525.Az

Bəzi abituriyentlər yeni qəbul modelinin mənimsənilmə arealından kənarda qalıb - Hesabat


 

Bəzi abituriyentlər yeni qəbul modelinin mənimsənilmə arealından kənarda qalıb - <b style="color:red">Hesabat </b>

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabatla bağlı geniş konfrans keçirilib.

APA-nın məlumatına görə, STM-in Daxili siyasətin təhlili departamentinin müdiri Tahirə Allahyarova ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabatı təqdim edib.

Hesabatda bildirilir ki, bu ilin fevral ayından yeni təhsil modelinin tətbiqi cəmiyyətə böyük müzakirələr doğurub. Onun barədə müsbət və mənfi yanaşmaların davam etdiyi bir şəraitdə Sosial Tədqiqatlar Mərkəzi buraxılış və qəbul imtahanlarında bu il tətbiq olunan yeni modelin müsbət və mənfi tərəflərini, ümumilikdə Azərbaycanın təhsil sisteminin bugünkü vəziyyətini və cəmiyyətin bu yeniliklərə münasibətini araşdırmaq üçün Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin nümayəndələri, abituriyentlər, valideynlər, müəllimlər və təhsil ekspertləri arasında cari ilin iyun-iyul aylarında ictimai rəy sorğusu keçirib. STM-in 539 respondent və 12 ekspert arasında keçirdiyi ictimai rəy sorğusu DİM-in regional mərkəzləri əsas götürülməklə 10 şəhər və rayonu əhatə edib. Sorğunun nəticələrinin təhlili göstərir ki, müasir təhsil texnologiyasına uyğun modelin tətbiqi barədə geniş maarifləndirmə işi həyata keçirilsə də, onun mənimsənilmə arealından bəzi abituriyentlər kənarda qalıb. Çünki kurikulumları mənimsəmə problemi meydana çıxıb. Ümumi fikrə görə, bu modelin tətbiqi orta və ali təhsil səviyyələri arasındakı bağları gücləndirir. Respondentlərin 45%-i yeni modeli faydalı hesab etməsə də, ekspertlər bildirir ki, yeni qəbul üsulu axtarışlara və islahatlara zəmin yaradaraq keyfiyyətə xidmət edir. Yeni qəbul modelinin məzmununa diqqət yetirərkən məlum olur ki, kurikulumla tətbiq edilən modelin proqramları arasında müəyyən problemlər mövcuddur. Hesabatda ictimaiyyətin test üsuluna birmənalı olmayan münasibəti də geniş tədqiq edilib. Ən vacib detallardan biri isə təhsildə repetitorun rolu ilə bağlı olub.
 
Məlum olub ki, sorğuda iştirak edən abituriyentlərin 86%-i repetitor yanında, 8 %-i məktəbdə, 6%-i isə özünün hazırlaşdığını bildirib. Fikri soruşulan abituriyentlərin 60 %-i qəbul imtahanlarının, 30%-i isə buraxılış imtahanlarının çətin olduğunu ifadə edib. Onların 54%-i açıqtipli suallarla bağlı çatışmazlıqlara diqqət çəkiblər. Əsas narahatlıq doğuran məqamlardan biri kimi isə yazı tipli tapşırıqların yoxlanılmasında yaranan problemləri, xarici dillər üzrə dinləmə qurğularının tətbiqindəki çatışmazlıqları bildiriblər. Təhsil ekspertləri isə qeyd ediblər ki, bu il balların aşağı düşməsi ətrafında ajiotaja ehtiyac yoxdur, yeni modelə keçidlə əlaqədar bu, müvəqqəti məsələdir. Respondentlərin 50 %-i hesab edir ki, imtahanda iştirakla bağlı ödənişin məbləği bahadır.

Hesabata əsasən, abituriyentlərin imtahana mənəvi – psixoloji cəhətdən hazırlaşmasında valideynlərin (45%) və müəllimlərin (33%) rolu var. Ümumi fikrə görə, orta məktəblərin tədris proqramlarında, kurikulumların mahiyyətinin mənimsənilməsində, dərsliklərin yazılmasında ciddi problemlər mövcuddur. Yeni model ilə bağlı keçirilən sosioloji sorğunun nəticələri bir daha sübut edir ki, hər bir yenilik cəmiyyət tərəfindən, adətən, birmənalı qarşılanmır və istər-istəməz müəyyən problemlərin ortalığa çıxması ilə müşayiət olunur. Bunun ilkin səbəbləri sırasında cəmiyyətin bu yeniliklər haqqında məlumatlılıq səviyyəsinin azlığı gəlirsə, yeniliklərin cəmiyyət üzvləri tərəfindən mənimsənilməsi, onlar üçün anlaşıqlı olması, hətta əksinə, mənimsəməyə cəhdin azlığı (bəzən asan yola üz tutması) da vacib məqamdır. Yeni tədris proqramının səmərəli və effektli olması üçün müəllimlərlə işləmək, onlara treninq və təlimlər keçmək lazımdır. Aparılacaq tədqiqat və monitorinqlər nəticəsində proqramın harada və niyə səmərə vermədiyini müəyyənləşdirmək lazımdır. Müşahidələr göstərir ki, bu il Apelyasiya Komissiyasına müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə çoxdur. Üstəlik, Apelyasiyada abituriyentlərin haqlı çıxma halları da bu il daha çox müşahidə olunub. Xüsusilə açıq tipli tapşırıqların bəzilərinin DİM-in markerləri tərəfindən qiymətləndirilməsindən sonra ortaya çıxan bəzi xətalar imtahan götürən müəssisəyə qarşı inamı istər-istəməz azaldır.

Respondentlərin 22%-i (98 nəfər) bu fikirdədir ki, buraxılış və qəbul imtahanlarının yeni modeli təkmilləşdirilməlidir. 53,5% (242 nəfər) respondent imtahanların əvvəlki model üzrə keçirilməsinin, 4,5%-i (19 nəfər) test üsulu ilə qəbulun ləğv olunmasının, 8%-i (38 nəfər) imtahanların bir dəfə keçirilməsinin tərəfdarı kimi çıxış edib. Ekspertlər arasında da bu məsələ ilə bağlı fikir ayrılığı müşahidə edilir. Belə ki, onların bir qismi ikipilləli imtahan modelini qəbul etsə də, lakin bu il keçirilən imtahanların nəticələrini ətraflı təhlil edib çatışmazlıqları aradan qaldırmağı, bu sahədə axtarış və islahatlar aparmaqla yeni modeli daha da təkmilləşdirməyi məqbul bilirlər. Digərləri təkpilləli, yəni yalnız qəbul imtahanlarının keçirilməsinin tərəfdarı kimi çıxış edirlər.

 





18.12.2019    çap et  çap et