525.Az

Minlərlə insanı həyata qaytarmış cərrah - Kamal Yusufov-100


 

Minlərlə insanı həyata qaytarmış cərrah - <b style="color:red">Kamal Yusufov-100</b>

Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, xəstə üçün ata, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir. 

Hippokrat 

Bu gün - noyabrın 27-si Azərbaycan səhiyyəsinin görkəmli nümayəndələrindən biri, bütün ömrünü tibb elminə və insanların sağlamlığına həsr etmiş tanınmış cərrah, Respublikanın Əməkdar həkimi Kamal Yusufovun anadan olmasından 100 il ötür.

Kamal Yusufov 27 noyabr 1919-cu ildə Şuşa şəhərində, papaqçı ailəsində anadan olub. Orada orta təhsilini alıb, Şuşa Pedaqoji Texnikumunu bitirib. 1938-1939-cu illərdə rayonun "kolxoz bayrağı" qəzetinin məsul katibi vəzifəsində işləyib. Ordu sıralarına çağırılanadək Şuşanın Quşçular kənd məktəbində müəllim işləyib.

1939-cu ildən Belorusun Lyuboml şəhərində ordu sıralarında sıravi əsgər kimi qulluq etməyə başlayıb, az sonra serjant rütbəsi alıb. Böyük Vətən müharibəsi başlayanda Kamal Yusufov pulemyotçu bölmənin komandiri təyin edilib. 1942-ci ilin sonlarında ağır yaralanaraq ordudan təxris edilib. Doğma şəhərinə qayıtdıqdan sonra 2 il Şuşa Rayon İcraiyyə Komitəsinin məsul katibi vəzifəsində çalışıb.

1944-cü ildə Kamal Yusufov Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1949-cu ildə professor F.A.Əfəndiyevin rəhbərlik etdiyi pediatriya və sanitar-gigiyena fakültəsinə, kliniki cərrahiyyənin ordinaturasına qəbul edilib. Ordinaturanı bitirdikdən sonra, 1953-cü ilin fevral ayında respublika Səhiyyə Nazirliyinin göndərişi ilə Mingəçevir şəhər xəstəxanasının cərrahiyyə şöbəsinə müdir və baş cərrah təyin edilib. Az bir vaxtda kollektivin və şəhər əhalisinin hörmətini qazanıb. Öz sahəsində çox yaxşı mütəxəssis hesab edilən Kamal Yusufov elmi, nəzəri və praktik biliklərini artırmaqdan da əl çəkməyib.  

1959-cu ildə Leninqrad həkimləri Təkmilləşmə İnstitutunda ortopediya, protezləşdirmə və travmatologiyanın əsasları, 1960-61-ci illərdə Tiflis həkimləri Təkmilləşdirmə İnstitutunda torakal cərrahiyyəsi, 1965-ci ildə Rusiya Səhiyyə Nazirliyinin klinikasının proktologiya elmi-tədqiqat laboratoriyasında proktologiya üzrə ixtisaslaşma kursları keçib.

1966-cı ildə Səhiyyə Nazirliyinin təqdimatı ilə özünün yaratdığı Respublika Kliniki Xəstəxanasının proktologiya şöbəsinə müdir təyin edilib. 1968-ci ildə Mingəçevir şəhər Partiya Komitəsinin və ZDS İcraiyyə Komitəsinin vəsadəti ilə yenidən Mingəçevir şəhər xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri və baş cərrahı təyin olunub.

1968-ci ilin iyun ayında Kamal Yusufova tibb sahəsində əvəzsiz xidmətlərinə görə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Respublikanın Əməkdar həkimi fəxri adı verilib. Onu da qeyd edək ki, Kamal Yusufovun əməyinin dövlət tərəfindən qiymətləndirilməsi bununla yekunlaşmır. Fəaliyyəti dövründə o, "Arxa cəbhədə rəşadətli əməyə görə" (1945), "Rəşadətli əməyə görə" (1961) medalları ilə, "Vətən müharibəsi" ordeni ilə (1985), "Səhiyyə əlaçısı" nişanı ilə, Ali Sovetin fəxri fərmanları ilə də təltif edilib.

1985-ci ilədək Respublika Cərrahlar Cəmiyyəti İdarə Heyətinin və "Azərbaycan tibb jurnalı" redaksiyası şurasının üzvü olub. Ümumittifaq cərrahlar qurultayında (Moskva, 1955-ci il), uroloqların 1-ci Ümumittifaq qurultayında (Bakı, 1972-ci il), Zaqafqaziya cərrahlarının və həkim-proktoloqların (Moskva, 1972-ci il) 4-cü konfranslarında nümayəndə və məruzəçi kimi iştirak edib.

1973-75-ci illərdə Mingəçevir şəhər səhiyyə şöbəsinə Kamal Yusufov rəhbərlik edib. 1979-cu ildə paytaxta - Bakı şəhərinə köçüb. 1980-ci ildən 1983-cü ilədək Respublika Kliniki Xəstəxanasının proktologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 1983-cü ildən ömrünün sonunadək həmin xəstəxananın cərrahiyyə korpusunun qəbul şöbəsinə rəhbərlik edib. Kamal Yusufov 1999-cü ilin mart ayında vəfat edib.

Kamal Yusufovgil ailədə yeddi qardaş olublar. Onlardan altısı müharibəyə yollanıb, beşi geri qayıtmayıb. Cəbhədən yaralı qayıtmasına baxmayaraq, Kamal özündə güc tapıb həyata davam edib. Təkcə öz əvəzindən yox, həm də müharibədə həlak olmuş qardaşlarının əvəzindən yaşamağı bacarıb. Həkimlik fəaliyyəti dövründə on minə yaxın (8110) cərrahi əməliyyat aparıb. Minlərlə insanın sağlamlığını, həyat eşqini yenidən özünə qaytarıb, neçə-neçə ailəni vaxtsız insan itkisinin faciəsindən xilas edib.

İstər həkim yoldaşları, istərsə də pasiyenti olmuş insanlar deyirlər ki, Kamal Yusufov xəstələri yalnız dərin elmi-nəzəri biliyi, yüksək bacarığı, zəngin təcrübəsi ilə deyil, həm də özünün insanpərvərliyi - mehriban davranışı, şəfqətli baxışları, böyük ürəyi ilə sağaldıb həyata qaytarırdı. Təkcə Bakıda yox, ömrünün böyük hissəsini yaşayıb, işlədiyi Mingəçevirdə də onun xatirəsi tanıyanlar tərəfindən daim ehtiramla yad edilir.

Kamal Yusufov 1963-cü ildə ailə qurub. Üç övladı dünyaya gəlib: bir qız, iki oğlan. Ailənin kiçik oğlu Rauf Yusufov hazırda atasının peşəsini davam etdirir, həkimdir. Rusiyanın Farmasintez şirkətinin Azərbaycan nümayəndəsidir. Ailənin digər iki övladı Kamilə Ağayeva və Kamil Yusufov geofizika sahəsini seçiblər.

Kamil Yusufov Norveçin Logtek AS neft və qaz servis şirkətinin Baş Geodata Məsləhətçisidir. Kamilə Ağayeva AMEA-nın Geologiya İnstitunun böyük elmi işçisi, geologiya və mineralogiya üzrə fəlsəfə doktorudur.  

Övladlarının dediyinə görə, Kamal Yusufov həkimlikdən başqa, həm də çox yaxşı aşpaz olub. Vaxtaşırı, ailəsi və yaxın dostları üçün Qarabağ mətbəxinin ləziz xörəklərini bişirirmiş. Qarabağsayağı plovları xüsusi sevgilə hazırlayırmış. O, kitab oxumağı və muğama qulaq asmağı da çox sevərmiş. İstirahət günlərində radioda gedən muğam saatı verilişinin heç bir buraxılışını ötürməz, sevə-sevə dinləyərmiş. Ən çox sevdiyi məşğuliyyətlərdən biri də övladlarını muzeylərə aparmaq və onlarla birgə tarixi abidələr olan yerləri gəzmək olub Kamal Yusufovun... 

P.S. İstirahət günlərinin birində Kamal həkim ailəlikcə Bakıda yaşayan yaxın dostunun övlad toyuna gedir. Toyda təzəcə oturub rahatlanıbmış ki, Mingəçevirdən xəstə gətirildiyini xəbər verirlər ona. "Evin yeganə övladıdır," - deyirlər - vəziyyəti ağırdır, ağacdan yıxılıb, daxili qanaxması var.

Kamal həkim dərhal toy məclisini tərk edib işə gedir. Çox gərgin cərrahi əməliyyatdan sonra xəstə ölümün pəncəsindən xilas olur...

İllar sonra - bir gün Kamal həkim işdə olarkən gənc bir ailə otağına girir. Cavan oğlan, yanında da qucağında bələk tutmuş gənc xanım. Salam verəndən sonra oğlan sual dolu baxışlarını həkimə zilləyib dillənir:

- Həkim, tanımadınız? Vaxilə siz məni ölümdən qurtarmısınız. Ağacdan yıxılan oğlanam, ailə qurmuşam, yanımdakı xanımımdır. Bu günlərdə oğlumuz olub, gəlmişəm ki, xeyir-dua verəsiniz, adını Kamal qoyaq...

SEVİNC

 





28.11.2019    çap et  çap et