525.Az

Dərdi dizinin üstə böyüdən şair...


 

Dərdi dizinin üstə böyüdən şair...<b style="color:red"></b>

Yazıçı-publisist

 

Dərd həmişə ağır olub... istər batmanla gəlsin, istərsə də misqalla... Deməli dərdin ölçüsü yoxdur, dərd dərddir. Amma dərdin tamı var... Şair Bəhmən Vətənoğlu bir beytində deyirdi:

 

“Əzizim, dərdə tamı,

Dərd verər dərdə tamı”.

 

Deməli dərdə tamı dərd verir. Bəs dərdin çarəsizi, ölənə qədər tamı zəhər dadanı hansıdır?

Bu çarəsiz dərd Vətən dərdi, torpaq həsrəti, yurd göynərtisiymiş... Sən demə çarəsiz qalanda dərd özü də ağlayarmış.

Doğulduğu torpağa qayıtmaq arzusu ilə əriyib gedən “Dağlarda məğrur qalan daş”lara həsəd aparan şair Sücaət deyirdi:

 

“Görmüşük ki, dərd ağladar adamı,

Dərdə bax ki, mənim dərdim ağlayır”.

 

Ağlayan dərdi dizinin üstündə böyüdüb, çiyninə çıxardan şair də varmış. Bu gənc şair Ələmdar Cabbarlıdır. Bəs şair dərdi niyə bu qədər əzizləyir? Çünki o dərd şairin içində Kəlbəcər həsrətiylə doğulub. Onu özüylə Kəlbəcərə qaytarıb o dağa, bu daşa çırpıb, sıldırımlardan üzüaşağı buraxıb, məhv edib dağıtmaq istəyir. Ona görə də deyir:

 

- Bağrımı köz üstə qoydum,

Ömrümü söz üstə qoydum.

Dərd verdin - göz üstə qoydum,

Niyə çıxartdın çiynimə?..

 

 yaxud da:

 

- Qəmindən libas biçmisən

Mənim bu yalın əynimə.

 

Güclü deyimdi. İnsan üşüyəndə bürük axtarır... Amma şairin libası qəmdən biçilib. O, bu libası itirilən torpaqlara qayıdana qədər əynindən çıxartmaq istəmir.

Ələmdar Cabbarlının “Yaşasan, çoxdu bu ömür...” kitabını vərəqlədikcə Vətən dərdinin min rəngi, min çaları oxucunun gözündə bərq vurur. Fikirləşirsən ki, doğurdan da dünya ağlı-qaralıymış. Taley bəd gətirəndə, Vətən parçalananda, ağa gədə olanda, dərd bəyə, xana dönürmüş, dünya qaranlıq görünürmüş:

 

- Saxlatman qapıda, yol verin, gəlsin

Mənə həsrət-həsrət baxan dərdimi.

Yesir taleyimdən üstün tuturam,

O ağa dərdimi, o xan dərdimi.

 

Sən də unut məni, ay boyu bəstə,

Bu dünya mənimlə durubdu qəsdə.

Özüm böyütmüşəm dizimin üstə -

Sonradan çiynimə çıxan dərdimi...

 

Gənc şair sözün üstünə pəhləvan kimi yeriyir, qartal kimi şığıyıb caynağına alır sözü. O, çeynənmiş, tamı qaçmış, daddan düşmüş fikir təkrarlamır, öz sözünü deyir. Sözü ovlayır, qızılquş leş dalınca qaçmayıb, bülbül ovladığı kimi ovlayır, öz şikarını tapır.

Ələmdar Cabbarlı şeirlərinə sözün bülbülünü qonaq eləyir və misralarına qaranquş qanadı taxır:

 

- Yaranandan azad deyil,

Çəkiləsi əzab deyil.

Sürünməsən - az-zad deyil,

Yaşasan - çoxdu bu ömür.

 

Şair ömrün dəyərliliyini yaşanan günlərin, illərin çoxluğu ilə ölçmür. Görülən işlər, əməllər hər bir insanın həyatda qoyduğu iz, vətəninə, xalqına sadiqlik onun ömür ölçüsüdür. Ömrü sürünməklə yox, şərəflə yaşaya-yaşaya başa vurmaq lazımdır. Torpaqlarımızın azadlığı uğrunda cavan ömrünü fəda vermiş milli qəhrəmanlarımız, gənc alimlərimiz, mədəniyyət və incəsənət xadimlərimiz və şairin özü kimi gənc yazarlarımız ləyaqətli ömür yaşayanların nümunəsidir.

Ələmdar Cabbarlı gənc olsa da, o, nurani bir el ağsaqqalı kimi hamını imana, dinə səsləyir. İnsan inamı ilə imanını itirməməlidir, nicat yolu ancaq əməlisalehlikdədir:

 

- Nicat gəzmə başqa yöndə,

Qurtuluş imanda, dində.

 

 yaxud:

 

- Çoxu şeytan felindədi,

İmanı da dilindədi.

Deyir dünya əlimdədi- ...

Amma...

Özü Allahın əlində.

 

Dünyanı ovcunun içində sıxmağı düşünən insan, əlbət ki, bədbəxdir. Kiməsə yamaq olub, ucuz hörmət, miras varidat yığmaq üçün gözü onun-bunun əlində olan insanlara gülür şair:

 

- Kimsəyə baş əyməz könlüm,

Bir könülə dəyməz könlüm.

Bəndəyə göz dikməz könlüm -

Gözü Allahın əlində!

Ələmdar Cabbarlı yönünü, səmtini bilən gəncdir. O, səmtini elmə, yönünü yaradana, arxasını elinə və oxucularına söykəyir:

 

- Şər əməli mən tutmaram,

Dolanaram gen - tutmaram.

Bəndəsinə yön tutmaram,

Yönüm Allaha sarıdı.

 

Şair qorxunun özünü qorxaqlıq bilir. O adam qorxur ki, onun xofu var. Həmişə oğru qorxaq olar, çünki onun əməli bəd, niyyəti haram, idimi pis, gözü ac olur. İnsan həmişə fikirləşməlidir ki, onun üstündə Tanrı sınağı var.

 

- Yaxşını tanıyar Tanrı,

Axtarar-arayar Tanrı.

Sevdiyini sınayar Tanrı,

Sınağı olan qorxmasın.

 

Gənc şair sadə qələmi ilə sözə həm qəhrəman çuxası, həm mələk donu geyindirir, həm qılınc kəsərliyi verir, həm də sevgi-məhəbbət dolu məlhəm yumşaqlığı gətirir.

Şeir əlində içərisi sərinlik şərbəti ilə dolu kuzəyə bənzəyir. Ürəyinin odunu söndürmək üçün başına çəkib son damlasına qədər içib “oxqay” deyirsən:

 

- Könlüm Kəlbəcərə köçüb yuxuda,

Özünə yurd-yuva seçib yuxuda.

Dağların suyundan içib yuxuda,

Səhər dururam ki, dişim göynəyir.

 

Ələmdar Cabbarlının yaradıcılığında özünəməxsus, xəfif gülümsəyən yumor qarışıqlı şeirlər və satira da var. O, bu şeirləri ilə müasir gəncləri hər şirin dilə, bayağı hisslərə, ötəri əyləncələrə, süni boyalara aldanmamağa, ayıq olmağa çağırır, saf məhəbbətə bağlanın deyir:

 

- Üzdü işvə məni, üzdü naz məni,

Bu yollarda az gözlətdir, az məni.

Dedi, kənddən gəlib, anlamaz məni

Dərə uşağıdı, düz uşağıdı.

Bitib yollarında qala bilərdim,

Yarı öz günümə sala bilərdim.

Mən ondan intiqam ala bilərdim -

Dəymədim xətrinə - qız uşağıdı...

 

Ələmdarın şeirlərində çox həyalı və dəliqanlı məhəbbət var.

 

“Dünən ölmüşəm sənsiz,

Sabah üçüm olacaq”

 

Bəziləri bu ifadəni boğazdan yuxarı, söz xətrinə deyir. Amma Ələmdar bunu Füzulinin Məcnunu kimi, şair kimi deyir.

Şair müasir dövrdə dünyanı qana çalxayan, onun-bunun torpağında, sərvətində gözü olan şər qüvvələrlə balaca boyu və qələmi ilə mübarizə aparır. Dünya dövlətlərini qan tökməməyə, ədaləti bərpa etməyə, hər kəsə şirin olan - (balaca bir bülbülə qaratikan kolluğu şirin Vətən olduğu kimi) vətəndə azad yaşamağa kömək etməyə çağırır:

 

- Bizi odlayanı, oda salan yox,

Şərin ürəyinə qada salan yox.

Vətən davasını yada salan yox,

Sərvət paylaşmağın davası düşüb.

 

Dünyanın cənnətinə dəyişmədiyi vətəni olan Kəlbəcər üçün burnunun ucu göynədiyini deyir:

 

- Ürəklərdə dərdin-qəmin hörgüsü,

Gözümüzdə boş vədlərin mürgüsü.

Yaman sıxıb məni Bakı bürküsü -

Könlümə Kəlbəcər havası düşüb.

 

Ələmdar Cabbarlının poeziya qələmi kimi, nəsr qələmi də güclüdür. Onun “Aptekçi”, “Test”, “Ağsaqqal” və “Portret” hekayələrində köhnəliklə yenilik müqayisəli şəkildə üz-üzə dayanır. Hekayələrin məzmununda insanların düzgünlüyə, mübarizliyə can atması, məddahlıqdan, riyakarlıqdan, yaltaqlıqdan uzaq olması əsas yer tutur. Müəllifin hekayələrindəki obrazlar özünəməxsus cizgilərlə verilib. Obraz elə çəkilib, rənglənib, təsvir edilib ki, oxucu əsəri oxuduqca obrazın şəkli canlı insana çevrilir. Hətta rəssamlığı bacara bilməyən oxucu belə o obrazın şəklini çəkib onunla canlı danışır. Bu, gənc ədibin özünəməxsusluğudur.

Xalqımızın qədim bir misalı var: “Görünən dağa nə bələdçi?” Həm də belə bir deyim var: “Qollu-budaqlı ağaca yaxınlaşmasan, kölgəsini biləmməzsən”. Ələmdar Cabbarlının həm poeziya, həm də nəsr yaradıcılığı göz qabağındadır. Onun haqqında müsbət fikir söyləyən yaradıcı adamların sayı yüzlərlədir... Gəlin istedadlı bu gəncin qollu-budaqlı yaradıcılığına daha da yaxın duraq... Kölgəsi bizi sərinlətsin.

Mən gənc şairə daha böyük yaradıcılıq uğurları, qələminə güc və özünə döşündən süd əmdiyi Dəlidağ dəyanəti arzulayıram.

 

 





05.11.2013    çap et  çap et