525.Az

“Özünü kəşf etməyənlər əliboş, üzüqara köçərlər bu dünyadan... “ (Müsahibə)


 

“Özünü kəşf etməyənlər əliboş, üzüqara köçərlər bu dünyadan... “<b style="color:red"> (Müsahibə)</b>

ŞAİR MƏMMƏD İSMAYIL: “Mənim həyatım gözə görünənlərl görünməyənlərin qovuşmasından yaranan uzun bir şeirdir” 

- Salam, hörmətli Məmməd müəllim! İcazə versəniz, Sizə, həyatda olduğu kimi, Məmməd əmi deyə müraciət edərdim. Məmməd əmi, çox heyif ki, aramızda olan minlərlə kilometr məsafə Sizinlə üzbəüz oturub danışmağa imkan vermir. Keçən il may bayramında, anam Afaq Şıxlı ilə birgə Çanaqqalada olduğumuz zamandan bəri gözəl, qonaqpərvər və səmimi bir insan kimi həyatımda özünüzə elə bir təkrarolunmaz yer tutmusunuz ki! O gündən bu günə bir neçə dəfə sizinlə görüşmüşük, son dəfə elə bu il Novruzda. Doğmalığınız və istiqanlılığınız ürəyə sirayət edir. Sizinlə hətta ayaqüstü görüş belə o qədər müsbət enerji və qürur verir ki, sanki ibadət etmiş kimi yüngülləşir və saflaşırsan.

Ürəyimdən gələn bir neçə sualı sizə yazmaq istəyirəm. Bu əlbəttə ki, müsahibə deyil, çünki sizin kimi ünlü sənət adamından,  mənim - ədəbiyyat dünyasına hələ yenicə qədəm qoyan bir gəncin müsahibə alması bir qədər düzgün olmazdı. Bunu sadəcə söhbət hesab edək, çox sevdiyim, şəxsiyyətinə dərin rəğbət bəslədiyim bir insanla söhbət. Hər kəsə məlumdur ki, siz gözəl şair, yazıçı, publisist və alimsiniz. Amma hər şeydən öncə siz bir müəllimsiniz. Müəlllimlik, sizcə, nə deməkdir?

- Gözəl qızım, səmimi sözlərinçün təşəkkür edirəm. Sualın cavabına keçmədən onu deyim ki, anana - gözəl şairimiz Afaq xanıma da, öz qızım kimi sevdiyim sənə də ayrıca sayğım var. Bir də  qürbətin uzağı-yaxını, doğması, ögeyi olmur. Bəlkə bizləri bir bu qədər doğma və yaxın edən elə qürbətdə yaşamağımızdır. Həm də bu ara uzaqlığının söhbətimizin canlı olmasına əngəl törədəcəyini düşünmürəm. Çünki sözlərinə yükləyib göndərdiyin güclü enerji buna imkan verməz. Və onu da unutma ki,  yazarın yaşlısı, cavanı olmur, istedadlısı, istedadlısı olur. Bu mənada biz elə hardasa sənət yaşıdları kimiyik və mənim sənə çox istedadlı gənclərimizdən biri kimi sayğım var.

İndi gələk verdiyin sualın cavabına! Müəllimlik, bəlkə də dünyanın ən müqəddəs peşəsidir. Anadolu türkləri müəllimə “öyrətmən” deyirlər. Adının hansı dildə necə səslənməsindən asılı olmayaraq anlamı eynidir-öyrədən adam, yəni işinin ustası! Usta, öyrədən adam olmaq, buna haqq qazanmaq Tanrının bir lütfüdür, məncə. Şərq bir zaman ona görə hər yönüylə dünya gəlişimində fərqli bir yerə sahibdi ki, usta-çıraq (şagird) ilişkiləri ayaqda idi. Bu ilişkilər zəiflədikcə Şərq yavaş-yavaş zəifləməyə, geriyə çəkilməyə başladı.

- Sizcə, yalnız müəllimmi tələbəni öyrədir? Yoxsa bu proses qarşılıqlıdır? Elədirsə, o zaman müəllimin indiki gənclərdən götürə biləcəyi və ya onlarla ünsiyyətdən qazana biləcəyi nələrdir?

- Maraqlı sualdır. Başqalarını deyə bilmərəm, amma mən hər dəfə dərslərə gedəndə çox ehtiyatla gedirəm. Bunun bir çox səbəbi var. Birincisi, qarşı-qarşıya gəldiyim tələbələr nə qədər eyni millət desək də başqa bir mühit aurasının övladlarıdır. Azacıq da olsa, dil baryeri var. İkincisi, əgər dərs deməyə girdiyin sinifdə çox yox, təhsil almağa öyrənmək və özünü gəlişdirmək üçün gələn üç-beş öyrənci varsa, günümüz müəlliminin işi o qədər də asan deyil. Çünki müəllimin istifadə edə biləcəyi bütün çağdaş imkanlardan tələbə daha artıq istifadə etmək imkanlarına sahibdir. Üstəlik onların gənc ererjisi ilə yaşlı bir adamın bağdaşması da hardasa imkansızdır. Buna görə də müəllim öyrətmək istədiyi mövzunu o dərəcədə mükəmməl bilməlidir ki, dərs dediyi öyrənciləri heyrətə sala bilsin.O zaman ki, mən, siniflərə haçansa sevdiyim qızın görüşünə getdiyimdə keçirdiyim həyəcanla gedirəm, o gün dərsi bitirib sinifdən çıxanda özümü qalib ordunun komandanı kimi hiss edirəm, çünki caladığım calağın tutmuş olduğu hissi qalır canımda. Hətta bu barədə bir şeirimdə belə bir bənd vardı:

Bir ayda neçə yol olar günündə,
Heyrətə salmada gör neçə gənci.
Bəzən şair olar sinif önündə,
Bəzən dili topuq çalan öyrənci.

Öyrətmən, həm də hardasa öyrənəndir. Ömrün hansı yaşına çatmasından asılı olmayaraq onun da davamlı öyrənmək ehtiyacı var. Dünya dediyimiz yaşamaq yox, elə öyrənmək yeridir hardasa... Etiraf edim ki, yaradıcı adam üçün müəllimlikdən gözəl peşə yoxdur.

- Dünyada ən çox sevdiyiniz, ən çox qorxduğunuz və ən çox nifrət etdiyiniz şeylər hansılardır? Buna səbəb olan amillər varmı?

- Mübaliğəsiz deyə bilərəm ki, dünyada ən qarşısıalınmaz şey mənimçün poeziyaya sevgidir! Qalan hər şey ondan sonra gəlir. Marina Svetayeva deyirdi ki, şeirlərimiz bizdən daha yaşlı və daha ömürlüdür, biz gedəcəyik, bizdən sonra gələnlər də gedəcək. Amma onlar qalacaqlar. Bəlkə şüuraltı bir düşüncəylə əbədiyyətə canatımdır şeirə bu sevgim, bilmirəm: dünyanın əvvəli söz idi, sonu da söz olacaq!

Ən çox nifrət etdiyim şey isə yalandır, həm də dövlət səviyyəsinə qaldırılan, toplumun idarəedici gücünə çevrilən ağ yalan! Nə qədər ki, milli bəlamız olan yalan həqiqəti üstələyəcək, uğur gözləmək ağılsızlıqdır. Bir var mənim həqiqətim, yəni məni təmin edən həqiqət, bir də var Həqiqətin özü. Yalanı tərk etmək - siqareti tərk etmək kimi bir şeydir, gündə bir siqaret az çəksən, bir də baxıb görəcəksən ki, tüstü bəlasından canın qurtarıb. Yalan da beləcə. Amma siqaretin arxasında alışqanlıqdan, kağız və tütündən başqa bir şey yoxdur, gəl gör ki, yalanın arxasında nə güclər var:

Yüz dəfə deməyin xeyri yoxdu ki,
Başından bağlısa, neyləsin bəndə?
Şeytanın qalmağa yeri yoxdu ki,
Ya səndə yaşayır, ya da ki, məndə.

- Fikrinizcə, müasir ədəbiyyat hansı ölkədə daha sürətlə və daha yaxşı inkişaf etmişdir: Azərbaycan, Rusiya, yoxsa Türkiyə?

- Böyük rus şairi Yuri Kuznetsova görə, dünyada üç “oxuyan “ ölkə var: Çin, Hindistan və Rusiya. Üçündə də ən çox oxunan və sayğı görən - şeirdir. Təəssübkeşlikdən uzaq düşünsək, heç şübhəsiz Rusyanın adını çəkmək məcburiyyətindəyik. Çünki böyük coğrafiyaların böyük də bioenerjisi olur. Ədəbiyyat isə böyük ehtiras və böyük enerji hadisəsidir! Moskvanın metrolarında, elektrik qatarlarında boş oturub vaxt öldürən çox az  adama rast gələrsiniz. Hər sərnişinin əlində kitabdan, qəzet, jurnal, bilgisayar və nəsə oxunası bir şey mütləq gözə çarpar. Moskvada yaşadığından bunu hər gün görürsən yəqin ki! Mən elə bilirdim sosialist rejiminin çöküşündən sonra Rusiyada da durum dəyişəcək, amma yox, oxu ənənəsi olduğu kimi davam edir. Ənənəsini qorumayan xalq gec-tez ölümə məhkumdur! Nə yazıq ki, bomboz həqiqət belədir. Özəlliklə Azərbaycanda durum daha acınacaqlıdır. Mənəvi nəzarət olmadığından kimin canı çəkirsə, şeir yazır, kitab çap elətdirir. Yamanlar içində itib batan yaxşıları oxumağa hövsələsi qalmayan biçarə oxucu səviyyəsiz tele-şoulara, ya da internet saytlarına özünü qapdırır. Hardasa bu hal eyniylə (bəlkə bir az biçimdə) Türkiyədə də təkrarlanır.

- Məmməd əmi, 2012-ci ilin noyabr ayının 28-də Çanaqqala 18 Mart Universitetində möhtəşəm “Məmməd İsmayıl günü” keçirildi. Və sizə çoxdan bəri layiq olduğunuz professor adı, adminstrativ ləngimələrdən dolayı, yalnız indi verildi. Həmin günlərdən təəssüratınız? Bir neçə kəlməylə anlada bilərsinizmi?

- Qızım, gerçəkdən də o gün şahanə, heç zaman unudulmayacaq bir gündü. Sanki bu görüşü görünməz Tanrısal bir əl idarə edirdi. Daha doğrusu o əl hamını bir məcraya yönəltmişdi-sevgi məcrasına. Bildiyin kimi, bu uzun yaşımda dünyanın çox yerində görüşlərdə olmuşdum. Amma bir belə duyğu və sevinc seli görməmişdim. Mən çəkilən çilələrin əvəzinin gec-tez bir gün çıxılacağına inanan adamlardanam. Amma o görüş inamımın da fövqündə bir hadisəydi. Bu qışda torpağın içində qalıb işıq və yaşamaq növbəsi üçün yazı gözləyən və yaz gəldiyində kükrəyib qalxmağa imkan tapan toxum sevinci kimi bir şeydi. Sadəcə o görüş haqqında eşitmək yox, onun içində olub onu yaşamaq lazımdır. Sürprizlərlə, emosional gözlənilməzliklərlə dolu bir görüş. Müəllimlər öyrəncilərə, öyrəncilər müəllimlərlə sanki ortaq şəkildə məni heyrətləndirmək yarışına girmişdilər. Finlandiyada yaşayan qızım Gülzarı Helsinkidən Çanaqqalaya dəvət edib məndən xəbərsiz salona gətirdikləri anı və bir də o andan mənim bir ata kimi keçirdiyim həyəcanları düşün. O an, o salona gələn nənəsinin adını daşıyan qızım yox, ölümün o dünyasından həyatın bu dünyasına anam Gülzar gəlmişdi sanki. Bax, o zaman orada nələr baş verdiyini anlarsan.

- Bilirəm ki, sizin qızlarınızdan üçü xarici ölkədə yaşayır və yalnız biri Azərbaycanda. Bir ata kimi onların qürbətdə yaşamaları sizə necə təsir edir? Onların da, müəyyən mənada, sizin kimi qərib olmalarını yalnız taleyin, qədərin işi saymaq olarmı?

- Bu mənim ən yaralı yerimdir, qızım. Ömrü boyu Vətən sevgisi ilə yaşayan, ömrünü-gününü gücünün yetdiyi qədər hər cür təhlükəni gözə alıb o vətənin azadlıq mücadiləsinə həsr edən, övladlarını da bu yöndə böyüdən bir ata və o vətən azadlığa qovuşanda nə o ataya, nə də şablondan uzaq o vətənə canını verməyə hazır olan övladlara o vətəndə yer, iş tapılmamasını düşün. Bir ağacı eyni bağın bir yerindən başqa bir yerinə köçürəndə o ağacın özünə gəlməsi ən azı iki-üç il alır. O ki, qaldı ömrün boyu yaşadığın vətəndən heç alışmadığın, alışa bilməyin də müşkül olan qürbət diyarlara bir parça çörək dalınca getmək ola... Yaxşı, deyək ki, mənim suçum, günahım vardı kiminsə qarşısında, burada övladlarımın günahı nəydi axı? Ya onlar talelərinin arxasınca getdilər, ya da tale özü onları arxasına salıb apardı, bilmirəm. Bir də ata oğlu üçün qız seçə bilər, qızı üçün kürəkən seçmək atanın işi deyil. Nədən qaçılsa da, bəxtdən qaçılmır. Və kimsə də ayın, ilin rahat vaxtlarında döşünə döyüb namusdan, qeyrətdən dəm vurmasın. Əsas olan ekstremal zamanlarda çıxılmazlığı yönləndirə bilməkdir. Kimin ağlına gələ bilərdi ki, yetim böyüyən bir oğlanın övladları özləri istəməyə-istəməyə tərpətöyün toxumu kimi dünyaya səpiləcək və özü də gəlib uluslararası - beynəlmiləl qaynata olacaq.  Hələ on doqquz yaşımda kənddə yaşayanda bir şeir yazmışdım, onun sonluğu beləydi:

Gör  nələr  söyləyir o səs, o səda,
Bir anda  nələri gətirdi yada.
Mən  hardan biləydim bu gen  dünyada,-
Bir qərib axşamlar,
qərib axşamlar.

O şeirin dərcindən sonra radio və televiziyada eyni adlı proqramlar yaradıldı. Və ürəyimə damanlar sonunda gerçək oldu. Yalnız özüm yox, övladlarım da qürbət həyatı yaşamağa məhkum edildi...

- Siz 53-ə yaxın əsərin və monoqrafiyanın müəllifisiniz. Adınız dünyanın müxtəlif ölkələrindən, konfranslardan, simpoziumlardan gəlir. Yeni-yeni əsərlərinizin təqdimatı keçirilir. Bu tükənməz enerjinin, bu ilham qaynağının mənbəyi nədir?

- Maraqlı sualdır, Nilufər. Allah hər bir adama bir missiya yükləyir. Missiyasız bu dünyaya gələn, ya da belə deyək, göndərilən tək bircə nəfər də yoxdur. İntəhası yaşadığı zaman məsafəsində bu missyanı dərk edənlər və etməyənlər var. Adam var ki, doqquz aylıq ana bətninin qaynar qaranlığında ona ayrılan bu missiyanı yer üzünə gəldikdən sonra unudur, 50-60 il yaşayır, niyə yaşayır, nə üçün yaşayır heç özü də bilmir. Özünü kəşf etməyənlər əliboş, üzüqara köçərlər bu dünyadan. Dünyaya gəliş məqsədi nəydi, niyə gəldi, niyə getdi... Bu qonşuya nə almağa göndərildiyini unudan, gəldiyi qonşu evin həyətində mısmırığını sallayıb nəyə gəldiyini xatırlamağa çalışan uşağın durumudur, bir baxıma. Ən böyük kəşf insanın öz-özünü kəşf etməsidir. Kəşf etdimi, ömrü-günü yeni bir anlam qazanır. Belə insanlara kainatın özü dəstək olur.Hətta dəstəyin haradan gəldiyini bəzən adamın heç özü də bilmir. Həqiqətə varmaq və bu dünyaya nə tapmağa gəldiyini bilmək işləri asanlaşdırır. İçinə sadiq qalmaq ən başda gələnlərdən biridir. Ruslar “daxili səs”, Anadolu türkləri “iç sezi”, ya da “içimə dolmaq” deyirlər buna, biz isə bu qeyri-adi hadisəyə “ürəyə dammaq” deyirik.Ürəyə nəsə damırsa, deməli bu nəsəni bir damızdıran da var. Və bu damızdırana istər Allah deyək, istər ilham, fərqi yoxdur, əsas olan odur ki, insanın öz içində elə öz gözünün qarşısındaca möcüzə baş verir: Ona başqalarından fərqli nəsə verilib! Dağdan, xırda bulaqlardan başlayan suların dənizə ulaşmaq arzusu olmasa aran istilərində buxarlanıb buluda çevrilərlər. Dənizə çatmaq inadı, suyu böyük-böyük çaylara döndərir və bu böyük-böyük çaylar da gecə-gündüz, daş-qaya demədən, əngəl tanımadan dənizlərə, okeanlara doğru can atır. Həm də bilə-bilə ki, dənizdə o böyük çay adını itirmək. Məncə, Allahdan ilhamı olan adamın enerji tükənimindən qorxusu yoxdur.

- Məmməd İsmayıl! Məmməd İsmayıla bir başqasının gözüylə baxanda onu necə dəyərləndirərdiniz?

- Sualın birinci hissəsinə cavab verəcək olsaq, adlar xəbərimiz olmadan bizə verilən əmanətlərdir. Biz adları deyil, onlar bizi seçir. Məhəmməd və İsmayıl! Adımda, soyadımda biri peyğəmbər, biri şair-sərkərdə  - iki ilahi güc birləşir. Hər halda bu, təsadüf deyil, heç şübhəsiz onlardan bir şeylər keçməli idi mənə, keçdi də. Adım, soyadım bu iki enerjidən gələn tarixi enerjinin dünyaya yayılmasıdır. Yəqin “Adım” şeirimi oxumusan:

Canım da adımın ögey Vətəni,
Tükənən günləri bu gün-sabahda.
Mənəm içinizdə suçunuz, məni,
Unutmaq da çətin, xatırlamaq da.

Bakıdakı tanışlarımdan bəziləri hərdən görüşəndə deyirlər ki, hər adam gəncliyində qarşısına bir zirvə hədəfi qoyur, əlləşib, vuruşub o zivəyə çatır və çatdığı zirvədən dördəlli yapışır ki, yıxılmasın. Amma sən necə adamsan, bir ömürdə bir neçə zirvəyə çıxmış, oralarda qalmaq yerinə yenidən könüllü, ya könülsüz dığırlanıb dərənin dibinə düşmüş və yenidən başqa bir zirvə yolu başlamısan, məgər bundan bezib, usanmadın? Bu haraya qədər, davam edəcək? Nə cavab verəsən hardasa doğruları üzümə söyləyən adamlara? Məgər bu inadlı axtarışlar məndən - Məmməd İsmayılın özündən asılıdır? Bir bizim ömrümüz var, bir də taleyin ömrü. Həm də seçilən bəndədir, seçən Allahdır. Hər halda son olaraq onu deyim ki, Məmməd İsmayıl, tale diqtəsinə boyun əyən və hardasa onu şəxsi canatımlarıyla redaktə etməyə çalışan inadkar bir Allah adamıdır. Ədəbiyyatın sahibi də bir başqası yox, Allahdır.

- Fərqli mövzu və ritmlərdə bir çox şeirlər  yazdınız. Bu haqda bir neçə kəlmə deyərsinizmi?

- Həyat bir bulağın çaya dönüşüdür. Hər çay dənizə qovuşmaq  istəyir. Amma dənizə gedən yol elə də asan olmur. Mənim həyatım bir neçə rejimi içində yaşadan bir həyatdır. Burada ağlıma gələn iki misranı xatırlamaq istəyirəm:

Gəncliyim şam idi, bədənim şamdan,

Nə varsa əriyib içimə getdi...

Su bulaqdan axıb gedir, bulaq baxa-baxa qalır. Mənim həyatım gözə görünənlərlə görünməyənlərin qovuşmasından yaranan uzun bir şeirdir.

- Türk şeirinə tarixi baxımdan göz gəzdirdiyinizdə dönəmin ədəbiyatını necə dəyərləndirərdiniz?

- Şeirlər yazıldığı məmləkətlərə bənzəyir. Şairlərin yaşadığı coğrafiya, çox zaman onların talelərini və mövzularını müəyyən edir. Azərbaycanla Türkiyədə yazılan şeirləri müqayisə etsək bəzi istisnalarla Azərbaycan şeirinin havası mənə daha yaxındır. Avropanın müxtəlif yerlərindən gələn mücərrəd yansımalar Anadolu türk şeirini az qala yox etmişdir.

- Söhbətimizin sonunda gələcək planlarınızdan bir qədər söz açmanızı rica edir və sizə yaradıcılıq uğurları, uzun ömür, cansağlığı arzulayıram. Doğum gününüz mübarək olsun! Siz Azərbaycanımızın təkrarsız yazarı, könülləri oxşayan misralar müəllifisiniz!

- Çox sağ ol, əziz qızım! Gələcək - yaxşıca  unudulmuş, ya da unutdurulmuş keçmişdir. Sənətkarın gələcəyi yox, keçmişi var - deyənlər hardasa yanılmırlar. Zamanın da gələcəyi keçmişidir, bir baxıma. İndiyə qədər yazdıqlarım, yaza bildiklərim mənimdir, sabahın planları isə Allah möhlət versə - sabahın işidir.

Mən də sənə - gələcəyimizin istedadlı balasına cansağlığı, ədəbi uğurlar və bol şanslar diləyirəm!

Nilufər ŞIXLI
Moskva-Çanaqqala
2013.

 





01.11.2013    çap et  çap et