525.Az

Etiraf fəlsəfənin təməl şərti kimi - Taleh Eminoğlunun essesi


 

Etiraf fəlsəfənin təməl şərti kimi - <b style="color:red">Taleh Eminoğlunun essesi </b>

Həyatın bütün sahələrinə aid edilən bir fikir var: Uğur qazanmaq istəyirsənsə, özün ol. Bu, uğurun düsturudur. "Özün ol" ifadəsi çox zaman "olduğun kimi görün"lə eyniləşdirilir. Amma "özün ol"un alt qatında yatan daha dərin məna var - etiraf.

Özü kimi görünmək və özü olmaq üçün insan mütləq nələrisə etiraf etməlidir. Bu etiraflar onun özü, daxili ilə bağlı olmalıdır. Yalnız bu halda uğur qazanmaq və sözün əsl mənasında insan olmaq mümkündür.

"Etiraf bütün sahələrdən seçilən fəlsəfədə də keçərlidirmi?" sualına cavab vermək üçün 1885-1962-ci illər arasında yaşamış yaponiyalı ekzistensialist filosof Hajime Tanabenin düşüncələrinə nəzər salmaq lazımdır. Tanabe deyirdi ki, hər bir insan düşünür, amma fəlsəfə ortaya qoymaq üçün etiraf etməliyik. Yalnız bu şəkildə filosof  olmaq olar. Bu zaman ikinci sualla qarşılaşırıq: Nəyi və necə etiraf etməliyik?

Bu suala Hajime Tanabe fəlsəfənin şərq və qərb qollarını ortaq bir nöqtədə birləşdirməklə cavab verir. Əgər söhbət etirafdan və fəlsəfənin qərb qolundan gedirsə, o zaman mütləq Sokratı xatırlamalıyıq. Fəlsəfə tarixində ilk etiraf etmiş odur. Belə ki, Delfili rahib Sokratın Afinada ən ağıllı insan olduğunu deyir. Sokrat bunu yoxlamaq üçün qarşısına çıxan insanlara müxtəlif suallar verir. Heç bir şey bilməmələrinə rəğmən suala cavab verən insanları görəndən sonra Sokrat həqiqətən də Afinanın ən ağıllı insanı olduğunu qəbul edir. Çünki o, heç bilmədiyini etiraf etmişdi: "Bircə onu bilirəm ki, heç nə bilmirəm". Bu etiraf onu dövrünün ən böyük düşüncə insanına çevirmiş və dolayı yolla olsa da, edamına belə səbəb olmuşdu.

Tanabe şərq fəlsəfəsi dedikdə isə Mahayama buddizm məktəbinin "Təmiz torpağın buddizmi" qoluna mənsub olan rahib Sinranın düşüncələrini nəzərdə tuturdu. Tanabe də Sinran kimi insanın öz gücü ilə aydınlana bilməyəcəyinə inanırdı. Lakin mütləq şəkildə aydınlanmalı olan insanın bu halda bir yolu yolu qalırdı - öz bilgisizliyini və sərhədlərini etiraf etmək. Etirafı insan özü etsə də, bu, "başqa güc" olur. Rahib Sinran üçün bu "başqa güc", digər adı ilə isə etiraf Budda Amitabhadır. Tanabe etiraf məsələsində rahib Sinran ilə raşılaşsa da, onun üçün "başqa güc" mütləq heçliyə və bundan yola çıxaraq da şəxsi aydınlanma və müdrikliyə bərabər idi.

Fəlsəfə Tanabe üçün zirvə deyil, əksinə, o, həyatın təməlidir. "Etiraf edən insan fəlsəfəyə ehtiyac duymaz" deyir Tanabe. Fəlsəfə aydınlanmaya, müdrikliyə gedən yolda keçilməli olan mərhələdir. Tanabe burada Martin Haydeqqerin fikri ilə ifadə edir düşüncəsini: "Fəlsəfə öz varlığımızla münasibət qurmaq prosesidir".

Hajime Tanabenin ekzistensialist olaraq fəlsəfəsinin təməlində dayanan öz varlığını dərk etmək düşüncəsidir. Bu isə sadəcə etiraflarımız ilə reallaşa bilər. Sokratın etirafından fərqli olaraq Tanabenin nəzərdə tutduğu etiraf forması özünü başqa gücə tabe etməkdir. Elə buna görədir ki, o, qərb fəlsəfəsi ilə yanaşı, şərq fəlsəfəsinə və dini təlimlərinə qədər gedib çıxır. Xatırladım ki, xristianlıqdakı günah çıxarmaq da bir növ etiraf etməkdir. Tanabenin də dediyi kimi, daimi etiraflar bizə öz sərhədlərimizin harada başlayıb, harada bitdiyini göstərir. Öz sərhədləri içində olan insan isə varlığını dərk etməkdə çətinlik çəkmir.

Tanabeni etiraf düşüncəsi üzərində bu qədər israrla dayanmağa sövq edən İkinci Dünya müharibəsinə şahidlik etməsi və ölkəsinin bu müharibədən ağır məğlubiyyət və itkilərlə çıxması idi. Etirafdan uzaq olan, hər şeyi bildiyini zənn edən və bildiklərinin mütləq şəkildə doğruluğuna əmin olan insanlar həm ölmüş, həm də öldürmüşdü.

"Nəyi və necə etiraf etməli?" sualının cavabı isə təbii ki, fərddən fərdə dəyişir. Hər kəsin sərhədləri və bu sərhədləri müəyyən edən fəaliyyətlər, hadisələr, yaşadıqları, düşüncələri müxtəlifdir. Nəyi və necə etiraf edəcəyiniz sizə bağlıdır. Çünki siz istəməlisiniz sərhədlərinizi tanımağı, varlığınızı anlamağınızı və insan olmağı. Bu etirafla elə bir sirrinizi verməlisiniz ki, onunla birlikdə yaşadığınız kimi, onsuz da yaşa biləcəksiniz.

Bəs sizin sirriniz nədir?!

 





16.11.2019    çap et  çap et