525.Az

Azərbaycanda müasir ərəbşünaslığın banisi - Elxan Əzizov yazır


 

Azərbaycanda müasir ərəbşünaslığın banisi - <b style="color:red">Elxan Əzizov yazır </b>

Azərbaycanın görkəmli şərqşünaslarından yalnız az qisminə yeni bir sahəni yaratmaq qismət olmuşdur. Belə alimlər arasında Əməkdar elm xadimi, Prezident təqaüdçüsü Ələsgər Məmmədov (1919-2000) xüsusi yer tutur. Hələ sağlığında o, müasir ərəbşünaslığın banisi kimi nəinki vətənimizdə, həmçinin, onun hüdularından kənarda da şöhrət qazanmışdır.

Ələsgər müəllim 1933-1937-ci illərdə N.Nərimanov adına sənaye tex-nikumunda, 1937-1941-ci illərdə isə Pedaqoji İnstitutun alman dili şöbəsində təhsil almışdır. Eyni zamanda, Bakı hərbi Dəniz məktəbində alman dilindən dərs demişdir. 1941-ci ilin iyul ayında Ə.C.Məmmədov Azərbaycan, Gürcüstan və Ermənistandan olan nümayəndələrlə birlikdə Şərq dillərini öyrənmək üçün Moskvaya göndərilmiş və 1944-cü ildə Moskva Şərqşünaslıq Universitetinin ərəb dili üzrə hərbi şöbəsini bitirmişdir. 1945-ci ilin fevral ayından SSRİ Xarici İşlər Nazirliyində baş referent kimi əmək fəaliyyətinə başlamış, 1945-ci ilin dekabr ayından 1946-cı ilin fevral ayına qədər yüksək savadlı alman dili mütəxəssisi kimi faşist cəlladları üzərində aparılan Nürnberq prosesinə tərcüməçi sifəti ilə cəlb edilmişdir.

1947-ci ilin avqustundan Ələsgər Məmmədovun həyatı Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi ilə bağlıdır. O, aspirantlıqdan müəllim, dosent və professor vəzifəsinə qədər yüksəlmiş, dekan seçilmiş və yaratdığı Ərəb dili kafedrasının uzun illər müdiri olmuşdur.

Ələsgər müəllim onlarla elmi məqalənin, orta və ali məktəblər üçün rus və Azərbaycan dillərində 30-dan çox ərəb dili dərsliyinin müəllifidir. Elmi və metodoloji cəhətdən yüksək səviyyədə yazılmış bu dərsliklərdən nəinki Azərbaycanda, eyni zamanda, Dağıstan, Tatarıstan, Orta Asiya respublikaları və digər şərqşünaslıq mərkəzlərində istifadə olunur.

Mən burada Ələsgər müəllimin həm orta, həm də ali məktəblər üçün yazdığı dərsliklərin əsas məziyyətləri haqqında qısa şəkildə danışmaq istərdim. Unudulmaz ustadı-mızın xüsusilə ali məktəblər üçün nəzərdə tutulmuş dərslikləri Rusiya və Sovet məkanında nəşr olunmuş digərlərindən (A.V.Boldırev. Kratkaə arabskaə qrammatika, 1827; A.V.Navroükiy. Opıt qrammatiki arabskoqo əzıka, 1867; N.V.Öşmanov. Qrammatika literaturnoqo arabskoqo əzıka, 1928; Muxtar Əfəndizadə. Mif-tah lisani-l-arab, 1946; B.Z.Xalidov. Uçebnik arabskoqo əzıka, 1956; A.A.Ko-valev, Q.Ş.Şarbatov. Uçebnik arabskoqo əzıka, 1960 və s.) onunla fərqlənir ki, onlarda nəinki ərəb dilini öyrənmək üçün vacib olan əsas qrammatik qanunları, eyni zamanda, ərəb dilçiliyinin ən incə məsələlərini əhatə edir. Ona görə də Ələsgər müəllimin bir sıra kitablarını yalnız dərslik deyil, eyni zamanda, elmi əsər saymaq olar.

Bu dərsliklərin başlıca xüsusiyyətlərindən biri də odur ki, mətnlər tələbələrə Ərəb Şərqinin tarixi, ədəbiyyatı, iqtisadiyyatı, coğrafiyası, adət-ənənəsi, mədəniy-yəti haqqında maraqlı məlumat verir. Müəllif Azərbaycan və dünya şərqşünaslarının həyat və yaradıcılıqlarını da yaddan çıxarmır.

Ələsgər müəllim qarşısına yalnız tələbələrin ədəbi danışıq dilini öy-rənməsini məqsəd qoymamış, onların ərəb atalar sözləri və zərbi-məsəllərindən xəbərdar olmasına, klassik ərəb şeirlərini əzbərlətməyə çalışmışdır. Görkəmli şərqşünas təmrinlərdə gətirdiyi misallarda özünün incə zövqü, daxili zənginliyi, dünyaya əsl kişi baxışı və fəlsəfi görüşlərini əks etdirmişdir.

Bütün bunların, necə deyərlər, xeyrini mən dördüncü kursdan sonra 1968-1969-cu illərdə Misirdə hərbi mütərcim və 1978-1982-ci illərdə Küveytdə baş mütərcim işlədiyim zaman əyani şəkildə gördüm. Belə ki, tərcümə əsnasında yeri düşəndə Ələsgər müəllimin dərsliklərindən öyrəndiyim atalar sözləri və məşhur şairlərin ibrətamiz beytlərini deyərkən ərəblərin necə heyran qaldığının şahidi olmuş, qəlbimdə ustadımızı minnətdarlıqla yad etmişəm.

1957-ci ildə açılmış ərəb şöbəsində bilavasitə Ələsgər müəllimin özünün dərs dediyi və sonralar onun dərslikləri sayəsində bu çətin dili mənimsəyən məzunları arasından şərqşünaslığın müxtəlif sahələrində onlarla elmlər namizədləri və doktorları yetişmişlər. Onlardan bəzi tanınmışları qeyd etmək istərdim: dilçilik üzrə akademik Vasim Məmmədəliyev, professorlar Malik Qarayev, Nəsrulla Məmmədov, ədəbiyyatşünaslıq üzrə professor Aida İmanquliyeva, akademik Gövhər Baxşəliyeva, professorlar Malik Mahmudov, İmamverdi Həmidov, Vilayət Cəfərov, Məmmədhəsən Qəmbərov, Kamandar Şərifov, Mahirə Quliyeva, Aida Qasımova, tarix üzrə akademiklər Nailə Vəlixanlı, Nərgiz Axundova, elmlər doktoru Nərgiz Əliyeva, fəlsəfə üzrə AMEA-nın müxbir üzvü Zakir Məmmədov, professor Rafiq Əliyev və başqalarını göstərmək olar.

Rəhbərlik etdiyi Ərəb dili kafedrasında kadrların çatışmazlığını nəzərə alaraq, Ələsgər müəllim ilk qəbulun beşinci kurs tələbələri Malik Qarayev, Nərmin Sultanlı və Rəna Əhmədovanı aşağı kurslarda dərs aparmağa cəlb etmiş, universiteti bitirdikdən sonra onları müəllim vəzifəsinə götürmüşdü.

1970-ci ildə təhsilimi başa vurub, Elmlər Akademiyası Yaxın Şərq xalqları (indiki Şərqşünaslıq) İnstitutunun "Ərəb ədəbiyyatı" ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdum. Ələsgər müəllim mənə saat hesabı qaydada dərs ayırmışdı. Lakin bu elmi işimi yazmağa mane olurdu. İki il belə keçdi, üçüncü il imtina etdim. Vaxtından iki ay qabaq dissertasiyamı bitirib, oxumaq üçün rəhbərim akademik Həmid Araslıya verdim. Ələsgər müəllim bunu eşidib, məni çağırtdırdı və bildirdi ki, xəbərim var, təkcə müdafiən qalıb, danışmışam, sənədlərini hazırla, səni müəllim götürürəm. Duruxduğumu görüb, özünəməxsus mimika ilə səsini qaldırdı: "Naz eləmə, bura göz dikənlər çoxdur". Beləliklə, 1974-cü ilin yanvarından pedaqoji fəaliyyətə başladım. Əslində, institutun direktoru olan akademik Həmid Araslı müdafiədən sonra məni üç illiyə Misirə elmi məzuniyyətə göndərmək imkanı olduğunu demişdi. İndi mən Ələsgər müəllimə ömrüm boyu minnətdaram, çünki kafedraya gəlməsəydim, 1991-ci ildən üç il fasilə ilə hal-hazıradək Şərqşünaslıq fakültəsinin dekanı vəzifəsində işləməyəcəkdim.

Ustadımız auditoriyada çox ciddiliyi və tələbkarlığı ilə fərqlənsə də, kənarda məzəli əhvalatlar, lətifələr danışmağı sevirdi, ona görə də həmişə ətrafındakıların diqqət mərkəzində olurdu. Bir dəfə Ələsgər müəllim səhhətinə görə, "Leçkomissiya"da yatırdı. Ona baş çəkmək üçün gedib, aşağıda qeydiyyat şöbəsində hansı palataya yerləşdiyini soruşdum. Pəncərədən gənc qız gülümsəyərək, "zarafatcıl professor" haqqında məlumat verdi. Yuxarı qalxanda foyedə əyləşmiş, kişili-qadınlı xəstələrin gülə-gülə Ələsgər müəllimin söhbətinə diqqətlə qulaq asdığının şahidi oldum. O, məni görüb "qalanını bir azdan danışaram" deyərək yaxınlaşdı. Dinləyicilərin məzəmmətli baxışlarından oxudum ki, "bu mərdimazar hardan çıxdı?"

Ömrünün son illərində ustadımızın ayaqlarında problemlər yaranmışdı, yeriməyi çətinləşmişdi. Mən dekan kimi o vaxtkı rektor, professor Murtuz Ələsgərovdan Ələsgər müəllimin dərslərini müstəsna hal kimi evində keçməsinə icazə verməsini xahiş etdim. O, bir qədər fikirləşib dedi: "Bu kişini savadına, məktəb yaratdı-ğına görə Prezident Heydər Əliyevdən tutmuş hamı tanıyır. İnanmıram ki, belə bir məşhur alimdən ötrü yuxarılar mənə irad tutsunlar, razıyam". Hörməli rektoru-muza təşəkkürümü bildirməyə söz tapmırdım. O, əlimi sıxdı: "Çox sağ ol ki, bu məsələni qaldırmısan". Tələbələrin isə sevincinin həddi-hüdudu yox idi.

Mən ustadımızın orta və ali məktəblər üçün bir necə dərsliyinin, xüsusilə, 1998-ci ildə nəşr olunmuş Şərqşünaslıq fakültəsi ərəb şöbəsinin I və II kursları üçün dərsliyin ixtisas redaktoru olmağımla fəxr edirəm.

1999-cu il dekabr ayının 1-də Bakı Dövlət Universitetində Ələsgər müəl-limin anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 60 illiyinə həsr olunmuş təntənəli toplantı keçirildi. Burada rəsmi dövlət xadimləri, ərəb ölkələrinin səfirləri, Şərqşünaslıq fakültəsinin tanınmış məzunları, Elmlər Akademiyası və ali məktəblə-rin nümayəndələri, tələbələr iştirak edirdilər. Ustadımızın həyat və yaradıcılığı haqqında əsas çıxış mənə həvalə olunmuşdu.

Danılmaz həqiqətdir ki, göstərdiyi möhtəşəm xidmətlərə görə Azərbaycanda nəinki şərqşünaslığın, həmçinin, ümumiyyətlə, təhsil və elm tarixində professor Ələsgər Məmmədovun adı ədədi yaşayacaqdır.

 





17.12.2019    çap et  çap et