525.Az

Pambıq yığımı üzrə rekord göstərici əldə olunub


 

SON İLLƏRDƏ PAMBIQÇILIĞIN İNKİŞAFI İLƏ BAĞLI ATILMIŞ ADDIMLAR ÖZ SƏMƏRƏSİNİ VERMƏKDƏDİR

Pambıq yığımı üzrə rekord göstərici əldə olunub<b style="color:red"></b>

Pambıqçılıq Azərbaycanda kənd təsərrüfatının ənənəvi və aparıcı sahələrindən biridir. Bu sahə bir müddət əvvəl müvəqqəti tənəzzülə uğrasa da, hazırda yeni inkişaf templəri özünü göstərməkdədir. Pambıqçılıq iqtisadiyyatın vacib sahələrindən biri hesab olunur. İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada pambıqdan istifadə olunmasın. Pambıq lifi toxuculuq sənayesi üçün əsas xammal sayılır. Ondan müxtəlif növ parçalar, iplik və geyimlər alınır, eləcə də müxtəlif texniki məmulatların hazırlanmasında istifadə olunur. Pambıq bitkisindən 250-dən artıq adda məhsul istehsal edilir. Eyni zamanda, maşınqayırma və təyyarə sənayesində, kimya sənayesində, heyvandarlıqda və digər sahələrdə çox qiymətli xammaldır. Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olub. Ancaq bu sahənin ən sürətli və uğurlu inkişaf dövrü Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə, eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Statistikaya nəzər salsaq görərik ki, Ulu öndərin dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci illərin əvvəllərində 1 milyon tona qədər pambıq tədarük edilirdi. 2016-cı ili bu sahədə dönüş ili hesab etmək olar. Belə ki, həmin il 51 min hektarda pambıq əkilib və nəticədə 90 min tona yaxın məhsul götürülüb. Bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur. Bu il pambıq əkilən rayonlar və əkin sahələri artıb.

Dövlət başçısı səviyyəsində bu sahəyə göstərilən diqqət onu deməyə əsas verir ki, pambıqçılıq Azərbaycanda yaxın illər ərzində surətlə inkişaf edəcək. Çünki bu sahənin inkişafının təkcə iqtisadi deyil, həm də sosial əhəmiyyəti var.  Başqa sözlə,  pambıqçılığın inkişafı on minlərlə iş yerinin yaradılması, insanların gəlir əldə etməsi və bununla da onların həyat şəraitinin yüksəlməsi deməkdir. Dövlət başçısının bilavasitə tapşırığı əsasında bu sahənin daha da inkişaf etdirilməsi üçün addımlar atılır, müasir texnologiyalar tətbiq olunur, emal müəssisələrinin modernləşdirilməsi və yeni müəssisələrin yaradılması, yeni pilot layihələrin işə salınması, pambıqçılığa güzəştli kreditlərin artırılması həyata keçirilir.

Bir neçə gün əvvəl pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə  qeyd edilib ki, 2019-cu ildə pambıq yığımı üzrə rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb.  Bu isə bir daha son illər ərzində pambıqçılığın inkişafı ilə bağlı ağlı atılmış addımların öz səmərəsini verdiyini göstərir. Dövlət dəstəyi nəticəsində son üç il ərzində 15 min 700 texnika alınıb. Pambıqçılığı inkişaf etdirərkən məşğulluqla bağlı problemlər diqqətdə saxlanılıb və ciddi nəticələr əldə olunub.  Belə ki, son dörd ildə Azərbaycanda pambıq istehsalı 8.5 dəfə artıb. 2019-cu ilin doqquz ayında pambıqçılıq Azərbaycana 111 milyon dollar gəlir gətirib.

Dövlət başçısı bildirib ki, həyata keçirilən siyasətin məqsədi Azərbaycanı daha da gücləndirmək və əhalinin rifahını yüksəltməkdir. Ölkədə kənd təsərrüfatının ənənəvi sahələri dirçəldilib və yüksək nəticələr əldə olunub. Görülən tədbirlər nəticəsində Azərbaycanda barama istehsalı 630 tona qədər yüksəlib.

Müşavirədə qarşıda duran vəzifələr də qeyd edilib: gələn il pilot layihələrin sahəsi artırılmalı, lifsiz pambıq toxumu istehsalı zavodu işə salınmalı, pambıq istehsalı sahəsinə daha çox güzəştli kreditlər ayrılmalı, pambıq emalı zavodlarının fəaliyyəti bir daha nəzərdən keçirilməlidir, pambıqtəmizləmə zavodlarının istehsal gücü pambığın artan həcmi ilə uzlaşmalı,  zavodlarda modernləşdirmə aparılmalı, yeni iplik fabriklər, toxuculuq, trikotaj, yem, yağ fabrikləri yaradılmalıdır .

Dövlət başçısı daxili tələbatın daxili resurslar hesabına təmin edilməli olduğunu vurğulayıb.

Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun sahibkarlıq şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev hesab edir ki, Azərbaycanda pambıqçılıqla bağlı həyata keçirilən pilot layihələrin məqsədi qabaqcıl təcrübəni ölkəmizdə tətbiq etməkdir: "Azərbaycanın çox böyük pambıqçılıq təcrübəsi var. Lakin müəyyən müddət bu sahədə müəyyən boşluqlar yarandığı üçün, biz pambıqçılıq sahəsində inkişaf edənlərin təcrübəsindən istifadə etməliyik".

O bildirib ki, pambıqçılıqla bağlı məsələlər arasında mütərəqqi texnologiyalara daha böyük meydan verilməlidir: "Ölkəmizdə Çin texnologiyası, o cümlədən, türk texnologiyası vasitəsilə pilot layihələr həyata keçiriləcək. Bu layihələr aqro klasterlər vasitəsilə həyata keçirilsə, o zaman daha da müsbət iqtisadi, sosial səmərə ala bilərik. Bu, insanların həm maddi rifah halının yaxşılaşdırılması, əmək haqqının çoxalması, yeni iş yerlərinin artırılmasına daha çox şərait yara bilər".

T.Əliyev qeyd edib ki, pambıq strateji məhsuldur və onun maddi-texniki bazası tam möhkəmləndirilənə qədər dövlətin dəstəyi birmənalıdır: "Lakin pambıqçılığın inkişaf etdirmək üçün fermer təsərrüfatlarının yeniləşdirilməsinə ehtiyac var. Onlar yeniləşməsə, bir yerə toplaşmasa, aqro klasterlər yaradılmasa, pambıqçılığın inkişafının sürətini ləngidə bilərik. Regionlarda heç olmasa rayonlararası, daha sonra isə iri rayonlarda klasterlərin yaradılması həm pambıqçılığın əkilməsi, həm becərilməsi, həm də istehsal və satışının idarə edilməsinə çox müsbət təsir göstərə bilər".

İqtisad elmləri doktoru söyləyib ki, ötən gün ölkə başçısının rəhbərliyi ilə keçirilən müşavirədə Prezident İlham Əliyevin pambıqçılığın daha da inkişaf etdirilməsi üçün müəyyənləşdirdiyi vəzifələr barədə materiallarda müasir texnologiyaların tətbiqi, emal müəssisələrinin modernləşdirilməsi və yeni müəssisələrin yaradılması, yeni pilot layihələrin işə salınması, pambıqçılığa güzəştli kreditlərin artırılması ilə bağlı tapşırıqları ölkəmizdə aparılan islahatların tərkib hissəsidir.

İnstitutun şöbə müdirinin sözlərinə görə, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət tərəfindən subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsində bəzi icra başçıları səhlənkar fəaliyyəti göstərərək sahibkarlara düzgün çatdırmırlar: "Əgər bu kreditlər vaxtında və düzgün şəkildə sahibkarlara çatdırılsa və həmin sahibkarlar onlara ayrılan maliyyə vəsaitindən qaydası üzrə istifadə etsələr, biz pambıqçılığın inkişafında böyük uğurlar əldə edə bilərik. Sahibkarların üzrinə düşən məsuliyyət aqrotexniki qaydalara düzgün riayyət etmək, torpaqlardan məqsədli şəkildə istifadə etmək, dövlətin onlara ayırdığı təyinatı düzgün şəkildə xərcləməkdən ibarətdir".

Millət vəkili Tahir Rzayev mövzu ilə bağlı bildirib ki, Azərbaycanda pambıqçılıq tarixən önəmli və aparıcı sahələrdən biri olub: "Sözsüz ki, bu sahə ən gəlirli sahələrdən biridir. Hələ 1913-cü ildən pambıq əkilməyə başlanılıb. Ondan sonrakı dövrdə isə pambıqçılığın inkişafı ilə əlaqədar müəyyən proqramlar, planlar irəli sürülüb. Ulu öndərin respublikaya rəhbərlik etdiyi dövrdə, 1969-cu ildən başlayaraq pambıqçılığın inkişafına başlanıldı və bu sürətli inkişaf 1981-ci ildə 1 milyondan çox məhsulun istehsal olunmasına gətirib çıxardı".

Deputatın sözlərinə görə, dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə ölkə başçısı xatırlatdı ki, hərc-mərclik dövründə bu sahə tamamilə dağıdıldı və müəyyən pambıqçılığın inkişafı üçün lazım olan məntəqələrdə, zavodlarda və s. çox ciddi səhvlərə yol verildi: "Beləcə pambıqçılığa laqeyd münasibət yarandı. Əlbəttə ki, pambıqçılığın inkişaf etdirilməsi üçün yerlərdə mövcud inkişaf və şərait olmalı idi. Ancaq o dövrdə bu inkişaf və şərait olmadı. Çünki iqtisadiyyat inkişaf etdirilməmişdi və kənd təsərrüfatında geriləmələr var idi. Əgər su yox idisə, yol infrastrukturu lazımi qaydada deyildisə, pambıqçılığı inkişaf etdirmək mümkün olmazdı. Cənab Prezident müşavirədə bir neçə il öncəki faktlara nəzər saldı ki, 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir və 35 min ton məhsul tədarük edilmişdir.

Daha sonra ölkə başçısı bildirdi ki, bu sahəyə diqqət ayrılandan sonra bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Təbii ki, bu, indiki dövrdə çox yüksək bir göstəricidir. Ulu öndərin dövründə 1981-ci ildə 1 milyon ton pambıq istehsal olunmuşdu. Əlbəttə ki, pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar çox ciddi tədbirlər həyata keçirilib və müəyyən gübrələrin istifadəsində güzəştli şərtlər tətbiq olunub. Prezident xatırlatdı ki, əgər əvvəllər bu, 100 manat idisə, indi 150 manat əlavə güzəştlər tətbiq olunub.

PƏRVANƏ

 

 

 





24.12.2019    çap et  çap et