525.Az

“...qəm üzrə qəmdir”


 

“...qəm üzrə qəmdir”<b style="color:red"></b>

Tərtər şəhər 2 saylı məktəb-liseyin ədəbiyyat müəllimi

BU YAZI ÇOX SEVDİYİM PƏRVİNİN “YÜZ GÖZƏL SEVGİ ŞEİRİ” SİLSİLƏSİNƏ BİR “CIĞA BƏND” OLARAQ YAZILIB 

“Aşka uçarsan,
Qanadların yanar.
Aşka uçmazsan,
Qanadların nəyə yarar?
Aşka varınca
Qanadları kim arar?”
Yunus Əmrə 

Qanadları yanmış iki aşiq – “sevdası dirazü bəhri kütah”... Leyli ilə Məcnun... “Hər addımı alov püskürür, yanıb-yaxılırsan... bir yandan da ittihamlar...” (Pərvin)

Məcnün da ittiham edirdi Leylini. Daim gileylənir, məzəmmətləyirdi onu... Halbuki özü dünyaya gələndə söylədi ki:

Ey cəfakeş dünya!
Bildim qəmini sənin ki, çoxdur,
Qəm çəkməyə bir hərif yoxdur.
Gəldim ki, olam qəmin hərifi,
Gəl, təcrübə eylə mən zəifi! 

Qəm yükü Məcnunu əymədi... ucaltdı onu. Ayağına gəlirdilər... Atası gəldi... dil tökdü, hətta “Leyli bizə gəldi mehmandır”, – deyib ona yalan söylədi ki, evə dönsün... Novfəl də gəlib onu tapdı:

...Ey xəstə, nədir bu çəkdiyin rənc,
Viranədə zaye etdiyin gənc?!
Vəhşi nə bilir sənin məramın?
Həmcinslərindən istə kamın.

Zeyd, ümumiyyətlə, ondan əl çəkmirdi: “Zeydi-qəmxar, Zeydi-vəfadar”. Çox zaman Məcnuna gətirdiyi xəbərlər ürəkaçan olmurdu...

Məcnun isə yalnız Leylinin ayağına getdi dilənçi və kor qismində...

Əskik olmaz qəmimiz, bunca ki,
 bizdən qəm alıb,
Hər gələn qəmli gedir, şad gəlib yanimizə.

Qəmi-əyyam, Füzuli, bizə bidad etdi,
Gəlmişiz əcz ilə dad etməyə sultanimizə. 

Dad edirdi Məcnun “qəm silsiləsinə payi-bəndəm” deyirdi. Qəmi, bəlanı özü istəmişdi, çün bəla da onu istəmişdi. “Mən istərəm bəlanı, çü istər bəla məni”.

“Vəsli-rüxi-yar” istəməyinə baxma, Məcnun qəmin əsiridir. “Dövr çövründən şikayət edənə aşiq demən – deyirdi.

Amma Füzuli elə lap əvvəldən onu xəbərdar etmişdi:

Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır!
 
Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz!
Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır!

“Sevginin qadağan olunduğu bir zamanda iki gənc görüşür, aşiq olurlar, böyüklər, mühit ayırır onları, oğlan dəli olub çöllərə düşür, sonda ikisi də ölür”... (Pərvin)

Əslində, Məcnun ağıllı olduğundan çöllərə düşür. Əsərdə ən ağıllı addımı da o atır – “dəli yığıncağından üz çevirib “6-cı palataya” – “sevimli, mehriban” vəhşilərin yanına varır...

Dövründə dirəndələr olub ram,
Tutuşdu biri-birilə aram.
Gur olmuş idi pələngə həmraz,
Gürğ olmuş idi gəvəznə dəmsaz,
Şir olmuş idi ənisi-nəxcir (keçi balası – B.İ.) 

Vəhşilər arasında özü üçün bir dünya qurdu Məcnun. Burda sərbəstdir. Özü ilə baş-başadır. Bundan da məmnundur. Bəni-insandan kömək yox, inayət yox... Odur ki, işini bilir.

Vəfa hər kimsədən kim istədim,
 ondan cəfa gördüm
Kimi kim, bivəfa dünyada
gördüm, bivəfa gördüm.


Füzuli, eyb qılma, üz çevirsəm
əhli-aləmdən,
Nədən kim, hər kimə üz tutdum,
 ondan yüz bəla gördüm. 

Bu xüsusda Leyli çox naçardır. “Künci-qəmdə” şəm kimi yanır.

Fələk ayırdı məni çövr ilə cananımdan,
Nəzr etməzmi əcəb naləvü əfqanımdan?

Qəmi-pünhan məni öldürdü,
bu həm bir qəm kim,
Gülruxum olmadı agəh
qəmi-pünhanımdan. 

Leylinin dərdini bölüşməyə nə bir yaxın rəfiqəsi, nə ona munis olan anası, nə kömək əli uzadan biri. Hətta İbn-Səlama ərə gedəndə sevindi ki, ata-anam mənim iki bəlamdır. Ərə gedim ki, bir bəlam olsun:

Qurtar məni atadan-anadan,
Bir qəm yeg olur iki bəladan.

İbn-Səlam oldükdən sonra evlərinə dönən Leyli səhrada Məcnuna rast olur. Bədbəxt qız nə edəcəyini bilmir:

Key vaqifi-halü arifi-raz!
Yoxdur qəmi-dərdimə nihayət,
Qəmdən kimə eyləyim şikayət?
Qəm bihədü, mən bəsi zəifəm,
Mən böylə qəmə qaçan hərifəm. 

Bir ara düşündü ki, bəlkə Məcnuna qovuşa bilər, amma onunla aşinalıq etsə, isməti yerlərə düşər, deyə düşünürdü. Allah, özün kömək ol ki, namusumu hifz edə bilim, o dünyaya alnım açıq, üzüm ağ təvəccöh edim...

Məcnun da artıq, necə deyərlər, bir ağsaqqal kimi Leyliyə nəsihətlər edir:

Divanəliyə mənəm səzavar!
Sən eyləmə halımı digərgun,
Leyli nə rəva ki, ola Məcnun?
Qəmxarsan, ey büti-pəriru,
Qəmxarlığın həmin yetər bu.
Namusunu saxla hər xələldən
Sən əql ətəyini qoyma əldən.

Əsl yarlıq böylə olur! Məcnun ucalığı budur!

“Leyli üçün dairə qapanır və Leyli yalnız sona doğru gedir. Ölümünə də səbəb budur: dərmansız dərdi...” (Pərvin)

Leyli ölüm ayağında anasına vəsiyyət edir, Məcnunu tapşırır:

“Key dərdi-dilim dəvası ana!
Şəmi-əməlim ziyası ana!
Qəm gizləmək ilə canə yetdim,
Ta mümkün idi təhəmmül etdim...
Bir dəm görə bilmədim visali
Hala gedirəm könüldə suzi,
Əldən nə gəlir, bu idi ruzi. 

Anasına daha sonra deyir ki, mən öləndən sonra dərd əlindən səhralara düşsən və Məcnuna rast olsan, “xoş kimsədir, ondan olma qafil!”

Ərz eylə ki, – Ey vəfalı dildar!
Can verdi yolunda Leyliyi-zar.

“Özünü öldürsən də, xeyri yoxdu, açdığın yaranın üstünə min məlhəm qoy, nə faydası?! Günahkarın yeri cəhənnəmdi deyirlər. Sən də cəhənnəmə düşürsən, içərindəki cəhənnəmə...” (Pərvin)

İki aşiq “cənnəti-əlaya” düşdü. Füzuli, bəlkə də, zəmanənin acığına onları cənnətə göndərdi: Zeyd də yuxusunda gördü:

Bir bağidə iki mahiparə;
Püxsarələrində zövqdən nur,
Bimi-ğəmü dərdü qüssədən nur...
Bu iki məhi-xücəstərüxsar
Məcnun ilə Leyliyi-vəfadar.

Fani dünyanın cəhənnəmində, nadanlar içrə yaşamaqdansa, “cənnəti-əlada” əl-ələ tutmaq daha “yeg”dir...

Yazının əvvəlinə qayıdıram. Məcnunun məzəmmətlərinə. Leylinin ölüm xəbərini eşidən Məcnun elə nalə çəkdi ki, bəlkə də, “az qaldı ki, naləsilə dildar, ol xabi-əcəldən ola bidar”...

Özünə ölüm arzulayır:

Sən durma əgər mürüvvətin var,
Gir torpağa, istə onu zinhar!
Gör qandadır ol düri-yeganə
Netmiş ona afəti zəmanə!
 
Sən ki bir şam idin, nədir bu “bəxfi-siyahdən hicabın? İkimiz əhd-peyman edib qəm-meyi içmişdik, nə oldu sən nə tez məst oldun, ayaqda qala bilmədin, eşq atəşi bizi yandırdı, sən “suzi-dilə dözmədin usandın”, “Həmrahım idin bu yolda, ey mah! Həmrahı qoyub gedərmi həmrah?”

Məcnun ilana səslənir “ey mar, onun zülflərinə dəymə, mənim ahım o saçlarda gizlənib. Ey qarışqa, toxunma olun xalına “bağlıdır onda cani-məhcur!”

Müştaqinəm, ey əcəl, kərəm qıl!
Dəfi-ələm ilə rəfi-qəm qıl!
Qurtar məni iztirabi-qəmdən!
Ver müjdə vücudimə ədəmdən!,
Ya Rəb, mənə cismü can gərəkməz,
Cananımsız cəhan gərəkməz!
 
Yeri gəlmişkən, Orxan Pamuk “İki həyat” əsərində Füzulini xatırlayır: “Canan yoxsa, cahan gərəkməz!”

 

 





04.11.2013    çap et  çap et