525.Az

Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafında mühüm töhfə


 

AZƏRBAYCANIN BİRİNCİ VİTSE-PREZİDENTİ MEHRİBAN ƏLİYEVANIN RUSİYA SƏFƏRİ İKİ ÖLKƏNİN MÜNASİBƏTLƏRİNİN MÖHKƏMLƏNMƏSİNDƏ YENİ SƏHİFƏ AÇACAQ

Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafında mühüm töhfə<b style="color:red"></b>

Azərbaycanla Rusiya arasında münasibətlər bu gün yüksək inkişaf mərhələsindədir. İki ölkənin əlaqələrində demək olar ki, bütün sahələr üzrə dinamizm mövcuddur.

Təbii ki, burada tarixi bağlılıq, yaxın qonşuluq münasibətləri də öz rolunu oynayır. Lakin həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın bu münasibətlərin yüksək səviyyəyə çatmasında mühüm rolları var. Bir neçə gün əvvəl Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri, keçirdiyi görüşlər bunu bir daha sübut edir. Əlbəttə ki, Rusiya Federasiyasının da Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verməsi ayrıca qeyd edilməlidir. Öz növbəsində, Azərbaycanın xarici siyasət kursunda da Rusiya Federasiyası ilə qarşılıqlı faydalı münasibətlər vacib yer tutur. Azərbaycanın Birinci vitse-prezidentinin səfəri kifayət qədər maraqlı, faydalı və məhsuldar oldu. Mehriban Əliyevanın dörd günlük səfərdə həm Rusiya Prezidenti, həm də Baş naziri, eləcə də Federasiya Şurası sədri ilə görüşməsi, eyni zamanda, "Dostluq" ordeni ilə təltif olunması bu səfərin əhəmiyyətini bir daha vurğulayır.

Birinci vitse-prezident Mehriban Əliyevanın səfəri zamanı Moskvada keçirilən X Azərbaycan-Rusiya Regionlararası Forumu da əməkdaşlığın genişlənməsi baxımından vacib əhəmiyyətə malikdir. Forumda iştirak edən Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi: "Regionlararası əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsidir. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə iqtisadi əlaqə saxlayır. Regionlararası forumların keçirilməsi yaxşı bir ənənəyə çevrilib və regionlararası əlaqələrin genişlənməsi işində mühüm rol oynayır. Keçən ilin sentyabrında Bakıda bundan əvvəlki forumun açılışında iki dövlətin başçılarının iştirakı regionlararası əməkdaşlığa ali səviyyədə əhəmiyyət verilməsinə dəlalət edir. Budəfəki forum çərçivəsində rəqəmsallaşma, kənd təsərrüfatı, turizm sahələrində, humanitar sahədə ikitərəfli qarşılıqlı fəaliyyətin perspektivləri ətraflı müzakirə edilib. Ümidvaram ki, əvvəlki illərdə olduğu kimi, bu forumun da nəticələri bizim ikitərəfli münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verəcək".

Səfəra Rusiya mətbuatı, ekspertləri də böyük diqqət yetirib. Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla münasibətlər komitəsinin sədri Leonid Kalaşnikov hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya çox yüksək və dərin hörmətlə yanaşdığını əyani şəkildə nümayiş etdirdi. Və Mehriban xanım bu hörmətə əlbəttə ki, layiqdir.

O bildirib ki, Prezident Putinin özü Mehriban Əliyeva ilə görüşdə ona "Dostluq" ordeninin təqdim edilməsinin Azərbaycanda yüksək vəzifəli şəxs olması ilə birbaşa əlaqəli məsələ olmadığını, Rusiya-Azərbaycan münasibətlərinə verdiyi dərin dəstəklə bağlı bunun düşünülmüş qərar olduğunu deyib. Rusiyanın dövlət başçısı Mehriban Əliyevaya bu işinə və dostluğa görə təşəkkür edib.

"Bir neçə ay əvvəl Mehriban Əliyeva ilə danışdım və doğrudan da onun Azərbaycanda rus dilinin və rusdilli məktəblərin qorunub saxlanmasına, inkişafına verdiyi töhfələr böyükdür, bu, onun şəxsi əməyidir. Ölkələrimiz arasındakı münasibətlərin indiki kimi olması üçün həm Rusiya, həm də Azərbaycan tərəfindən müəyyən səylər göstərilməlidir. Azərbaycan Prezidenti və Birinci vitse-prezident tərəfindən bu səylər göstərilir", - deyə Kalaşnikov əlavə edib.

Komitə sədri xatırladıb ki, görüşlər zamanı Mehriban Əliyeva Moskvanın onun üçün doğma şəhər olduğunu qeyd edib. "Prezident Putin Mehriban Əliyevanın Azərbaycanda verdiyi töhfəni və Rusiya-Azərbaycan münasibətləri üçün nə etdiyini başa düşür. Xanım Əliyeva Rusiya ilə dost münasibətlərini sözlə deyil, əməllə göstərir. Bunun üçün ona minnətdarıq. Rusiyada bunu çox yaxşı başa düşürlər. Beləliklə, Prezident Putin bu töhfəyə görə təşəkkürünü açıq şəkildə nümayiş etdirdi.

Hər kəs Mehriban Əliyevanın Rusiyada necə qarşılandığını, ona hansı münasibət göstərildiyini gördü. Bütün prezidentlər belə qarşılanmır. Səfər iki dövlət arasında münasibətlərin hansı səviyyədə olduğunu bir daha sübut etdi. Mehriban Əliyeva Azərbaycanla Rusiya arasında münasibətlərin bu gün tarixdə ən yüksək səviyyədə olduğunu vurğuladı. Və bu, konkret dövlət adamlarının işinin, Rusiya və Azərbaycan prezidentləri və birinci vitse-prezident arasındakı münasibətlərin nəticəsidir. Bunu qiymətləndirmək və başa düşmək lazımdır".

Səfəri şərh edən politoloq Arzu Nağıyev isə bildirib ki, Azərbaycanın Birinci vitse-prezidentinin bu günədək layiq görüldüyü çoxsaylı beynəlxalq mükafat və təltiflərin bir qismi məhz onun xoşməramlı səfir kimi gördüyü işlər, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. Onun sözlərinə görə, bu gün Azərbaycan dünya ölkələri ilə münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurub və bu əlaqələr bir çox sahələri əhatə edir: "Ölkəmiz dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə əlaqələri də daim diqqətdə saxlayır. Göründüyü kimi, son zamanlar iki ölkə arasında müxtəlif sahələri əhatə edən bir sıra müqavilələr və sazişlər imzalanıb. Sözsüz ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da bu münasibətlərin inkişafında xidmətləri misilsizdir. Elə bu günlərdə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif olunması da bunun əyani sübutu oldu. Rusiya dövlət başçısının Nova-Oqaryovadakı iqamətgahında keçirilən görüşdə Mehriban xanım Əliyevaya Rusiya Prezidenti Vladimir Putin tərəfindən "Dostluq" ordeni təqdim edildi. Bunun bir daha Azərbaycan dövlətinə, Mehriban xanımın fəaliyyətinə verilən bir dəyər olduğu vurğulandı. Hər zaman yüksək təvazökarlığı və səmimiyyəti ilə seçilən Mehriban xanım Əliyeva "Bizim ölkələrimiz arasında münasibətlər möhkəm mehriban qonşuluq və dostluq ənənələrinə malikdir" deyərək, Rusiya Federasiyası ilə münasibətlərin Azərbaycanın xarici siyasətində çox mühüm yer tutduğunu vurğuladı".

Arzu Nağıyev bildirib ki, Mehriban xanımın Rusiya səfəri, keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə və inkişafına öz müsbət töhfələrini verəcək: "Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan tarixində xalqının, dövlətinin taleyində müstəsna rol oynamış, öz qərarları və atdıqları addımlarla xalqımızın gələcəyinə işıq tutmuş görkəmli qadınlarımız olub. Çox sevindirici haldır ki, bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin inkişafına həsr edən işgüzar, cəsarətli, vətənpərvər xanımlar mövcuddur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bu baxımdan müsbət örnək kimi göstərilə bilər. Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən fəaliyyəti Azərbaycan xalqının və dövlətinin maraqlarını əks etdirir".

Millət vəkili Sona Əliyevanın sözlərinə görə, bu gün Rusiya və Azərbaycan arasındakı siyasi, iqtisadi, mədəni və bir çox sahələrdəki əməkdaşlıq çox yüksək səviyyədədir. Bu əlaqələrin əsası Ümummili liderimiz tərəfindən qoyulub: "Cənab Prezidentimiz İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində şimal qonşumuzla hazırkı əlaqələrimiz özünün ən yüksək səviyyəsinə çatıb. Heç şübhəsiz ki, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın da bu əlaqələrin inkişafında danılmaz xidmətləri var. Mehriban xanım Əliyevaya Rusiya dövləti tərəfindən verilən orden onun bu əlaqələrin inkişafındakı xidmətlərinin sübutudur".

Ölkənin Birinci vitse-prezidentinin bu postda Rusiya Federasiyasına ilk rəsmi səfərini şərh edən millət vəkili bildirib ki, Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır: "Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr və sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə, mütəmadi olaraq, keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr və vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır".

Millət vəkili onu da qeyd edib ki, dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır. Onun sözlərinə görə, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır: "Hörmətli Mehriban xanım Əliyeva Azərbaycanın Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da, Rusiya ilə münasibətlərimizin inkişafında xidmətləri kifayət qədərdir. Elə bu günlərdə Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşü bu əlaqələrin davamlı olduğunun daha bir göstəricisidir. Bu gün ölkəmizdə Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq da diqqəti çəkəndir. Qarşılıqlı sərmayə qoyuluşu artır. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar məbləğində sərmayə qoyub. Mühüm olan odur ki, hökumətlərarası komissiyanın təhlilinə görə, bu potensialdan tam şəkildə istifadə edilməyib, daha 2-3 dəfə artım mümkündür". Millət vəkili bildirib ki, humanist, xeyriyyəçi layihələrin təşəbbüskarı kimi nüfuz qazanan Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti və genişmiqyaslı layihələri ilə beynəlxalq aləmdə böyük nüfuza malikdir: "Mehriban Əliyeva təkcə Azərbaycanda deyil, bir sıra məkanlarda geniş aksiyalar həyata keçirir. Bu humanitar və mədəni tədbirlər, artıq beynəlxalq məkana bəlli olan həqiqətdir. Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi maraq doğuran və əhəmiyyətli tədbirlər sırasındadır".

PƏRVANƏ

 





27.11.2019    çap et  çap et