525.Az

Cavid Qurbanov: "Bakıda tramvay xətlərini sökməklə şəhərə zərər vurublar"


 

Cavid Qurbanov: "Bakıda tramvay xətlərini sökməklə şəhərə zərər vurublar"<b style="color:red"></b>

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov dekabrın 17-də  Yeni Azərbaycan Partiyasının (YAP)  qərargahında mətbuat konfransı keçirib.

C.Qurbanov mətbuat konfransında deyib ki,  Bakıda Güzdək-Sahil dəmir yolunun təmiri nəticəsində bu xətt yerüstü metro kimi insanların xidmətində olacaq.

Onun bildirdiyinə görə, həmin yolun araşdırmasına başlanılıb.

C.Qurbanov qeyd edib ki, Şahdağa gedəcək yeni qatar yolunun da layihələndirilməsinə başlanılıb:

"Bakı-Rusiya sərhədində olan yola Asiya İnkişaf Bankından kredit ayrılıb. Türkiyə və Qazaxıstanın şirkətləri bərabər işlər görəcək".

C.Qurbanov  sonra bildirib ki, Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri başa çatdırılıb:

"Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən gedəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır. Latviya şirkəti ilə dizel lokomotivlərin təmiri üçün müqavilə bağlanılıb. 42 lokomotiv və dəmir yolunda sərnişinləri daşıyan avtobus və 30-a yaxın vaqonların təmiri nəzərdə tutulur".

C.Qurbanov eyni zamanda, Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.

Bildirib ki, Bakıda tramvay xətlərinin bərpa edilməsi bir qədər çətin məsələdir: 

"Vaxtında Bakıda tramvay xətlərini sökməklə şəhərə zərər vurublar. Onun yerinə yeni xətlər salmaq bir az çətindir. Lakin bu məsələ haqqında da düşünülür. Bakı şəhəri sıxdır. Tramvay xətləri ilə bağlı xarici şirkətlərə də müraciət etmişik, özümüz də biznes plan hazırlayırıq. Fikirləşirik ki, Biləcəridən Pirşağa tərəfə, həm də Əhmədli qəsəbəsi, Maştağa tərəfə xətlər çəkilə bilər".

C.Qurbanov daha sonra qeyd edib ki, "Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyədək 300 min ton yük daşınıb.

Onun sözlərinə görə, bəzi əngəllərə baxmayaraq, hazırda bu xəttin daha intensiv işləməsi üçün yüklərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda bu istiqamət Rusiya şirkətləri tərəfindən aktiv istifadə edilir:

"Hazırda Qazaxıstan tərəfi ilə bu sahədə işlər aparılır və bunun nəticəsi olaraq əlavə 500-600 min tonun cəlb etmək mümkün olacaq".
 
C.Qurbanov onu da əlavə edib ki, sözügedən xətlə sərnişin daşımalarının təşkili ilə bağlı işlər aparılır:

"Bu yaxınlarda bu istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib. Müvafiq sənədlər artıq hazırlanıb və onlar imzalanandan sonra sərnişin daşımalarına start veriləcək".

BTQ xəttinin Naxçıvanla birləşdirilməsi məsələsi ilə bağlı məsələyə gəldikdə, C.Qurbanov qeyd edib ki, bunun üçün 280 km xətt Türkiyə ərazisində tikilməlidir:

"Bu da 2 milyard ABŞ dollarına yaxın sərmayə tələb edir".

K. HƏMZƏOĞLU

 





18.12.2019    çap et  çap et