525.Az

İlham Əliyev: “Multikulturalizim Azərbaycanda dövlət siyasətidir”


 

İlham Əliyev: “Multikulturalizim Azərbaycanda dövlət siyasətidir”<b style="color:red"></b>

Bakı bu dəfə üçüncü dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi elədi. Forumda çıxış edən prezident İlham Əliyev Azərbaycanın humanitar fəlakətlə üzləşməsinə diqqəti çəkib. 70 dən çox ölkənin nümayəndələrinin iştirak etdiyi bu toplantıda bəyan edib ki, bir milyondan çox qaçqın və məcburi köçkün doğma torpağına qayıtmalıdır. Dövlət başçısının çıxışının əsas məqamlarından biri də multikulturalizmlə bağlı olub. İlham Əliyev multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu vurğulayıb.

3-cü Bakı Beynəlxalq humanitar əməkdaşlıq Forumunda dünyanın 70 ölkəsindən, 800-ə yaxın nümayəndə, o cümlədən keçmiş prezidentlər, dövlət xadimləri, Nobel mükafatçıları iştirak edirdi. Açılış mərasimində çıxış edən prezident İlham Əliyev bu tədbirin ölkəmizdə keçirilməsinin təsadüfi olmadığını bildirib.

“21-ci əsrdə multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı seçkilik, diskriminasiya, ksenofobiya, islamafobiya. Amma biz buna yol verə bilmərik.

Biz artıq beynəlxalq təşkilatların səmərəliyindən danışmalıyıq. Beynəlxalq təşkilatların bəzi qərarları saatlar içində yerinə yetirilir, bəziləri 20 ildir yerinə yetirilmir”.

Forumun digər mövzusunun iqtisadiyyatla bağlı olduğunu deyən dövlət başçısı son 10 ildə Azərbaycan iqtisadiyyatının 3,4 dəfə, büdcə gəlirlərinin 20 dəfə artdığını, bütün bunların da insanların sosial vəziyyətinə müsbət təsir etdiyini dedi. Dövlət başçısının sözlərinə görə, bəzi dövlətlərdən fərqli olaraq Azərbaycan bütün bu uğurlara daxili gücü hesabına, özü də işğal şəraitində nail olub.

Daha sonra Rusiya prezidentinin nümayəndəsi Mixail Şvıdkoy Vladimir Putinin tədbir iştirakçılarına müraciətini oxuyub.

Açılış mərasimində Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl də çıxış edərək Azərbaycanın qısa müstəqillik dövründə əldə etdiyi uğurlara görə sevindiyini bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə keçirilən iclasda çıxış edən Estoniyanın sabiq Prezidenti Arnold Rüütel ölkəsində həyata keçirilən islahatlardan danışıb.

“Problemlərə humanist yanaşma dəyərlər üzərində qurulmalıdır”, - deyən Arnold Rüütel vurğuladı ki, Estoniya Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramını dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin həllini istəyir. O, davamlı inkişaf, elmi-texniki innovasiyalardan geniş istifadə və sosial məsələlərin həlli ilə bağlı fikirlərini çatdırıb.

Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç bu Beynəlxalq Forumun dünyanı narahat edən ən mühüm məsələlərin müzakirəsinə həsr edildiyini dedi. Bildirdi ki, indi vahid Avropanı multikulturalizmsiz düşünmək çox çətindir. Yalnız bu halda Avropa İttifaqını səmərəli qurum kimi qəbul etmək olar, çünki dünyanın gələcəyi multikulturalizmin təmin olunmasından keçir.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku Prezident İlham Əliyevə Forumun yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Çıxışında cəmiyyətlərdə savad və bilik məsələlərinə toxunan E.Konstantinesku bunun bütün cəmiyyətlərdə inkişafın təməli və müasir dünyanın lokomotivi olduğunu deyib.

Latviyanın keçmiş Prezidenti Valdis Zatlers də artıq III dəfədir keçirilən Forumun yüksək təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O da çıxışında dünyada multikulturalizm ənənəsinin davam etdirilməsinin, onun ilk növbədə həyat tərzinə çevrilməsinin vacibliyini vurğuladı, bu məsələdə Latviya təcrübəsini Forum iştirakçıları ilə paylaşdı.

Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanov yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirdi və İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi. “Bakı Humanitar Forumu ideyaların və təcrübə mübadiləsinin bir növ laboratoriyasıdır”, - deyən Georgi Pırvanov iqtisadi münasibətlərdən danışarkən enerji və nəqliyyat məsələlərinə xüsusi diqqət ayırıb. O, Forum iştirakçılarının tərkibinin intellektual baxımından müzakirələrin uğurlu alınacağına təminat verdiyini deyib.

“Bakı ildən-ilə öz əhəmiyyətini artırır. Əminəm ki, bu cür nüfuzlu şəxsləri bir araya gətirərək müxtəlif mövzular üzrə müzakirələrin aparılması vacibdir”. Bu sözləri isə Serbiyanın keçmiş Prezidenti Boris Tadiç dedi. O, beynəlxalq ictimaiyyəti təhdid edən münaqişələrin həllinin vacibliyinə diqqəti cəlb edərək bildirdi ki, indi dünya birliyinin əvvəlki kimi təsiredici təəssürat bağışlamaması təəssüf doğurub.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov müzakirələrə qoşularaq Prezident İlham Əliyevin nitqində səsləndirdiyi multikulturalizm ideyasının əslində bütün çıxışların təməl prinsipinə çevrildiyini, bununla bağlı Avropa ənənəsinin diqqət mərkəzində olduğunu dedi. Nazir bildirdi ki, sabiq dövlət başçılarının səsləndirdiyi fikirlər bir daha multikulturalizmin alternativinin olmadığını təsdiqləyib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı oktyabrın 9-da Azərbaycanda prezident seçkilərinin şəffaf, ədalətli və obyektiv keçdiyini dedi və seçki günü apardıqları müşahidələrin də bunu təsdiqlədiyini vurğuladı. Forumun ənənəvi hal almasını yüksək dəyərləndirən Xəlil Akıncı son illərdə rəhbərlik etdiyi təşkilatın xətti ilə həyata keçirilən humanitar layihələrdən danışıb.

Forum panellərdə işini bu gün da davam etdirəcək.

 





01.11.2013    çap et  çap et