525.Az

Mübariz Qurbanlı: "Terrorizm və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir"


 

Mübariz Qurbanlı: "Terrorizm və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir"<b style="color:red"></b>

Ağdaşda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Müasir çağırışlar: dini durum və vəzifələr" mövzusunda regional konfrans keçirilib.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətinin rəhbər şəxsləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, habelə ictimaiyyət fəalları iştirak ediblər.

Ağdaş şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilən "Heydər Əliyev: dəyərlərimizin xilaskarı" sənədli filmi nümayiş etdirilib.

Konfransı açan rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov rayondakı dini durum və dini icmaların qarşılıqlı fəaliyyəti barədə ətraflı məlumat verib, Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı terrorizm və ekstremizmin müasir dünya üçün ən ciddi təhdidlərdən olduğunu diqqətə çatdıraraq, bu gün terror əməllərinin böyük hissəsinin müsəlman coğrafiyasını əhatə etdiyini söyləyib. Təəssüflə bildirib ki, hazırda dünyada 169 müharibə ocağı var. Onun 30-da hər gün insanlar qətlə yetirilir. Komitə sədri vurğulayıb ki, dünyanın bir çox ölkəsində din amilindən istifadə vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxarır. Hazırda dinlər və sivilizasiyalar arasında toqquşmalar XX əsrdə "soyuq müharibə" illərindəki ideoloji toqquşmanı əvəz edib.

Komitə sədri çıxışı zamanı dövlət-din münasibətlərinin tənzimlənməsindən, milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin önəmindən, dini radikalizm və xurafat elementlərinə qarşı mübarizədə maarifləndirmənin əhəmiyyətindən danışıb.

Dövlət-din münasibətlərinin tənzimlənməsi işində Ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərini diqqətə çatdıran Komitə sədri dinə dövlət qayğısından, dövlət-din münasibətlərinin inkişaf dinamikasından və bu sahədə Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətdən bəhs edib. Prezidentin Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsi haqqındakı Fərmanını diqqətə çatdıran Komitə sədri Fondun nizamnaməsində milli-mənəvi dəyərlərimizin təbliğinin əsas istiqamət təşkil etdiyini vurğulayıb.

Regional konfransda radikalizmə, ekstremizmə qarşı mübarizədə maarifləndirmənin alternativi olmadığı bildirilib, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan islami dəyərlərimizin qorunmasında, bu dəyərlərin əsl mahiyyətinin gənc nəslə çatdırılmasında din xadimlərinin, ziyalıların vəzifələrindən danışılıb.

S.QARAYEVA

 





24.12.2019    çap et  çap et