525.Az

Şeytanın yoldan azdırdığı tələbə oğlanın və ana toyuğun nağılı


 

“Nağıllar” silsiləsindən

Şeytanın yoldan azdırdığı tələbə oğlanın və ana toyuğun nağılı<b style="color:red"></b>

ŞEYTANIN YOLDAN AZDIRDIĞI TƏLƏBƏ            OĞLANIN VƏ ANA TOYUĞUN NAĞILI

ELÇİN

O vaxt ki, Ana Toyuq dimdikləyib yumurtasını deşmişdi və yaş-bulaşıq başını yumurtadan çıxarıb ilk dəfə dünyaya baxmışdı, onda gözəl bir yaz günü idi və günəşin şüaları birdən-birə isti bir işıltıyla o cıqqılı cücənin hələ toru açılmamış balaca gözlərini qamaşdırmışdı.

Xeyli sonralar – böyüyüb Ana Toyuq olandan sonra da, yay-qış, fərqi yox idi, hərdən o isti işıltı birdən-birə onun gözlərini eləcə qamaşdırırdı, ancaq Ana Toyuq bilmirdi ki, bu nə isti işıltıdı belə? – çünki Ana Toyuq həyata ilk dəfə baxdığı o vaxtı, aydın məsələdir ki, xatırlamırdı.

O vaxt ki, Ana Toyuq balaca cücə idi və özü kimi təzəcə yumurtadan çıxmış bacı-qardaşları ilə bərabər anasının dalınca qaça-qaça böyüyürdü, o vaxtlar indi uzaq bir keçmişdə qalmışdı.

      lll

Ana Toyuq arxın qırağında yerə çöküb, gözlərini suda üzən Ördəyə Oxşayan Balasına dikərək, fikirləşirdi ki, həyatının ən gözəl çağları da elə cücə olduğu o vaxtlar idi və təkcə ona görə yox ki, o vaxtlar dünyanın işlərini vecinə almayan, indiki kimi hərdən ürəyindən qara qanlar axmayan, qayğısız və gözəl bir varlıq idi – bu, öz yerində; ancaq o vaxtlar, elə bil, gül-çiçək, kol-kos, otlar, ağaclar da başqa idi, o uzaq dağların başındakı qar da günəşin şüaları altında başqa bir parıltıyla parıldayırdı, buludlar gəlib, göy tutulanda, yağış yağanda da başqa cür olurdu, gün qızdıranda da.

Başqa cür – yəni necə? necə başqa cür? – Ana Toyuq son vaxtlar bu barədə nə qədər fikirləşirdisə də, həmin “necə?”nin nədən ibarət olduğunu heç cürə tapa bilmirdi.

Ördəyə Oxşayan Balanın isə, əlbəttə, Ana Toyuğun bu  fikirlərindən xəbəri yox idi və su sevinci içində arxa baş vururdu, sonra yaş başını yuxarı qaldırıb, sürətlə o tərəf-bu tərəfə bulaya-bulaya su damcılarını ətrafa çiləyirdi, qürurla anasına – arxın qırağında yerə çöküb gözlərini ona zilləmiş Ana Toyuğa baxırdı.

Ördəyə Oxşayan Bala Ana Toyuğun gözlərinin dərininə çökmüş kədəri görmürdü – bunu sonralar görəcəkdi – ancaq həmin anlarda Ördəyə Oxşayan Balanın da ürəyindən bir qüssə kölgəsi keçirdi, çünki həmin su sevinci anlarında Ördəyə Oxşayan Balanın bütün varlığından bir səs qalxırdı ki, anasını çağırsın: “-Gəl, gəl, sən də suda üz!..”, ancaq o səs elə həmin an da geri çəkilib batırdı – Ördəyə Oxşayan Bala bilirdi ki, anası arxa atılmayacaq və üzməyəcək.

lll

O vaxt ki, Ana Toyuq böyüdü, gözəl bir beçə oldu, elə o vaxt da özündən bir-neçə gün böyük bir çolpanın hər gün ona dikilmiş sevdalı nəzərlərini hiss etdi, sonra günlər keçdi, o gözəl beçə yaraşıqlı bir fərə oldu, o çolpa da ilk dəfə banladı, gənc və yaraşıqlı bir xoruz oldu – onlar bir-birlərini sevdilər və nümunəvi bir ailə qurdular.

Ana Toyuğun tez-tez yadına düşən gözəl xatirələrdən biri o idi ki, hələ istilər düşməmiş, yaz sonlarının axşam çağlarında, gün yavaş-yavaş batır, onlar da – Ana Toyuq və həyat yoldaşı Gənc Xoruz – həyətdəki qoca alma ağacının alt budaqlarından birinə qonub, bir-birlərinə qısılaraq, günəşin qürubuna tamaşa edirlər və qıpqırmızı üfüq boyu o qürub başa çatana qədər həyat yoldaşı Gənc Xoruz lap yavaşdan qaqqıldaya-qaqqıldaya Ana Toyuğun qulağına dünyanın ən gözəl sözlərini pıçıldayır...

Həmin axşamlar hərdən dəniz tərəfdən sərin bir meh də əsirdi və onda onlar bir-birlərinə daha sıx qısılırdılar, bir-birinin ürəyinin döyüntüsünü daha aydın hiss edirdilər. O anlarda Gənc Xoruz AnaToyuğun qulağına daha heç nə pıçıldamırdı, çünki həmin anlar onların o gözəl həyatlarında elə məqamlar idi ki, hətta lap incə bir pıçıltı da o məqamların sevdasına xələl gətirə bilərdi.

Sonra Ana Toyuq yumurtlamağa başladı, sonra da bunu ilk dəfə Gənc Xoruz hiss etdi ki, Ana Toyuğun tüklərinin rəngi dəyişir, tündləşməyə başlayır və doğrudan da, çox keçmədi ki, Ana Toyuq qırt düşdü.

lll

Ana Toyuq gözünü açıb bu həyətdə böyümüşdü və təkcə o yox, xasiyyətlərindən asılı olmayaraq, hindəki bütün toyuqlar həyət sahibəsindən çox razı idilər: mülayim, mehriban insan idi, başqa həyət sahibələri kimi söyüşgən, deyingən, qarğış eləyən deyildi, özü də çox əliaçıq, qayğıkeş idi.

Ana Toyuğun qırt düşdüyünü görən kimi, həmin o həyət sahibəsi evdən səbət götürüb dibinə keçə sərdi, hində 10-12 iri, sağlam yumurta seçib, Ana Toyuğun yumurtaları ilə bərabər, səbətin içinə yığdı və səbəti aparıb həyətin yuxarı başında böyük və gözəl bir ərik ağacının altına qoydu.

Və bundan sonra Ana Toyuq yumurtaları altına yığıb, bütün gününü o gözəl ərik ağacının kölgəsində, o səbətin içində keçirirdi və o günlər bütün dünya, hətta sevimli həyat yoldaşı Gənc Xoruz da Ana Toyuğun yadından çıxmışdı.

Həmin o vaxtlar Ana Toyuq üçün altındakı yumurtaların gündən-günə artan hərarətindən, o hərarətin doğmalığından başqa dünyada heç nə yox idi.

Ana Toyuq hərdən – gündə bir dəfə – səbətdən sıçrayıb həyətə çıxırdı, yumurtalardan nigaran-nigaran tələm-tələsik nəsə yeyirdi, tələm-tələsik də su içib, təzədən səbətə qaçırdı.

Və həmin hadisə də elə o zaman baş verdi.

O hadisədən Ana Toyuğun xəbəri olmadı.

Və heç zaman da xəbəri olmayacaqdı.

   

lll

Həyət sahibəsinin oğlu Bakıda universitetin Biologiya Faültəsinin əlaçı tələbəsi idi və yay tətilində həmişəki kimi, kəndə, öz evlərinə gəlmişdi, ancaq heç burda da dincəlmirdi, gecə-gündüz Bakıdan gətirdiyi elmi kitabları oxuyurdu, hərdən də şüşəbəndin pəncərəsindən ərik ağacının altındakı səbətdə qırt yatan toyuğa baxırdı.

Həmin axşam bu Tələbə Oğlanı ya genetikaya maraq yoldan elədi, ya da Şeytan onu azdırdı – çox güman ki, elə, belə də oldu, çünki həqiqətən Şeytan əməli idi – Ana Toyuq növbəti dəfə səbətdən həyətə çıxanda, Tələbə Oğlan cəld səbətə yaxınlaşıb, keçənin üstündəki yumurtaların arasına hardansa alıb gətirdiyi bir ördək yumurtası qoydu.

     lll

Ana Toyuq tələsik bir-iki qurtum su içib, bir-iki dən dənləyib, yenidən səbətə qayıtdı, qanadlarını geniş açıb, yumurtaların üstündə yerini rahatlamaq istədi, amma o andaca altında nəsə bir yadlıq hiss etdi, ona elə gəldi ki, yumurtaların istisində də nəsə bir natamamlıq var və təcrübəsiz Ana Toyuq bunun səbəbini heç cürə başa düşə bilmədi.

Ana Toyuq çox nigaran bir gecə keçirtdi, səhər isə, qəribədir, o yadlıq hissiyyatı yavaş-yavaş itib getdi, çünki artıq altındakı yumurtaların hamısından eyni doğma istilik gəlməyə başlamışdı.

Bir neçə gündən sonra isə Ana Toyuq altındakı o yumurtalarda ürək döyüntüləri hiss etməyə başladı və bu hiss Ana Toyuğun içinə elə bir ruh yüksəkliyi doldurdu ki, elə bil, o anlarda içindəki o fərəh Ana Toyuğu qaldırıb o böyük və gözəl ərik ağacının başına çıxarırdı.

     lll

Gənc Xoruz da həyətdəki başqa toyuqlar kimi Ana Toyuğu yalnız səbətdən çıxanda görürdü və yaxın zamanlarda ata olacağından duyduğu qürurla, məhəbbət dolu gözləri ilə uzaqdan uzağa Ana Toyuğa baxırdı, başını dik tutub, eləcə bir qürurla da həyətdə, kəndin küçələrində gəzirdi. Yaşlı xoruzlar təbəssümlə Gənc Xoruza baxıb, bir-birinə göz vururdular, haçansa özlərinin də ilk dəfə ata olduqları günləri yadlarına salırdılar.

Ancaq bir dəfə Gənc Xoruz özünü saxlaya bilmədi, Ana Toyuq səbətdən çıxan kimi, iti addımlarla yaxınlaşıb səbətin qırağına qondu ki, yumurtalara – gələcək cücələrinə baxsın və Gənc Xoruz elə o anda da heyrət içində donub qaldı: o doğma yumurtaların arasında bir dənə böyük və eybəcər yumurta var idi.

Gənc Xoruzun ürəyi uçuna-uçuna döyünməyə başladı: bu nə idi belə? bu yumurta nə üçün böyüyüb bu cür eybəcər olmuşdu?

Son zamanlar həmişə Gənc Xoruzla bərabər olan o qürur və sevinc pis bir nigarançılığa bulaşdı və dünyanın bəd işlərindən, Şeytan əməllərindən hələ xəbərsiz olan Gənc Xoruz səbətdən uzaqlaşdı və bir də o səbətə yaxın durmadı.

Cücələrin çıxmağını gözlədiyi o günlərdə Gənc Xoruzun ürəyindəki o nigarançılıq əməlli-başlı bir iztiraba çevrildi.

lll

Vaxt yetişdi və Ana Toyuğun həyatının ən unudulmaz və əziz çağları başladı: cücələr bir-bir dimdikləyib yumurtalarının qabığını deşərək, dünyaya göz açdılar, nazik qılçalarının üstündə yellənə-yellənə güclə ayaq üstə durdular və bütün həyəti civilti səsi bürüdü, elə həmin çağlardan etibarən də o toyuq Ana Toyuq oldu.

Cücələr bütün yumurtaları deşib çıxdılar, təkcə o böyük yumurtadakı cücə hələ yumurtasını deşib çıxmırdı.

Ana Toyuq o yumurtadakı balasının ürək döyüntülərini nəinki hiss edirdi, o döyüntüləri, hətta balasının səsini də eşidirdi, amma bu bala niyə yumurtanı deşib çıxmağa tələsmirdi?

Və Ana Toyuq o balanın səsində də təhtəlşüur olaraq bir yadlıq duyurdu, amma yumurtadan hələ çıxmamış o balanın ürəyinin döyüntüsündə elə bir doğmalıq var idi ki, o ani təhtəlşüur yadlıq duyğusu yox olub gedirdi.

Bir dəfə Ana Toyuq istədi ki, hələ yumurtadan çıxmamış balasına kömək eləsin, özü yumurtanı dimdikləsin, amma sövq-təbiisi onu qoymadı və Ana Toyuq haray-həşirlə civildəyə-civildəyə yemək istəyən cücələrini arxasına salıb tələsik həyətdə gəzdirirdi, onları tələsik yedizdirirdi, tələsik də təzədən ərik ağacının altına qaçırdı, səbətə girib o tək yumurtanın üstündə otururdu.

Və nəhayət, 3-4 gündən sonra Ana Toyuq altındakı yumurtadakı cücənin dimdik vurmağını hiss etdi və bir müddətdən sonra Ördəyə Oxşayan Bala dünyaya gəldi.

    

lll

Təkcə bu həyətdə yox, kənddə yaşayan toyuqlar Ana Toyuğu “Ördəyə Oxşayan Balanın Anası” deyə çağırırdılar, ancaq Ana Toyuq bundan incimirdi, çünki onun balası doğrudan da ördəyə oxşayırdı.

Bəlkə Yaradan səhv salmışdı? O zaman nə üçün Yer Üzündəki bu qədər toyuğun içində Yaradanın səhvi Ana Toyuğun bəxtinə düşmüşdü?

Ana Toyuq inanclı toyuq idi, Yaradanın qüdrətinə şəkk-şübhəsi yox idi, Yaradan səhv edə bilməzdi və hərgah hansısa bir səhv olmuşdusa və Yaradan bu səhvi Ana Toyuğun boynuna qoymuşdusa, deməli bu – onun taleyi idi.

Ördəyə Oxşayan Bala həqiqətən ördəyə oxşayırdı, ancaq o ördəyin balası deyildi, onun – Ana Toyuğun balası idi.

    

 lll           

Cücələr bir-bir dünyaya gəldikcə, yaşlı xoruzlar Gənc Xoruzu təbrik edirdi, ancaq o zaman ki, Ördəyə Oxşayan Bala peyda oldu, bütün toyuqlar, o cümlədən yaşlı xoruzlar, onlarla birlikdə elə başqa gənc xoruzlar da gizlədə bilmədikləri bir istehza ilə Gənc Xoruza baxırdılar.

Gənc Xoruz nə edə bilərdi? Düzdü, bu istehzalı baxışlar dünyanın bəd işlərindən, xəyanətlərdən xəbər verirdi, ancaq Gənc Xoruz təkcə elə istehzalı baxışlara görə o xoruzları duelə çağıra bilməzdi ki?

Gənc Xoruz o eybəcər cücəyə nifrət edirdi və o eybəcər cücəni görəndən sonra, bir də heç vaxt Ana Toyuğa yaxınlaşmadı, çünki bu eybəcər cücə onun Ana Toyuğa məhəbbətini birdən-birə tamam alt-üst etmişdi.

Düzdür, Ana Toyuq çox eşitmişdi ki, xoruzların vəfası olmur, amma Gənc Xoruzdan belə bir vəfasızlıq gözləmirdi, amma nə etmək olardı? – həyat idi və Ana Toyuq da yavaş-yavaş həyatı daha dərindən tanımağa başlamışdı.

   

lll

Ördəyə Oxşayan Bala da qonşuluqdakı toyuqların rişxənd dolu nəzərləri altında o biri cücələr kimi Ana Toyuğun ardınca həyət-bacanı gəzirdi, cücələr nəsə dənləyəndə Ördəyə Oxşayan Bala ot yeyirdi, yerə düşmüş meyvələri dimdikləyib, xırdaca tikələrlə udurdu və bu işə təkcə cücələr yox, elə Ana Toyuğun  özü də məəttəl qalırdı.

Ana Toyuq bilirdi ki, kənddəki toyuqların əsas qeybət mövzusu onlar idi – o və onun Ördəyə Oxşayan Balası – amma bu qeybətin, bu dedi-qodunun da Gənc Xoruzun vəfasızlığı kimi daha Ana Toyuq üçün heç bir əhəmiyyəti yox idi.

Ana Toyuğa, əlbəttə, bütün cücələri əziz idi, amma heç özü də bilmirdi ki, niyə, nə üçün – bəlkə Ördəyə Oxşayan Bala adi cücə deyildi, ona görə? bəlkə kənddəki bütün toyuqların ona rişxəndlə baxdığını gördüyünə görə? bəlkə də Ana Toyuq bilirdi ki, girəvə düşəndə kənddəki cücələr, elə öz cücələri də, Ördəyə Oxşayan Balanı ələ salırlar, ona görə? – cücələrinin içində Ördəyə Oxşayan Bala, elə bil, ona, yəni Ana Toyuğa ən yaxını, ən doğması və ən əzizi idi.

Ördəyə Oxşayan Bala get-gedə böyüyürdü və başa düşürdü ki, o, başqa cücələr kimi deyil, orasını da artıq hiss edirdi ki, onun başqa cücələr kimi olmamağı, onun eybəcərliyi anasının – yəni Ana Toyuğun ürəyinin ən kövrək yeridir, ona görə də, cücələr onu ələ salanda, ona güləndə, bir kənara çəkilib ağlayırdı və ancaq ağlayıb qurtarandan sonra Ana Toyuğun yanına qaçıb, heç nə deməyərək, anasına sığınırdı.

Ancaq Ördəyə Oxşayan Bala heç nə deməsə də, ona sığınan kimi, Ana Toyuq Ördəyə Oxşayan Balanın ürəyindəki iztirabı hiss edirdi.

   

lll  

Tələbə Oğlan Bakıdan gətirdiyi elmi kitabları oxuya-oxuya hərdən o böyük ərik ağacının altındakı səbətdə qırt yatan Ana Toyuğa baxırdı və o vaxt ki, cücələr – Ördəyə Oxşayan Bala da onlarla bərabər – dünyaya gəldi, Tələbə Oğlan onlara baxa-baxa gülümsəyib, bir daha başa düşdü ki, dünyada genetikadan böyük elm yoxdur.

Və Tələbə Oğlan tam qərar verdi ki, bütün ömrünü genetika elminin inkişafına həsr edəcək.

lll

O kəndin kənarında bir arx var idi.

Bir dəfə Ana Toyuq cücələri ilə, o cümlədən də, təbii ki, Ördəyə Oxşayan Bala ilə bərabər, kəndə gəzməyə çıxmışdı və onlar gəlib kəndin kənarındakı həmin arxın qırağına çatanda, birdən-birə çox gözlənilməz bir hadisə baş verdi: Ördəyə Oxşayan Balaya, elə bil, qeybdən bir əmr gəldi, qəflətən döşünü irəli verib, kiçik qanadlarını şappıldada-şappıldada yüz illərin həsrətlisi kimi özünü həmin arxa atdı və görünməmiş bir sevinclə qanadlarını şappıldada-şappıldada suda üzməyə başladı.

Cücələr Ördəyə Oxşayan Balanın bu qəfil hərəkətindən hürküb, qorxu içində Ana Toyuğa qısıldılar.

Ana Toyuq özü də əvvəlcə çaşdı, başa düşmədi ki, bu nə əhvalatdı belə, sonra da  qorxdu ki, Ördəyə Oxşayan Bala arxda batacaq, çünki Ördəyə Oxşayan Bala ördək deyildi, onun balası idi, ancaq Ördəyə Oxşayan Balanın suda necə sevindiyini görəndə, bu işə mat qaldı və səbəbini heç vəchlə başa düşmədiyi bir kədər Ana Toyuğun ürəyini bürüdü.

Ana Toyuq onda hələ bilmirdi ki, bu əbədi bir kədərdir və onun taleyinə yazılıb.

Ana Toyuq bunu sonralar başa düşdü.

Ördəyə Oxşayan Bala isə o anlara qədər hiss etmədiyi bir sevinc içində qanadlarını şappıldada-şappıldada təəccüb edirdi ki, nə üçün o biri cücələr də arxa atılmırlar?

Ördəyə Oxşayan Bala boynunu uzadıb, bacı-qardaşlarını səsləyirdi:

– Gəlin də!.. Niyə gəlmirsiz?..

   

lll

O cücələr də, Ördəyə Oxşayan Bala da gözgörəti böyüyürdülər, ancaq cücələr nə qədər böyüsələr də Ördəyə Oxşayan Bala o cücələrin ən  böyüyündən də üç dəfə böyük idi və Ördəyə Oxşayan Bala belə böyüklüyündən, yöndəmsizliyindən utanırdı, gəlib Ana Toyuğa qısılırdı, elə bil ki, Ana Toyuğa qısılanda heç bir toyuq-cücə onu görməyəcəkdi.

Belə anlarda Ördəyə Oxşayan Bala səsini də çıxarıb bir söz demirdi, çünki dil açandan bəri onun qaqqıldaya-qaqqıldaya danışığında elə bir aksent var idi ki, cücələr qanadlarını qarınlarına sıxıb Ördəyə Oxşayan Balanın belə bir tələffüz tərzinə gülməkdən az qalırdılar qəşş eləsinlər.

Ördəyə Oxşayan Balanın bu aqibəti Ana Toyuğun ürəyində böyük bir dərdə çevrilmişdi, ancaq o nə edə bilərdi?

Ana Toyuq heç olmasa dərdini dilə gətirib, hansı bir toyuqlasa danışa da bilmirdi, çünki buna ehtiyac yox idi, hər şey göz qabağında idi.

lll

Cücələr böyüdü, Ana Toyuqdan ayrılıb, hərəsi özünə bir ailə qurdu, özlərinin cücələri dünyaya gəldi və dünyaya yeni göz açan o cücələr də böyüdü...

Ördəyə Oxşayan Bala da böyüdü və həyatının iztirablar içində keçməsinə baxmayaraq, sağlam, Ana Toyuqdan da böyük, canlı-cüssəli oldu, ancaq yenə də cücə vaxtlarındakı kimi Ana Toyuğun arxasına düşüb, onunla gəzirdi, çünki bu dünyada onun Ana Toyuqdan başqa heç kimi yox idi; anası hər gün onu kəndin kənarındakı o arxa aparırdı, gecələr də hində anasının böyrünə qısılıb yatırdı.

Onlar – ana və bala – beləcə, yaşayırdılar.

   

lll

Kənddə heç bir xoruz Ana Toyuğa – o eybəcər balanın anasına yaxın düşmürdü və zaman keçdikcə, Ana Toyuq da qartıb, elə bil, balacalaşırdı.

Keçmişlər yavaş-yavaş Ana Toyuğun yaddaşının lap dibinə çökürdü, hətta Gənc Xoruzla sevişdikləri günlər də indi onun, demək olar ki, heç yadına düşmürdü və Ana Toyuqda elə bir təəssürat var idi ki, elə bil, onlar – o və Ördəyə Oxşayan Bala – həyata gözlərini açandan bir yerdə olmuşdular.

Təkcə o kənddə yox, bütün dünyada onlardan – Ana Toyuqdan və Ördəyə Oxşayan Baladan başqa heç nə yox idi.

lll

Ana Toyuq yenə də o arxın kənarında yerə çöküb, gözlərini suya baş vura-vura üzən, hərdən iri qanadlarını şappıldadan, başını sudan çıxarıb silkələyən Ördəyə Oxşayan Balaya baxırdı.

Ördəyə Oxşayan Balanın suya baş vurmasında da, qanadlarını şappıldatmasında, yaş başını silkələyib, suyu ətrafa çiləməsində də daha heç bir sevinc yox idi, çünki zaman hər şeyi adiləşdirmiş, həmişəki etmişdi: suda üzməyi də, Ana Toyuğun Ördəyə Oxşayan Balaya zillənmiş gözlərindəki kədəri də.

lll

Haçansa kənddə, hansısa bir qırt toyuğun altına ördək yumurtası qoymağı o Tələbə Oğlanın, əlbəttə, çoxdan yadından çıxmışdı.

Tələbə Oğlan artıq universiteti Fərqlənmə Diplomu ilə bitirmişdi və Akademiyada elmi tədqiqatlarla məşqul idi.

Onun dünyanın nüfuzlu elmi jurnallarında çap etdirdiyi genetika problemlərinə həsr olunmuş məqalələri, məşhur universitetlərin, o cümlədən, Kembric və Oksford universitetlərinin keçirdiyi elmi konfranslarda, simpoziumlarda söylədiyi məruzələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirilirdi.

Vaxtı ilə Tələbə Oğlana dərs demiş qoca professorlar qürurla ona baxaraq, şübhə etmirdilər ki, yetişdirdikləri bu çox istedadlı və zəhmətkeş gənc gələcəyin böyük alimi olacaq, bəlkə də lap Nobel mükafatı alacaq.

15 may 2011. Zuğulba.

 





04.11.2013    çap et  çap et