525.Az

BDU-da dövlət təltiflərinin təqdimetmə mərasimi oldu


 

BDU-da dövlət təltiflərinin təqdimetmə mərasimi oldu<b style="color:red"></b>

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə bu təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.

Mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1919-cu ildə təsis edilən Bakı Dövlət Universitetinin ötən müddət ərzində keçdiyi şərəfli inkişaf yolundan, ölkədə ali təhsil sisteminin inkişafında, yeni elm və təhsil müəssisələri şəbəkəsinin formalaşmasında əvəzsiz rolundan söz açıb.

Nazir çıxışında universitetin yubileyi ilə bağlı ölkə səviyyəsində və xaricdə silsilə tədbirlər həyata keçirildiyini xüsusi diqqətə çatdırıb: "BDU-nun Azərbaycanda elm və təhsilin inkişafında xüsusi rolu var. Bu təhsil müəssisəsində işləyənlərin təhsilin inkişafında müstəsna xidmətləri olub".

Nazirin sözlərinə görə, "2019-2020-ci akademik ili üçün Bakı Dövlət Universitetinə dövlət hesabına bakalavr və magistratura səviyyəsinə 3823 nəfər tələbə qəbul olunub. Yalnız 1 il ərzində burada 1110 nəfər dövlət hesabına oxuyan tələbələrin sayında artım var. Bu il akademik göstəricilərə çox ciddi təsir edən amil, yəni 110 min nəfər tələbəni əhatə edən təqaüd məbləğləri orta hesabla 20 faiz artırılıb: "Eyni zamanda, dövlət başçısı tərəfindən təqaüd yerlərinin 16 min vahid artırılması barədə qərar qəbul edilib. Həmin qərarda növbəti müddətlər üçün də çox konkret, spesifik hədəflər qoyulub. Belə ki, 2019-2020-ci akademik ilində ali təhsil sistemində ən azı 45 faiz, növbəti illərdə isə ən azı 50 faizdən az olmayan tələbənin təqaüd alması təsbit edilib".

Nazir bildirib ki, müəyyən kateqoriyalı, sosial cəhətdən qayğıya, dəstəyə ehtiyacı olan insanlar akademik göstəricilərindən asılı olmayaraq dövlət vəsaiti hesabına təhsil almaq hüququna malikdilər: "Bu kateqoriyadan olan I və II qrup əlil olan şəxslərin 2019-cu ildə akademik göstəricilərindən asılı olmayaraq dövlət vəsaiti təhsil almaq hüquqları təsbit edilib və yalnız bu dəyişiklik hesabına 2000-dən artıq azərbaycanlı tələbə dövlət hesabına təhsil almaq hüququ əldə edib".

C.Bayramov vurğulayıb ki, növbəti ildən doktoranturaya qəbul yeni əsasla həyata keçiriləcək. Əsas dəyişiklik beynəlxalq səviyyədə qəbul olunmuş imtahanların və yaxud da mərkəzləşmiş formada xarici dil imtahanının nəticəsinin ilkin mərhələdə nəzərə alınmasıdır: "Hesab edirik ki, XXI əsrdə ciddi doktorantura təhsilindən danışırıqsa, mütləq şəkildə gənc tədqiqatçıların beynəlxalq, qlobal dillərdən hansısa birini peşəkar formada bilməsi vacib və zəruri şərt kimi ortaya qoyulmalıdır. Bu, artıq zamanı yetişmiş qərar idi. Düşünürəm ki, bu qərarın da müsbət nəticələrini yaxın illərdə qəbul olunmuş tələbələr vasitəsilə görəcəyik".

Nazir bildirib ki, ali təhsil müəssisələrinin daxilində tədris prosesinin məzmununun yenilənməsi, zamanın dəyişikliklərinə və trendlərinə uyğun olaraq buna yenidən baxılması olduqca vacib amillərdir: "Bu istiqamətdə atılan bir sıra addımların icrası artıq ali təhsil müəssisələrinin professor və pedaqoji heyətindən asılıdır".

C.Bayramov qeyd edib ki, 2019-cu ilin fevralında bakalavriat və magistratura səviyyəsi üzrə ixtisasların yeni təsnifatı təsdiq edilib: "Bu il ərzində təsnifata uyğun olaraq yeni proqramların və məzmunun hazırlanması ali təhsil müəssisələri tərəfindən həyata keçirilir. Uzun müddət idi həmin proqramların yenilənməsi nəzərdə tutulmuşdu. Bunun nəticəsində 2020-2021-ci ildən başlayaraq həmin təsnifata əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu həyata keçiriləcək. Düşünürəm ki, vaxtdan çox səmərəli istifadə etməli, bu müddət ərzində proqramlarda təhsilin məzmununa çox ciddi baxmalıyıq. Məzmun müasirləşdirilməli və zamanın, əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Dünyada beynəlxalq rəqabətli məzunlar yetişdirmək üçün bu istiqamətə xüsusi diqqət yetirməliyik".

Nazir əlavə edib ki, magistratura pilləsinə qəbul imtahanlarının ikinci mərhələsinin ləğv edilməsi ilə bağlı Nazirlər Kabinetinə təqdim olunacaq qərar layihəsi artıq yekun razılaşdırma mərhələsindədir. Magistratura səviyyəsində əhatəliyi daha da artırmaq istiqamətində son bir il ərzində Təhsil Nazirliyi ölkənin bütün aidiyyəti təhsil müəssisələri və digər həmkar qurumlarla müzakirələr və məsləhətləşmələr aparmışıq və demək olar ki, yekunlaşıb. Nazirlər Kabineti həmin qərarı qəbul etdikdən sonra magistraturaya qəbul qaydalarında dəyişikliklər olacaq:

"Burada bir sıra yaradıcılıq, xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla magistraturaya qəbul qaydalarının birmərhələli həyata keçirilməsi, bununla da magistraturaya qəbul olunan tələbələrin daha asanlıqla təhsilin növbəti pilləsinə daxil olmaq imkanları təmin ediləcək. Düşünürəm ki, Azərbaycan təhsil sistemində bu dəyişikliyin müsbət nəticələrini növbəti illərdə görəcəyik".

C.Bayramov xatırladıb ki, bir neçə il öncə magistratura pilləsində oxuyan tələbələrə möhlət hüququnun verilməsi nəticəsində təhsilin bu pilləsinə qəbul olunan oğlanların sayında əhəmiyyətli artıma nail olunub:

"Bunun nəticəsi olaraq, bakalavr pilləsində qızlarla oğlanlar arasında olan gender bərabərliyi magistratura səviyyəsində tam bərqərar olmasa da, xeyli müsbət dəyişiklik baş verib. Düşünürəm ki, növbəti illərdə həmin göstərici də əldə olunacaq".

Sevinc QARAYEVA

 





18.12.2019    çap et  çap et