525.Az

Azərbaycan Yazıçılar Birliyinin 85 illiyi qeyd edilib - Fotolar


 

Azərbaycan Yazıçılar Birliyinin 85 illiyi qeyd edilib - <b style="color:red">Fotolar </b>

Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) 85 illiyi təntənəli şəkildə qeyd olunub. Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, AYB-nin üzvləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıblar.

Dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan Yazıçılar Birliyinin 85 illik yubileyi münasibətilə təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Məktubda deyilir:

"Sizi - ölkəmizin ədəbi ictimaiyyətinin nümayəndələrini Azərbaycan Yazıçılar Birliyinin 85 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

Ötən əsrlərin söz sənətkarlarını ətrafında toplamış ədəbi məclislərin yeni tarixi şəraitdə varisi olan Yazıçılar Birliyi mədəni həyatımızda özünəməxsus yer tutur. Birlik totalitar sovet rejiminin ədəbi fəaliyyətə sərt direktivlərlə istiqamət verdiyi ideoloji yasaqlar dövründə yaransa da, ədəbi nəsillər arasında varisliyi təmin etmiş, ictimai fikrin milli özünüdərk zəminində formalaşdırılması, ana dilimizin saflığının qorunması və bədii sərvətlər xəzinəmizin zənginləşdirilməsində əhəmiyyətli rol oynamışdır. Birliyin xalqımızın azadlıq ruhunun canlandırılması, mübarizə əzminin gücləndirilməsi və istiqlal duyğusunun dirçəldilməsində, dövlət müstəqilliyimizin mənəvi əsaslarının möhkəmləndirilməsində xüsusi xidmətləri vardır.

Mütərəqqi və humanist ideyalardan qidalanmış klassik irsimizi nəcib ideya-fəlsəfi axtarışlar ədəbiyyatı və xalq həyatının bədii salnaməsi hesab edən ulu öndər Heydər Əliyev yazıçını "mədəniyyətin milli sərvətlərinin əsas mühafizəçisi" adlandırırdı. Azərbaycan ictimai-mədəni fikrinin inkişafına töhfələr vermiş və ədəbiyyatımızı dünya ədəbi irsinin ayrılmaz tərkib hissələrindən biri olaraq tanıdıb sevdirmiş görkəmli söz ustalarımızın adları bizə son dərəcə əzizdir. Xalqımız şeiri, sənəti hər zaman yüksək qiymətləndirmişdir və bu gün də əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək müstəqillik ideallarımıza sadiq istedadlı qələm sahiblərinə ehtiram göstərir. Ümidvaram ki, yaradıcılıq aləminə qədəm qoyan gənc ədəbi qüvvələr də ədəbi-mədəni ənənələrimizin layiqli davamçıları olacaq, azərbaycançılıq məfkurəsi işığında milli təəssübkeşlik hissi ilə yazıb yaradacaqlar.

Qloballaşma dalğasının getdikcə daha geniş vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bir vaxtda təşkilatınızın üzərinə mühüm vəzifələr düşür. İnanıram ki, siz həmin vəzifələrin öhdəsindən lazımınca gələcək, günümüz üçün aktual mövzuları və cəmiyyəti düşündürən məsələləri diqqətdə saxlayacaq, dərin mənəviyyat və bədii-estetik zövq aşılayan əsərlərlə oxucuları bundan sonra da sevindirəcəksiniz".

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək təbrik məktubuna görə və rəhbəri olduğu qurumun fəaliyyətini yüksək qiymətləndirdiyi üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Ötən ilin dekabr ayında dövlətimizin başçısının qəbulunda olduğunu və bir neçə xahiş etdiyini söyləyən Azərbaycan Yazıçılar Birliyinin sədri vurğulayıb ki, Prezident bu xahişlərin hər birinə müsbət cavab verib: "Bu ilin may ayında Azərbaycan Yazıçılar Birliyinin üzvü olan üç şairə Xalq şairi, üç yazıçıya Xalq yazıçısı, üç yazıçıya isə Əməkdar incəsənət xadimi fəxri adları verildi. Bilirsiniz ki, Qarabağ münaqişəsi başlananda məcburi köçkünləri Şüvəlandakı Yaradıcılıq Evinə yerləşdirmişdik. Yaradıcılıq evi Yazıçılar Birliyinin Ədəbiyyat Fondunun hesabına tikilmişdi. Sonrakı illərdə qaçqınlar üçün şəhərciklər salınsa da, Yaradıcılıq evinin təmirə ehtiyacı var idi. Bunu dövlətimizin başçısının diqqətinə çatdırdım, bundan sonra binanın təmirini dövlət öz üzərinə götürdü. Doqquz il əvvəl mən yazıçılar üçün ev tikilməsi barədə müraciət etsəm də, müəyyən səbəblərdən həll edilməmişdi. Bunu da Prezidentə dedim, bu da öz həllini tapdı. Nəhayət, Şabranda yaradıcı insanlar üçün şəhərcik salınmasını da ölkə başçısından xahiş etdim. Bu da müsbət həll olundu. Artıq orada tikinti işləri aparılır", - deyə Xalq yazıçısı Anar qeyd edib.

Yazıçılara göstərilən dövlət qayğısından söz açan Yazıçılar Birliyinin sədri deyib: "Sovet İttifaqının süqutundan sonra əksər ölkələrdəki yazıçılar birlikləri dağıldı. Bizdə isə ulu öndər Heydər Əliyev yazıçıları himayəsinə götürdüyü üçün Yazıçılar Birliyi yaşadı. Güman edirəm ki, 85 il yaşamışıqsa, şərəflə yaşamışıq. Tariximizdə qara səhifələr də, faciəvi illər də olub. Bütün bunlara baxmayaraq, Yazıçılar Birliyi Azərbaycan dilini, ədəbiyyatını, mənəviyyatını qoruyub, yazıçıların müqəddəs ocağı kimi fəaliyyət göstərib, bundan sonra da göstərəcək".

Xalq yazıçısı vurğulayıb ki, ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra Yazıçılar Birliyi milli ədəbiyyatın, ana dilinin qorunub yaşadılmasında, azərbaycançılıq ideologiyasının formalaşmasında böyük xidmətlər göstərib. Təşkilat bu illər ərzində həmişə xalqımızın mədəniyyət tarixini və mənəvi sərvətlər xəzinəsini bədii-estetik düşüncənin bir çox qiymətli nümunələri ilə zənginləşdirib.

Tədbir bədii hissə ilə davam edib.

Gecədə Xalq şairləri Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə, Vahid Əziz, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Firuzə Məmmədli, gənc şairlər Günel Şamilqızı, Ruslan Dost Əli, Taleh Mansur şeirlərini söyləyiblər.

Yubiley tədbiri konsert proqramı ilə başa çatıb.

Şahanə MÜŞFİQ

 





21.12.2019    çap et  çap et