525.Az

Zelenski niyə Azərbaycanı seçdi?


 

Zelenski niyə Azərbaycanı seçdi?<b style="color:red"></b>

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 16-17-də Azərbaycanda rəsmi səfərdə olub.

Onun daha əvvəl səfərinin regional xarakter daşıyacağı deyilsə də, Zelenski daha sonra Gürcüstan və Ermənistana deyil, yalnız Azərbaycana səfər etdi. Əlbəttə ki, Ukrayna liderinin Bakını seçməsi təsadüfi deyil. Çünki iki ölkənin çox möhkəm əlaqələri var və ərazi bütövlüyü, suverenlik məsələsində bir-birlərinə hər zaman güclü dəstək verirlər. Eyni zamanda, Azərbaycanın regional lider olması da burda öz sözünü deyir. Zelenski Bakıda bildirib ki, Ukrayna ilə Azərbaycanın münasibətləri zamanın sınağından çıxıb: "Münasibətlərimiz zamanın sınağından çıxıb. Müasir tarixin çətin məqamlarında, çox mürəkkəb anlarında həmişə bir-birimizə kömək olmuşuq. Deməli, Azərbaycan Ukrayna üçün etibarlı dost olub, bu gün də elədir və gələcəkdə də belə olacaq. Strateji tərəfdaş da olacağına şübhə etmirəm".

İki ölkə arasındakı danışıqların qarşılıqlı etimad və səmimiyyət şəraitində keçdiyini qeyd edən Ukraynanın dövlət başçısı hər iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpası məsələsində bir-birini dəstəklədiklərini vurğulayıb: "Bu istiqamətdə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində çalışmalarımızı davam etdirəcəyik".

Həmçinin, V.Zelenski Azərbaycan-Ukrayna münasibətlərinin gələcəkdə də güclənərək yeni səviyyəyə çıxacağına əmin olduğunu dilə gətirib: "Dövlətlərimiz istər regional, istərsə də dünya miqyasda bir çox məsələlərdə yaxın mövqe tutur. Ona görə də Azərbaycana GUAM-da 2020-ci ildəki sədrliyinin uğurlu keçməsini səmimi qəlbdən arzulayıram".

Ukrayna Prezidentinin səfərini şərh edən politoloq Qabil Hüseynli deyib ki,  Azərbaycan və Ukrayna vaxtilə totalitar sovet dövlətində yaşayıb, hazırda suverendir. Hər iki dövlətin oxşar problemləri var. O bildirib ki, həm Azərbaycan, həm də Ukrayna işğaldan, torpaqlarının istilasından əziyyət çəkir: "Ən diqqət çəkən məsələ odur ki, Azərbaycan və Ukrayna hər zaman bir-birilərinə dayaq, kömək olub. Bütün beynəlxalq təşkilatlarda səsvermələrdə Azərbaycan Ukraynanı, Ukrayna da ölkəmizi dəstəkləyib". Hər iki dövlət arasında bir sıra sahələr üzrə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən politoloq söyləyib ki, burada geniş iqtisadi əlaqələr xüsusi vurğulanmalıdır. Q.Hüseynli qeyd edib ki, Ukrayna Azərbaycana bir sıra sənaye məhsulları, polad məmulatı, hava qüvvələri üçün lazım olan vasitələr və digərlərini ixrac etməklə yanaşı, həm də onlara texniki qulluq məsələlərində yardım edir: "Azərbaycan da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, bu ölkəni müəyyən qədər neftlə təmin edir, ora kənd-təsərrüfatı məhsulları göndərir".

Politoloq əlavə edib ki, bu gün Azərbaycan və Ukrayna münasibətlərinin istifadə edilməmiş çoxlu ehtiyat mənbələri var: "Güman edirəm ki, ölkəmizə səfər edən Ukrayna Prezidenti Vladimir Zelenskinin Bakıda keçirdiyi görüşlərdə, xüsusilə də dövlət başçısı Prezident İlham Əliyev tərəfindən qəbulda bu mənbələr üzərində fikir mübadilələri aparılaraq, əməkdaşlığın yeni formaları axtarıb tapılacaq".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyib ki, bəzi ölkələrin liderləri Cənubi Qafqaza səfər etdikdə bəzən bir ölkəyə səfərlə kifayətlənmirlər, ya Tbilisdən Bakıya gəlirlər və ya Bakıdan İrəvana gedirlər:  "Zelenski Cənubi Qafqaz ölkələri içərisində birinci Azərbaycanı seçdi. Bunun bir neçə səbəbi var. Birincisi, Ukraynanın iqtisadi-ticarət mübadiləsində Azərbaycan həm Gürcüstanı, həm də Ermənistanı üstələyir. Azərbaycanın iki qonşusundan fərqli olaraq Ukraynada yatırımları var. Kiyevdə Dövlət Neft Şirkətinin fəaliyyətindən, yanacaqdoldurma məntəqələrindən və servisindən ağız dolusu danışırlar. Buna baxmayaraq, rəsmi Kiyev Azərbaycanın Ukraynaya daha çox yatırım qoymasını istəyir. İki il əvvəl Ukraynanın iqtisadiyyat nazirinin müavini ilə görüşmüşdüm. O, Azərbaycanın Ukraynanın neft terminallarının və dəniz limanlarının özəlləşdirilməsində iştirakını arzuladıqlarını bildirmişdi. Ukrayna Azərbaycan üçün münbit bazardır. Ona görə də dost dövlətə yatırımları artıra bilərik. Ukraynanın Qara dənizdəki limanlarından gəlir etmək mümkündür. Zelenski azərbaycanlı həmkarı ilə iki ölkə arasında ticarət mübadiləsinin artırılması və investisiyalar mövzusunu müzakirə edəcək".

PƏRVANƏ

 





18.12.2019    çap et  çap et