525.Az

Azərbaycan dünyanın ən güclü ölkələri sırasında


 

Azərbaycan dünyanın ən güclü ölkələri sırasında <b style="color:red"></b>

Məlum olduğu kimi, bir neçə gün əvvəl Amerikanın "U. S. News & World Report" jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb. Reytinq ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib. Siyahı Pensilvaniya Universitetinin "BAV Group i Wharton School" Qrupunun analitikləri tərəfindən tərtib edilib.

Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb.

Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə, bir neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub. İlk üçlükdə ABŞ, Rusiya və Çin qərarlaşıb.

Azərbaycanın bu siyahıda 45-ci yerdə qərərlaşması təsadüfi deyil. Çünki ölkəmizin ötən müddətdə beynəlxalq aləmdə mövqeyini möhkəmləndirib, həm də iqtisadi və hərbi sahədə xeyli güclənib.

Millət vəkili Azər Badamov da hesab edir ki, Amerikanın nüfuzlu "U. S. News & World Report" jurnalı Azərbaycanı dünyanın qabaqcıl 80 ölkəsi arasında 45-ci yerə layiq görməsi göstərilən parametrlər üzrə ölkəmizin yüksək inkişaf yaşadığından xəbər verir. Onun sözlərinə görə, hərbi sahədə möhkəmlik, dövlət siyasətinin mükəmməlliyi, iqtisadi inkişaf, sosial siyasət və digər parametrlərlə bağlı bu inkişafı söyləmək olar. Bütün bu parametrlərin hamısı Azərbaycanın həyat tərzinə çevrilib. Bu gün Azərbaycan dünyada ən güclü orduya malik əlli ölkədən biridir.

Millət vəkili bildirib ki, Azərbaycan bugünkü inkişaf tempinə görə dünyada lider ölkələr arasındadır: "Aparılan islahatların səviyyəsinə görə ən islahatçı 20 ölkənin içərisində yer alır. Bütün bu göstəricilər onu deməyimizə imkan verir ki, öz yüksək inkişaf dövrünü yaşayır. Beynəlxalq reytinq təşkilatlarının açıqladığı göstəricilər də bu günün Azərbaycanının reallığıdır. 2019-cu ilin iqtisadi-sosial mənzərəsinə ekskursiya etsək, ilin əvvəli islahatlarla başlayıb. Həm sosial islahatlar paketləri imzalandı, həm də iki sosial paket həyata keçirildi. Əhalinin sosial vəziyyəti kifayət qədər yaxşılaşdı".

A.Badamov 2019-cu ilin naliyyətlər mənzərəsindən danışarkən bildirib ki, yola salmağa hazırlaşdığımız 2019-cu ildə struktur islahatları aparıldı: "Yəni hökumətin yenidən formalaşdırılması prosesi həyata keçirildi. Yeni strukturların ortaya qoyulması, köhnə strukturların ləğv edilməsi və daha çevik idarəetmə sistemlərinə keçidlə bağlı böyük işlər görüldü. Eyni zamanda, qanunvericilik bazasının formalaşdırılması istiqamətində addımlar atılıb. Məhkəmə-hüquq sistemində yeni yanaşma, idarəetmə ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib. Daha ədalətli məhkəmə sisteminin formalaşdırılmasına başlanıldı. Bütün bunlar ümumi şəkildə Azərbaycanın inkişafı deməkdir. Bu inkişaf günün reallıqlarına və tələblərinə uyğun inkişaf mərhələsidir. Bir daha qeyd etmək istəyirəm ki, qürurverici hadisədir ki, Amerikanın nüfuzlu jurnalı tərəfindən Azərbaycanın dünyanın ən güclü 45 ölkəsi kimi qeyd olunur. Avropanın bir sıra qabaqcıl ölkələrini də Azərbaycanın qabaqlaması onu deməyə imkan verir ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında aparılan ölkədaxili və ölkəxarici siyasət öz uğurlu nəticələrini göstərir".

Politoloq Nəzakət Məmmədova isə deyib ki, dünyanın 80 ölkəsi arasında, Nigeriya, İndoneziya, İrlandiya, Portuqaliya və Kolumbiyanı geridə qoyaraq, ABŞ və Rusiyanın liderlik etdiyi, Çin, Almaniya, Böyük Britaniya, Fransa, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Cənubi Koreyanın ön sıralarda yer aldığı hesabatda 45-ci yerdə qərarlaşmanın özü böyük bir irəliləyişdir.

O bildirib ki, jurnalda Litva, Slovakiya, Sloveniya, Latviya burada ən az nüfuzlu ölkələr hesab olunsa da, reytinq cədvəlində diqqətçəkən məqamlardan biri qonşu Gürcüstan və işğalçı Ermənistanın ümumiyyətlə, daxil edilməməsidir.

Politoloq söyləyib ki, güc, nüfuz hesabatın 9 kateqoriyasından biri olub və liderlik, iqtisadi güc, siyasi güc, möhkəm beynəlxalq ittifaqlar, güclü ordu kriteriyaları əsas götürülərək qiymətləndirmə aparılıb: "Azərbaycanı bütün bu sadalanan kriteriyalar baxımından təhlil etsək görərik ki, ölkəmiz regional böyük dövlət kateqoriyasına aid bütün tələblərə cavab verir. Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olduğunu daima vurğulayır və bunun obyektiv əsasları mövcuddur. Dünya birliyi, beynəlxalq təşkilatlar, ayrı-ayrı güc mərkəzləri tərəfindən də Azərbaycan Cənubi Qafqaz bölgəsinin ən güclü, nüfuzlu dövləti olaraq qəbul edilir. Yüksək hərbi, iqtisadi, demoqrafik üstünlüyümüzü əks etdirən statistika, eləcə də beynəlxalq təşkilatların, araşdırma mərkəzlərinin hesabatı əyani mənzərəni təkzibedilməz faktlarla ortaya qoyur".

N.Məmmədova qeyd edib ki, Azərbaycan regionda ən böyük hərbi büdcəyə, ən güclü orduya malik dövlətdir: "Ölkəmiz iqtisadi inkişaf göstəriciləri baxımından da regionda lider ölkə, dünyanın dinamik inkişaf edən iqtsadiyyata malik dövlətlərindən biridir. Əhalinin sayının sürətlə artması, gənc əhalinin faiz nisbəti, doğum həddinin yüksək olması deyilənləri təsdiq edir; regiondakı digər güclər və böyük dövlətlər tərəfindən qiymətləndirilməyə gəlincə, bu gün istər Ermənistan kimi düşmən, istərsə də dost ölkələr Azərbaycanın hərtərəfli qüdrətini qəbul edir. Azərbaycan olduğu regionda və bütün dünyada söz sahibi olan ölkələrdən biridir".

PƏRVANƏ

 





20.12.2019    çap et  çap et