525.Az

Asfalta çəkilmiş rəsmlər - İntiqam Mehdizadədən 3 şeir


 

Asfalta çəkilmiş rəsmlər - <b style="color:red">İntiqam Mehdizadədən 3 şeir </b>

İnternetdə rast gəldiyim bir fotoşəkil məni dərindən sarsıtdı. Yüzlərlə istifadəçinin şərhlərindən, şəklə yazdıqları statuslardan məlum oldu ki, anasının atıb getdiyi körpəcə qız uşağının şəklidir bu.

Sən demə, özünün uşaq təxəyyülündə canlandırdığı anasının obrazını təbaşirlə soyuq asfalt üzərinə çəkmiş, sonra da o təsvirin sinəsini ana qoynu sanıb başını köksünə qoyub yuxuya getmişdir. Bu görüntüdən təsirlənən saysız - hesabsız internet istifadəçilərinə mən də qoşuldum, az qala hönkürə - hönkürə bu sətirləri yazdım.

Ağzında süd qoxusu, əllərin təbaşirli
Arzun ana qucağı, məsum çöhrən fikirli

Qalx ayağa gözəlim, soyuq kəsər, qurudar
Anan atıb gedibsə, səni kimlər ovudar?

O möhtəşəm rəsminə min əhsən deyir hərə
Səttar baban görərsə, fırçasın qoyar yerə.

Çəkdiyin o əsəri Allah baban görəcək
Mələklərin göndərib sənə yiyə duracaq.
Bir azca döz balacam, qoy havalar isinsin
Anan bu şəkli görüb bəlkə insafa gəlsin.

Ürəyimə damıb ki, sənətkar olacaqsan
Allahın köməyilə səadət bulacaqsan.

1 dekabr 2017.         

BALACA ƏZABKEŞ
        
İstedadlı müğənni xanımla "Apar məni" adlı son dərəcə təsirli bir mahnı - duet oxuyan azyaşlı oğlana üz tutdu.

Səni bu səhnəyə kim çıxarıbdı
Sən hardan biləsən ayrılıq nədir?
Oxuma, balaca, o sənlik deyil
Ayrılıq əzabın çəkənlər bilər.

Boyun bircə qarış, səsin ilahi
Saxla göz yaşını, gərəyin olar
Dərd, ələm yaşınca, boyunca deyil
Hər yaşın öz sözü, öz ahəngi var.

Ağzından süd iyi getməyib hələ
Düş ordan, oxuma, xamsan, uşaqsan
Ayrılıqdan başın çəkməyib hələ
Hicran tonqalında qovrulmamısan.

Uşağın öz yolu, gəncin öz yolu
Bu gidi dünyanın öz qanunu var
Səni öz yolundan salıb aralı
Məsum duruşundan faydalanırlar.

Çıxma ekranlara hələ körpəsən
İçini dərd, ələm ovanda oxu
Əl açıb mərhəmət umduğun adam
Səni qapısından qovanda oxu.

Kim səni salıbdı bu dağa, daşa
Hönkürtü, göz yaşı sənlikdi məyər?
Çəkil get, inanma küyə, alqışa
Başına gələnlər başmaqçı olar.

Bilirsənmi oğlum, dost məclisinə
Borc alıb könülsüz getmək necədir?
Can verən ananın son nəfəsinə
Çatmayıb yollarda qalmaq necədir?

Dünyada hamıdan güclü sandığın
Atan qamətini əyəndə oxu
Anan körpəsinin urvalığıyçın
Qonşu qapısını döyəndə oxu.

"Apar məni" deyib kövrəltdin məni
Səni kim itirib kim axtaracaq
Anası Dubayda azan yetimin
Günü, güzaranı çətin olacaq.

Biri zurna çalan, biri dəf vuran
Nəfsinin, qarnının quludur çoxu
"Apar məni" deyib hönkürən oğlan
Di haydı, yeri get dərsini oxu.

14 fevral 2016.

DƏRİN YUXU

Orxanın dul anası adlı - sanlı həkimdi
Əri öləndən sonra bir dula ərə getdi.
Kişinin ilk nigahdan  üç şuluq  oğlu vardı
Qadın ögeyləri də balası tək sevərdi.

Çox vaxt doğma övladın gözdən iraq qoyardı
Üç dəcəli daha çox əzizləyib oxşardı.

Gün keçir, aylar ötür, uşaqlar böyüyürdü
O üç qardaş bir olub  Orxanı  döyürlərdi.

Sonra da bir gün axşam ... deməyə dilim gəlmir
Orxan öz  yatağına döşənib sayaqladı.

Bayılıb sustalmışdı xəstə uşaq  ağrıdan
Arıq, zəif bədəni yanırdı qızdırmadan.

Xəyalında doğmaca atasını görüb sağ
Uçunurdu ki, gəlib yanına  aparacaq.

Sonra onu çox ağır, dərin yuxu apardı
Ögey qardaşlarından, anasından ayırdı.

Buz kəsilmiş təniylə qalxaraq yatağından
Kiminsə qucağında havaya qalxdı yerdən.

Bir də gördü o  qollar atasının qoludur
Getdiyi yol işıqlı axirətin yoludur.

Qışqırdı canım ata, qoyma qayıdam geri
Apar məni, tez apar görüm  olduğun yeri.

... Sarmaşıb bir birinə  iki ruh yol gedirdi
Anasa Orxanının cismin qucaqlayırdı.

18 mart 2017

 





28.11.2019    çap et  çap et