.

Birincisi, CNN-türk telekanalında türk sinemasının məşhur, qocaman aktyorlarına “Altın portakal” mükafatına təqdim olunurdu. Çox sevdiyim bir aktyor - Əşrəf Kolçak da təltif olunanlar arasında idi. Kiçik bir çıxış etdi: “Mən ömrünü sinemaya həsr eləmiş biriyəm. Biz nə qədər film çəksək də, yenə də dünya kinosundan 50 il geridəyik. Çünki kinonun başında duranlar ləyaqətli adamlar deyil. Onların eybini üzlərinə deyirəm. Bunlar mənə iş vermir. Cənab Baş nazir, sizə səslənirəm. Mənim haqqımı verin, mən haqqımı istəyirəm.”

Aktyorun bu çıxışını sürəkli alqışladılar. İkincisi, “525-ci qəzet”in 5 oktyabr tarixli sayında çox hörmət bəslədiyim teatrşünas İlham Rəhimlinin “Məramsız addımlar” yazısındakı bir abzas məni tutdu. Müəllif yazır: “Fəxri adlara təqdimatı direktor “yazır. Bu məsələdəki yanlışlıqlar, haqsızlıqlar və fərdi “münasibətlər”, şəxsi “maraqlar” kollektivdə uzunmüddətli intriqalar, çəkişmələr yaradır.”

Bu durumlar təkcə teatrda deyil, təhsildə də, səhiyyə də var.

Təhsildə həm şagirdlər, həm də müəllimlər mükafatlandırılır. Bu il tələbə qəbulu zamanı məlum oldu ki, “qızıl medal” alan şagirdlər aşağı bal toplayıblar.

Müəllimlər də belə “ədalətli” mükafatlandırılır. Təsəvvür edin, 10 ilə yaxındır ki, sənədlərimi “Əməkdar müəllim” adına təqdim edirəm. Amma nə fayda. hardansa bir şeytan barmağı buna mane olur.

Rayonda altı-yeddi əməkdar müəllim var. Bəsit bir tərcümeyi-halları var - ali məktəbi bitiriblər və müəllim işləyirlər, repetitorluqla məşğuldurlar. Olsun! Mənim sözüm yoxdur. Amma necə olur ki, ömrünün 36 ilini məktəbə, təhsilə həsr etmiş, rayonun ictimai-mədəni həyatında imzasını qoymuş, ümumrayon səviyyəsində Nizaminin, S.Vurğunun, Şəhriyarın, Cavidin yubileylərini, Novruz bayramı və Dostluq gecələrini hazırlamış, baş müəllim, Ali kateqoriyalı və “Beynəlxalq diplom”a layiq görülmüş, hələ BDU-nun I kursunda oxuyandan indiyə kimi mərkəzi və yerli mətbuatda yüzlərlə məqalənin müəllifi, Azərbaycan və ingilis dillərində çap olunmuş “Azərbaycanın tanınmış maarifçiləri” ensiklopediyasına adı şalınmış, 2005-2006-cı illərdə TQDK-nin seminar iştirakçısı, 10-cu sinif “Ədəbiyyat” dərsliyinin rəyçilərindən biri, dəfələrlə fəxri-fərman almış, Heydər Əliyevin 90 illiyi ilə bağlı yerli qəzetin baş məqaləsinin müəllifi, 1991-ci ildə respublika üzrə, 2000-ci ildə isə rayon üzrə “ilin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş, bir zamanlar “Kuryer YUNESKO” jurnalı, “Literaturnaya qazeta” və qaqauzların Moldovada çıxan “Ana sözü” qəzeti ilə əməkdaşlıq etmiş bir müəllim niyə “Əməkdar müəllim” adı ala bilmir? (Bu il qəbul imtahanında şagirdlərimdən biri 690 balla Azərbaycan Diplomat Akademiyasına, biri 612 balla BDU-ya, biri 580 balla BDU-nun Jurnalistika fakültəsinə.  və s. daxil olublar).

Mənim 60 yaşım var, daha nə qədər əmək sərf etmək lazımdır ki, “əməkdar” olasan?

Bütün bunları sual şəklində öz-özümə verirəm. Və bu qərara gəlirəm: nə qədər ki, Tərtərdə təhsilin başında Aydın Qarayev adlı biri durub, bu, baş verməyəcək.

Tərtərin müəllim iqliminə, təhsil mühitinə bir süstlük və durğunluq gətirən Aydın Qarayev iki il öncə mənim sənədlərimi masasında gizlədərək “əməkdar” adını özünə aldı. Bu yerdə yadıma Ə.Haqverdiyevin “Odabaşının hekayəsi”ndəki Hacı Kamyab düşür. Sanki Tərtərdə müəllim yox imiş. Sanki rayonda riyaziyyatın bilicisi Mikayıl müəllim, tarixin atası rəhmətlik Qələndər müəllim, ibtidai sinif müəllimi Zöhrə müəllimə, təqaüdə çıxsa da, Füdurə müəllimə, biologiya müəllimi Sona müəllimə yox imiş ki, adam özünü təqdim edib.

İki il öncə dedim ki, filankəs müəllim nə əcəb “əməkdar” oldu. Cavabı bu oldu ki, uşaq hazırlayır. Elə isə bu şəxsə məsləhət görərdim ki, rayonumuzda bir Elman həkim var, repetitorluq da edir. Bir də bir şofer Həsən vardı, o da “uşaq hazırlayırdı”, özü də uşaq Hüquq fakültəsinə daxil olmuşdu - növbəti “Əməkdar müəllim” adını onlara təqdim etsin.

Mən üzümü təhsil nazirinə tuturam və türk aktyorun sözü olmasın, ömrünü təhsilə həsr etmiş bir insan kimi öz haqqımı tələb edirəm!..

P.S. Vilayət Quliyevdən oxumuşam: “1903-cü ildə İsveç Akademiyası Norveç şairi, dramaturqu, nasiri, jurnalisti Byernsonu Nobel mükafatına layiq gördü. Amma Norveç ədəbiyyatı dünya miqyasında Byernsondan daha çox İbsenin adı ilə tanınır...”

 





31.10.2013    çap et  çap et