525.Az

"Xüsusi əlamətləri yoxdur..." - (Hekayə)


 

"Xüsusi əlamətləri yoxdur..." - <b style="color:red">(Hekayə)</b>

Son vaxtlar qəribə bir şakərə düçar olmuşdu. Televizorun ayrı-ayrı kanallarında itkin düşənlərin, cinayət törədib sonra da aradan çı-xanların axtarışları ilə bağlı xəbərlərə dinşək kəsilirdi. Elə bil qulaqları səsdə qalmışdı. Axtarılan şəxslər haqqında söylənilən "xüsusi əlamətləri yoxdur" məlumatı nədənsə onu daha çox maraqlandırır, həm də diksindirirdi. Yolunu da tez-tez polis idarələrinin qarşısından salırdı. Burada binanın çöl tərəfində adətən axtarışdakıların şəkilləri olan lövhələr asılardı. Onların boyları, çəkiləri, gözlərinin rəngləri və digər əlamətləri haqqında qısa məlumatlar da verilərdi.

Xasiyyətcə kəmhövsələ olsa da, canını dişinə tutub yazılanları axıracan oxuyardı. Sonra da zəhmətinə heyfislənərdi; haqlarında məlumat verilənlərin heç birinin, demə, xüsusi əlamətləri yox imiş...

Fikrə gedərdi; bəs nədir xüsusi əlamətlər?

Beynini işə salardı, insandakı xüsusi əlamətləri axtarıb tapıb yadına salmağa çalışardı. Deyəsən, izə düşmüşdü. Dovşandodaq, çəpgöz, həvədiş, əyriburun, anadangəlmə keçəl, topal, palazqulaq, qolları gödək və sair və ilaxır...

Lallıq, korluq, karlıq... Yox, bunlar xüsusi əlamətlər deyildi. Tanrının yaratdıqlarının qismətilə yazdığı şikəstlik idi.

Axtarış lövhəsindəki şəkillərə baxa-baxa öz-özünə düşünürdü ki, xüsusi əlamətləri olanları axtarmaq asandır. Vay polisin halına ki, heç bir xüsusi əlamətləri olmayanları axtarıb tapsın...

Burasını da fikirləşirdi ki, lallar, karlar, korlar çətin cinayətkar olsunlar.

Dünya işığına həsrət biçarə korlar bəyəm işıqlı dünyada nə görürlər ki, cinayətə də əl atsınlar. Eləcə də karlar... Eşidə bilməyən bədbəxtləri qəzəbləndirib özündən çıxaranlar nə ola bilərdi ki? Qaldı lallar... Lalların da danışanlara qarşı ci-nayət törətməsi bir elə ağlabatan deyildi. Əgər qarşındakının sənə dediklərini başa düşmürsənsə, niyə də coşub özündən çıxasan? Cinayətə əl atasan...

Yox, lallarla bağlı məsələ bir az qəliz idi. Loqoped! Eşitmişdi ki, lallarla danışa bilənlərə belə deyirlər. İndi qalır lallarla danışa bilən o xüsusi adamların, yəni ki, loqopedlərin öz vicdanlarına. Lallara görən qarşısındakıların dediklərini doğru-dürüst çatdırarlarmı?..

Bəzən başına sarsaq-sarsaq fikirlər gəlirdi. Qorxurdu ki, dünyadır da, birdən onun da əlindən bir qəza çıxdı və qaçıb aradan çıxa bildi. Onu hansı xüsusi əlamətlərinə görə axtarıb tapa bilərlər?.. Başına beləcə sarsaq fikirlər girən məqamlarda saatlarla güzgünün qabağında dayanar, təpədən dırnağa, altdan yuxarı diqqətlə özünü süzər, özündə xüsusi bir əlamət axtarıb tapmağa çalışardı. Yox, yox, yox! Heç bir xüsusi əlaməti yox idi. Sevincindən çırtıq çalıb oynamaq istəyirdi. Heç bir xüsusi əlaməti ol-mayan bir cinayətkarın hətta heç Şerlok Holms da izinə düşə bilməzdi. Onu heç bir xüsusi əlaməti olmadan dünyaya gətirdiyinə görə anasının ruhuna dualar oxuyardı.

Ancaq sevinci uzun çəkməzdi. Yaxşı, iraq-iraq sabah düşüb itdi-batdı. Heç bir xüsusi əlamətə malik deyilsə, onu milyonların arasında necə axtarıb tapacaqdılar?!

Kədər-qəm onu boğa-boğa bu dəfə anası-nın arxasınca danışıb ruhunu incidər, qəzəbindən hətta güzgünü sındırıb çilik-çilik etmək istəyərdi.

Hərdən də fikirləşərdi ki, xüsusi əlamətlərinə görə ələ keçən cina-yətkarlar da yəqin ki, analarının qarasına deyiniblər.

Fikir fikrə calanırdı. Televiziyada verilən reklamlar da qulaqlarını yağır etmişdi. Təbabət Tanrının da işinə əl atmışdı. Yaradanın keçəl yaratdığının başına tük gətirirdilər. Gündə min bir plastik əməliyyatlar da bir yandan...

İş bunda idi ki, indi plastik əməliyyatlarla anadangəlmə xüsusi əlamətləri də ləğv etmək, aradan qaldırmaq mümkün olurmuş. Bu, lap ağ idi. Belə getsə, adamlarda heç bir xüsusi əlamət qalmayacaqdı... "Oestruction of  justice" - "Ədalətin işinə əngəl olmaq".

Nə yaxşı ki, həkim müdaxilələri hələ ki, anadangəlmə bütün xüsusi əlamətləri aradan qaldırmağa qadir deyil.

Birdən-birə ağlına gəldi ki, bəlkə xüsusi əlamətlər zahiri deyil, daxilidir, yəni batini...

Ürəyiyumşaqlıq? İndi gəl ürəyini açıb adamların qabağında sər ki, bir baxın, görün necə nazikdir, yuxadır.

Əliaçıqlıq? Ciblərin boşdursa, onsuz da əllərini yelləyə-yelləyə gəzəcəksən.

Gözütoxluq? Belədə gərək həmişə göz-lərin yumulu ola...

Yox, yox! Ola bilməz. Ola bilməz ki, hərənin bir xüsusi əlaməti olmasın. Tanrı yaratdığı hər bir bəndəsinə yəqin ki, xüsusi bir əlamət də bəxş edib.

Yaxşı, belədə nədir o xüsusi əlamət və ya əlamətlər?..

Bu xüsusi əlamətləri sadəcə görmək la-zımdı.

Məsələ də elə bunda idi.

 





20.12.2019    çap et  çap et