525.Az

Reproduktiv sağlamlıq və donorluqla bağlı layihələr müzakirələrə hazırdır


 

Reproduktiv sağlamlıq və donorluqla bağlı layihələr müzakirələrə hazırdır<b style="color:red"></b>

Uzun illərdir parlamentin gündəmində olan "Reproduktiv sağlamlığın qorunması haqqında" və "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" yeni qanun layihələri birinci oxunuşda Milli Məclisin (MM) payız sessiyasının dekabr ayında keçiriləcək plenar iclaslarının müzakirəsinə çıxarıla bilər.

"525"ə açıqlamasında MM-in Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev İşçi qrupları tərəfindən hazırlanan adıçəkilən qanun layihələrinin komitədə müzakirələrdən keçirildiyini və plenar iclasların birinci oxunuşuna tövsiyə olunduğunu bildirib.

Onun sözlərinə görə, hər iki qanun layihəsi təkmil vəziyyətdə  və müzakirələrə tam hazırdır.

M.Quliyev hər iki sənəddə, xüsusilə də, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" yeni qanun layihəsində xeyli yeniliklərin olduğunu bildirib. "Hər ikisi çox mühüm qanun layihəsidir. Uzun müddətdir gündəmdədir. Hər iki qanun layihəsini də komitəmizdə müzakirələrdən keçirib, plenar iclasa tövsiyə etmişik. Büdcə müzakirələri yekunlaşdırıldıqdan sonra-payız sessiyasının qalan iclaslarında hər iki qanun layihəsi birinci oxunuşda gündəliyə salına və müzakirə oluna bilər. Çalışacağıq ki, ən azı biri dekabrı ayında keçiriləcək iclaslardan birində müzakirəyə çıxarılsın. O biri qanun layihəsi isə 2020-ci ilin yaz sessiyasına qala və  həmin sessiyada müzakirələrə çıxarıla bilər. Hər iki qanun layihəsi olduqca vacibdir, qəbulu da cəmiyyət tərəfindən səbirsizliklə gözlənilir..." - deyə M.Quliyev sözlərinə əlavə edib.

Qeyd edək ki, dekabrın ilk plenar iclasın ayın 3-də keçiriləcək və ümumuiyyətlə, gələn ay ən azı 3 plenar iclasın keçirilməsi nəzərdə tutulur.

Kamil HƏMZƏOĞLU

 





27.11.2019    çap et  çap et