525.Az

“Çox çevik siyasət aparmaqla daha çox gəlir əldə etmək üçün ancaq az riskli aktivlərə fikir verməliyik”


 

“Çox çevik siyasət aparmaqla daha çox gəlir əldə etmək üçün ancaq az riskli aktivlərə fikir verməliyik”<b style="color:red"></b>

“Mən əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirirəm. O cümlədən bildirmək istəyirəm ki, mən Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı fondlarının rəhbərləri ilə görüşlər keçirmişəm və çox böyük məmnunluq hissi ilə deyə bilərəm ki, onların da Fondumuz haqqında fikirləri çox müsbətdir”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Dövlət Neft Fondu nəinki ölkə ərazisində önəmli layihələr icra edir, eyni zamanda, dünyanın aparıcı fondları ilə də, - o fondların vəsaiti yüz milyardlarla ölçülür, - əməkdaşlıq edir və onlarla birlikdə müxtəlif sərmayə layihələrində iştirak edir.

“Bu, Fondun, ilk növbədə, nə qədər səmərəli təşkilat olduğunu göstərir. Digər tərəfdən, dünyanın vəsaiti yüz milyardlarla ölçülən aparıcı fondları öz reputasiyalarına çox böyük həssaslıqla yanaşırlar və onlar üçün pul əsas deyil. Onlar üçün əsas reputasiya və şəffaflıqdır.

Bizim üstünlüyümüz ondadır ki, Fondumuz təkcə bir xəzinə kimi yox, doğrudan da önəmli beynəlxalq təşkilat kimi ölkəmizin imicinə çox müsbət təsir göstərir. Hesab edirəm ki, gələcəkdə dünyanın aparıcı maliyyə qurumları ilə bizim əməkdaşlığımız dərinləşməlidir. Fondun investisiya portfelinin şaxələndirilməsi istiqamətində indi aparılan işlər qənaətbəxşdir. Ancaq həyat yerində durmur, yeni alətlər meydana çıxır, yeni sərmayə yerləri maraq doğurur. Ona görə siz bu sahədə də çox çevik siyasət aparmalısınız. İndi dünyada iqtisadi inkişaf qeyri-bərabər şəkildə gedir. Bəzi ölkələrin iqtisadiyyatı daha böyük inkişafla artır. Ona görə biz çox çevik siyasət aparmaqla daha çox gəlir əldə etmək üçün ancaq az riskli aktivlərə fikir verməliyik.

İndi Fondun komandası da çox təcrübəlidir, uzun illərdir ki, işləyir. Siz də on ildən çoxdur ki, müavin vəzifəsində işləyirsiniz. Əminəm ki, müsbət dinamika davam etdiriləcək”, - deyə dövlət başçısı vurğulayıb.

 





29.11.2019    çap et  çap et