525.Az

Əsrarəngiz din və mənəviyyat abidəsi - Zərdüşt təlimi "Avesta" (davamı)


 

Əsrarəngiz din və mənəviyyat abidəsi - Zərdüşt təlimi "Avesta"<b style="color:red"> (davamı)</b>

Xanlar HƏMİD 

 Bütün Zərdüşti kahinləri, athravanlar, maqlar, məbudlar əyinlərindəki sedranın (doqquz hissədən ibarət olan köynək) üstündəki yetmiş iki ipdən hazırlanmış qurşaq bağlayardılar. Bu qurşağa ariya dilində kuşti deyilərdi. İndiki zamanda belə bu talış dilində kuşti, kışti, farsca isə kəməre bostən adlanır. Sedraya indiki talış dilində şəy, farsca pirahən deyilir. Zərdüşt təliminin mərkəzində, şübhəsiz xeyirxah doğru fikrə, ağıla, səsə, sözə, hərəkətə, əmələ malik olan insan dururdu. Humata, huhta, hvareşta. Bu "Avesta" da belə ardıcıllıqla verilir. Huma - um (rus dilində) ağıl, dumat (rus d.) düşünmək, ta - doğru, fars dilində dorast, talış dilində dorost, müasir Azərbaycan dilində dürüst, bir sözlə, doğru ağıl, ağlı doğru, huhta - səsi, sözü doğru, doğru səs, doğru söz, hvareşta, hvareş - hərəkət, (talış dilində) hərəkəti, əməli doğru, doğru hərəkət, doğru əməl kimi başa düşülməlidir. Bu üç sözün kökündə həm də tanrı adı olan Hu vardır.

Arian Vaejah "Avesta"da ariya ərazisi kimi təqdim olunur. Arian - Ariya, Voejah, talış, gilək dilində oradakı yer, ərazi kimi başa düşülür. İndi belə bu Ariya ərazisi, Ariya ölkəsi kimi anlaşılır. Voejah, vəyjoh, joh talış dilində oradakı yer, ja, jai giləkcə yer, ərazi deməkdir. Hlmut Humbax və digər tədqiqatçılara görə Vaejoh sürətli hərəkət, Meri Boysa görə isə Arian Voejoh sonradan mətnə əlavə olunub. Tədqiqatçılar ümumiyyətlə Voejoh sözünün mənasını anlamadıqlarını etiraf etmişlər. Cerardo Noli, Maykl Vitsel Vaejahı Hindistanda, Braqinskiy Amudərya, Sırdərya arası və Pamir, Hindquşda, Dyakanov daha geniş ərazidə Orta Asiya və Şərqi İranda olduğunu yazırlar. Ancaq Ariyan Voejah Midiya daxil olmaqla bütün İran, Azərbaycan, Xəzər dənizi sahilləri, Orta Asiyanın cənub ərazilərini, hətta şimali Mesopotamiya və Suriyanın şimal hissələrini, Əfqanıstanı, Pakistanı, Hindistanı əhatə edirdi. Çünki Hind vedalarında Hindistanın ariya torpağı olduğu açıq - aydın bildirilir. "Avesta" da vacib, gərəkli məqamlardan biri də Zərdüştə tanrı tərəfindən müəyyən mətləblərin sözlə ifadə edilərək Hvarnoda verilməsidir ki, buna da vəh-vi daena deyilir. Vəh - vot - deyilən (talış dilində), vi - vində - görünən (talış dilində), vəh - vızov - çağırış (rus dilində), vi - vid, vidna - görüntü, görünən (rus dilində), daena - dadən (fars), dodən (talış), doyuşiy (rus) dillərində verilən mənasını verir. Əslində Vəh-vi daena - Aydıngörmə ilə deyilərək verilən və yaxud Vəh-vi daena Məzdayasna - Vəhylə verilən Məzda dini kimi təqdim etmək daha doğrudur. Bu vəhy əlbəttə, peyğəmbərin ruh halı dəyişərkən, aydın görənlər kimi gələcəyi görərkən tanrı ilə rabitə vaxtı ona verilirdi. Bu vəhy vaxtı müəyyən görmələr olurdu, bu da çox əhəmiyyətli idi. Ahura Məzda Zərdüştə çox uzunmüddətli axtarışlarından, əzab və işgəncələrə qarşı səbir, dözüm, mətanət və digər iradi keyfiyyətlər göstərdikdən sonra açıldı. Uzun illər boyu Zərdüşt öz iç dünyasını dəyişdi. Tanrı haqqındakı fikir və düşüncələrində yeni, inqilabi bir era açdı. Mənbələrə görə peyğəmbər onu düşündürən suallara cavab almaq üçün tanrıdan müəyyən mətləbləri soruşur və tanrı da bütün cavabları verir. Hətta iddia edilir ki, bu vaxt o, tanrını gözləri ilə görürdü və tanrı işıq topası kimi parlayırdı. Bu görüşlər yeni dinin, Məzda dininin təməlinin qoyulmasında, onun təşəkkül tapmasında mühüm rol oynayırdı. "Avesta"da  bu görüşlərə "hanjemona" deyilir. Hansı ki talış dilində han - yuxu, jemon - yaşayış, yaşamaq, yəni yuxu həyatı kimi xarakterizə olunur. Bundan belə nəticəyə gəlmək olar ki, peyğəmbər Allahı heç də adi həyatda yox "hanjemonada", yəni yuxuda, yuxu həyatında görərdi: Həqiqətən, bu günə qədər heç bir peyğəmbər Allahın üzünü görməmişdir. Zərdüştdən sonra bir çox peyğəmbərlərə vəhy gəlmiş və sonuncu müəzzəm peyğəmbərlər Məhəmməd (əlhs)-ma Quran vəhylə nazil olmuşdu.

Haoma Zərdüşt təlimində qadağan edilməyən, əksinə lazım hesab edilən, bitki və südün qarışığından hazırlanan içki növüdür ki, zəka və yaradıcı gücü daha da artırmaq üçün istifadə edilirdi. Haoma indi xama, xoma kimi dilimizdə işlədilir. "Avesta"da Qatlar - dini nəğmələr, Yasna - oxumaq, haiti nəğmə bəndləri olduğu üçün, əslində haoma, - ha-oma kimi (talış dilində), nəğmədən əmələ gələn içki mənasındadır. "Avesta"da bir çox dağ adları var ki, bəzilərini tərcümə etmək hələlik mümkün görünmür, bəzilərinin tərcümələri isə səhvdir. Ümumiyyətlə Zəmyaştda bir çox dağ adları sadalanır ki, bunların başında Xara Bərəzəyti gəlir. Xara - Hara (rus dilində Qara) dağ deməkdir, Bərəzəyti isə uca mənasında işlənmişdir. Talış dilində indi də ucaya bərz, bərzə, fars dilində isə bolənd deyilir. Yəni talış dilində Bərzə Hara, fars dilində isə Bolənd Hora. Burada Bərəzə Səvanqı, yaxud Bərəzə Səvanı - uca Səvan (talış dilində sə - baş, van - qarlı) Uca Savalana aid etmək olar. Çünki Səblan - sə - baş, blan - uca, sə - baş, va - qar, lan - yuva, Savalan kimi dilimizdə işlənir və başı qar yuvası anlamını verir. Upairisaena da dağ adıdır ki, əfsanəvi Simurq quşu kimi tərcümə olunmuşdur. Simurq fars dilində otuz quş deməkdir. Ancaq Upairi talış dilində pərə, uçan, Saena isə Qızıl quş, yəni uçan Qızılquş dağları deməkdir. Kim bilir, bəlkə bu dağlar qartal yuvası olduğu üçün belə adlanırdı. Diqqət cəlb edən digər bir dağın adı Vaiti Qaesadır. Adı düz tərcümə olunmasa da va külək və qar (talış dilində), Qaesa - inək başlı (talış dilində), yəni küləkli, qarlı inəkbaşlı, öküzbaşlı dağlar kimi təqdim olunmalıdır Usida. Usidarna dağları haqqında məlumatda deyilir ki, bu dağlar İranın şərqində Sistan vilayətindədir ki, indi Kuhe Qoca adı ilə tanınır və guya ki,  onun ətəyində Xamun, "Avesta"da Kasaoy, sonralar Kansava kimi məşhur olan , həm də Zərdüştün bütün ailəsini mühafizə edən göl vardır. Əslində Zərdüşt dövrünə aid bütün hadisələrin İran şərqinə, Əfqanıstana köçürülməsi kökündən yalnışdır. Əslində Uşida, Uşidarna (talış dilində) Yinbaton deməkdir. Bizə elə gəlir ki, Kansava gölü bir simvol kimi uca dağ başında qərar tutmalı idi ki, insanlar onun müqəddəsliyinə inansınlar. Savalan dağının ən uca zirvəsində 4800 metr hündürlükdə bir göl var. Kan-sa-va, Kan-sə-vo, yəni başı qar məkanındakı göl. Və yaxud bu göl Kaspi - Xəzər dənizi ola bilər. Çünki Zərdüşt göstərir ki, müqəddəs Hvarno əslində Vorukəş dənizin əhatəsindədir ki, orada Tanrıdan vəhy alır. Vo - külək, yel ru - çay, kəş - qol (talış dilində) deməkdir. Yəni küləkli, çoxlu qolları olan dərya, dəniz mənasını verir. Fars dilində küləyə bad, çaya rud, qola şaxə deyirlər. Vorukəş tərcümələrdə çoxlu körfəzləri olan dəniz kimi verilmişdir. Zərdaza - Sarıbaşlı, Ərəzura - Ərzurum, Zəngəzur, Ərzişo - Ərəz - Araz, Vişava - Şirvan, Asnavant - Dəmirçi - Dəmirağac kimi adlar Qafqaz ərazisindədir. Əsas mətndə Qaokerna (ağac adı),Vəhrkana, Verkona (ərazi, ölkə) kimi verilən, indi isə Hirkanya, Hirkan adlanan, Xəzər dənizinin Talış dağlarından başlayaraq, cənub sahilləri boyunca Gilan, Mazandaran, Gülüstanı əhatə edən böyük bir ərazi Zərdüşt dininin əmələ gəlməsi və möhkəmləndirilməsində mühüm rol oynamışdır. Zərdüşt on il mağarada yaşayarkən hər gün sübh çağı günəşin Vorukəş - Hirkan, Kaspi - Xəzər dənizindən doğmasına tamaşa edər və deyərdi: - Ey böyük işıq, sən kimə gərək olardın biz olmasaydıq. F.Nitseyə görə Zərdüşt peyğəmbər məqamına çatmadan öncə Ələon dağında mağarada uzun müddət yaşamış, hər gün günəşin doğuluşuna bu dağdan tamaşa edərdi. Bu bir təsadüfmü, bilmirəm. Ancaq indinin özündə belə Talış dağlarının ən uca zirvəsinə Kömürgöy (Qəmərkuh), zirvənin ətrafındakı yaylağa isə Əlo yaylağı deyirlər. Bu yaylaq dəniz səviyyəsindən 2400 - 2450 metr yüksəklikdədir. Burada möhtəşəm Oğlan və Qız qalaları olmaqla geniş bir mağara da qərar tutur. Məncə, Vəhrkana, Verkana dumanlı məkan, şimal ölkəsi deməkdir. "Avesta"da tez-tez adı çəkilən Xukariya ariya torpağının ən yüksək zirvəsi kimi xatırlanır. Həm də Xukariya təmizliyin və müqəddəsliyin timsalıdır. Torpağa fars dilində xak, talış dilində xok deyilir. Ariya torpaqları arasında Mouru Pouru kimi geniş ərazilərdə də arilər yaşamışlar. Ana, ataya mazandaran dilində mar, per, talış dilində mo, pə deyilir. Əslində Mouru, Pouru Ana, Ata ölkəsi kimi tərcümə olunur. Ən çox müqayisə doğuran səbəblərdən biri də tədqiqatçıların "Avesta"da göstərilən bütün çayların Şərqi İran, Orta Asiya və Əfqanıstanda olmasını təsdiq etməsidir. Pəhləvi dilində sonradan təkrarən yığılıb hazırlanan "Avesta"da Adurbadaqanda - Azərbaycanda olan bir çox dağ, çay, göl adları verilmişdir. Bunlar, məsələn, Savah - Savalan, Siyakomand - Siyahkuh, yəni Qaradağ, Astaradakı Siyoku, Hoşdodsar - Həstatsər - Qaradağda zirvə, Aqarz - Əhər, Spedrud - Qızılüzən, Kour - Kür, Arazi - Araz, Tue dağlarından axan Kaspi çayı, Tue dağlarında Suvar gölü və başqalarıdır.

 (Ardı var)

 





09.11.2013    çap et  çap et