525.Az

Səvadsız savadlılar, yaxud "ürək dövləti"


 

Səvadsız savadlılar, yaxud "ürək dövləti"<b style="color:red"></b>

Keçmişdə (və indi də!) hədsiz bilikli olanlara savadlı adamlar deyiblər. Bəs savadsız deyilən adamlar da olub axı! Kim olub onlar?! Əlbəttə ki, Yunis İmrə kimi "Eşq başımdan aşa gəldi"deyənlər!

Bu yazı da elə bu haqdadı.

Savad və Səvad haqda.

Savad biliklə bağlıdır.

Səvad yazı qabiliyyəti olmamaqla, yazı-pozuya o qədər də meyl salmamaqla.

Çox təəssüf ki, bu nəsnələri bir-biriylə qarışdıranlar bu üzdən ən savadlı adamları bəzən savadsız sanıblar.

Halbuki onlar savadsız yox, səvadsız olublar.

Hətta peyğəmbərimiz də!

lll

Nur dağının Hira mağarasında Cəbrayıl ona göründü.

- Ya Məhəmməd! Sən Allahın peyğəmbəri, Rəsulusan. Oxu! Yaradan Rəbbinin adı ilə! Oxu!

- Axı mən oxumaq və yazmaq bilmirəm.

- Bilirik. Bizə hər şey məlumdur.

Ona görə də "Yaz!" demirik. "Yazdır!" deyirik...

- Axı yadımda qalmaz.

- Hər şey bizim əlimizdədir. Elə edərik ki, heç yadından çıxmaz" (Qurani-Kərim. "Əla" surəsi 6-cı ayə).

Bu ayədən məlum olur ki, Məhəmməd peyğəmbərin doğrudan da yazmaq qabiliyyəti yoxmuş. Səvadsızmış.

"Quran" nazil ola-ola səhabələr onu əzbərləmiş, vəhy katibləri yazıya almışlar.

Amma peyğəmbərimiz həm də savadlıymış. Biliyini İlahidən alırmış... Allah "Quran"ı hər yetənə endirərdimi? Bundan ötrü gərək savadlı savadsız, səvadsız savadlı olaydın.

Nəsiminin bir rübaisində buna işarə edilib:

Ey qaşınla kirpikin, zülfün yedi,

Ol yedi kim, şeytan onu bilmədi.

Həqq bu sirri Əhmədə kəşf eylədi,

Anın üçün adına ümmi dedi.

Yuxarıda qeyd etdik ki, savad biliklə, səvad yazı ilə bağlı bir nəsnədir.

F.B.Köçərli "Azərbaycan ədəbiyyatı" kitabında M.P.Vaqifin bir qəzəlindən danışarkən belə bir ifadə işlətmişdir. "Səvadi-namə ruhuna şəfa və həyati-əbədi bəxş edir. "Yəni məktub adamın ruhuna şəfa, əbədi həyat bəxş edir.

Xatırlasaq ki, səvad qara rəng, yazı anlamındadır, onda nə üçün "səvadi-namə " deyildiyi aydın olar.

Belə bir yazı - "Səvadi-namə" ifadəsi S.Ə.Şirvaninin yaradıcılığında da işlədilmişdir: "Səvada çox baxanın məhv olur gözündən nur..." Yəni yazıya çox baxanın gözünün nuru azalıb yoxa çıxır.

"Yəhya bəy Dilqəm məktəb, mədrəsə təhsili almamışdır. Mən 1979-cu ildə onun yaxın qohumlarından, Şəmkirin Dəllər-Cırdaxan kəndində yaşayan 83 yaşlı Məmməd Rüstəmin yanında oldum.Yəhya bəy Dilqəm haqqında söhbətlərini yazdım.

Dilqəmin savadlı, savadsız olması haqda o dedi ki,Yəhya bəy yazı-pozu bacarmırdı. Ona görə də sözlərini yazıya alan Molla Əmir idi" (H.Arif "Seçilmiş əsərləri" VII cild).

"Bir ustad deyirdi ki, "mən ümmiyəm".  Ümmi - yazı yazmayandır. Məndə heç vaxt yazı yazmaq adəti olmayıb. Söz məndə qaldıqca hər an başqa üz göstərir" deyən Şəms Təbrizinin də əslində, savadlı deyil, səvadı-yazı qabiliyyəti olmayıbdı.

Sokrat da, Yunus İmrə də, Aşıq Ələsgər də ümmi-səvadsız olublar.

Amma savadlarına söz yoxmuş!

Haqdan bilikləndirildiklərinə gö

rə.

 

Dərvişin duyduğu Haqq,

Haqdan eşidir səbaq!

Tərpənmədən dil-dodaq,

Sözü eşidən gəlsin!

                        (Y.İmrə)

Nizami də bu səbaqdan (dərsdən) danışmırdımı, belə demirdimi:

"Hünər odur ki, gözün olmadan görəsən, qulağın eşitmədən eşidəsən, dilin olmadan danışasan".

Aşıq Çələbi öz təzkirəsində Y.İmrə haqda qeyd edir ki, o, "gərçi ümmidir, amma dəbistanı-Xuda səbiskanıdır".

Bu fakt da bir daha göstərir ki, Yunus (və Yunus kimilər) savadsız yox, səvadlı olublar. Səvadsız-yazı qabiliyyətləri olmamasına baxmayaraq, Tanrı məktəbində dərs alıblar.

Səvadsız olduğunu-ümmi olduğunu Y.İmrə başqa bir şeirində özü də etiraf edib:

O dost mənə ümmi demiş,

Həm adımı ümmi qoymuş,

Dilim şəkər, gövdəm qamış,

O söyləyən nəmdir (nəyimdir) mənim?!

...Sokrat Afinanın küçələrində və meydanlarında fəlsəfi söhbətləri aparırdı.

Dediklərini şifahi şəkildə deyirdi, şagirdləri toplayıb yazıya alırdılar.

Buna kimlərsə inanır, kimlərsə inanmırlar.

"Dərs almadan kitab açdım, oxudum" deyən Abbas Tufarqanlıya, sizcə, o saat inanıblarmı ki?! Mizan-tərəzi axtarıb sual edənlər azmı olub ki, "nə danışdığındı, a kişi? Kitab oxumadan, dərs almadan da elmmi öyrənmək olar, savadlımı olmaq olar?"

Olar! - deyib ariflər!

Olar! - deyib aşiqlər!

Məhəmməd peyğəmbər bir gün Həzrət Əliyə dedi: "Ey Əli! Allah-Təala bir quluna kəramət verib onu üstün etmək istəsə, ona gözlərin görmədiyi, bir qulağın eşitmədiyi, bir kimsənin ağlına gəlməyən şeyi verir!

Fikir verin, peyğəmbərimiz "verir" deyirdi, "yazdırır" demirdi!

Gəlin açıq danışaq.

Aşıq Ələsgərə savadsız demək olarmı? Onu savadsız sananların özləriymiş savadsız! Unudublar ki, Ələsgərdən danışanda da söhbət heç də savaddan yox, səvaddan (onun da yazı qabiliyyəti olmadığından) gedir.

"Nizami, Firdovsi Hafiz, Nəsimi.

Onlar da yazdığı, ayə, məndədi".

yaxud

"Altı min, altı yüz ayə məndədi" deyən kişi (övliya!) savadsız ola bilərdimi? Bir də ki, Aşıq Ələsgər təkcə aşıqdımı ki?

Aşıqdı, alimdi, filosofdu, təbiətşunasdı, kainatşunasdı.

Halbuki o da heç bir məktəbdə oxumamışdı. Tanrı məktəbində oxumaqdan başqa İlahi nəsnələrdən əli ilə toxunurmuş, gözü ilə görürmüş kimi söhbət açırdı:

Aşıq Ələsgərdi soruşsan adım,

Huş başımdan gedib, yoxdu savadım.

Sözlə mətləb yazmaq deyil muradım,

Arifə eyhamla deyirəm hurfat,

                             Sədrin olsun sat!

Burda əlbəttə ki, "yoxdu savadım" deyəndə ustad böyük təvazökarlıq edib. Sonra da açıq-aşkar bildirib ki, "yazmaq deyil muradım".

...Bir gün Mövlana, Şəms Təbrizinin söhbətlərindən təsirlənərək, çaşıb qalmışdı.

Şəms dedi:

- Nə soruşacaqsansa soruş.

Mövlana dedi:

- İsanın nəfəsi kimi nəfəsin var.

- Bəli, başqa?

- Kimya elmində tayın-bərabərin yoxdur.

- Ola bilər, başqa?

- Ulduznamələri oxumaqda, riyaziyyat, ilahiyyat, fəlsəfi sözlər, astronomiya, təfsir, hədis və başqa elmlərdə mahirsən, bu, necə olur? Məktəbə getmədin, dərgahlarda iqamə etmədin, mürşidin olmadı. Bütün bunlara necə nail oldun?

 - Ürək dövləti qurdum!

Məgər ürəkdən məharətli mürşidmi var? İllərdir axtarmaqdan yoruldum, sən demə, axtardığım məndə imiş, tapdığım səndə imiş. Mövlamız Həzrəti Məhəmməd məgər məktəbmi oxudu?

- Xeyr!

- Oxuyub yazmaq bilirdimi?

- Xeyr?

- Onun bəs mağarada işi nə idi?

- ...

- İzah edim. Quyu Yusifin məktəbi idi, Çöl İsanın, dağ Musanın dərgahı idi. Mağara da Həzrəti Məhəmmədin məktəbi idi.

Şəms Təbrizinin bu söhbətinə bir məqamı da əlavə etməyə ehtiyac duyulur. Unutmayaq ki, "səvad sözü" "qara", "qaranlıq", anlamını verdiyi kimi, peyğəmbərimizin sığındığı mağarada da bir qaralıq (bir qaranlıq) vardı.

Bir daha təkrar da səslənsə, bilirik ki, yazıda da qaralıq var, sanki bir "qaranlıq" var. Bu qaralığa-qaranlığa M.P.Vaqifin bir qəzəlində işarə olunubdu:

"Dili-rövşən gərək

nadan içində sərf edən ömrün,

Çırağı səltənətgahi səvadi-şami

yeldadir.

Belə bir misal Molla Pənahın başqa bir qəzəlində də yer alıb:

Səvadi namənin, ey gül,

məgər zülmati-heyvandır,

Ki, ruhum Xızrtək onda

bəsa kəsbi-kamal etdi.

Bütün deyilənləri ümumiləşdirib birmənalı şəkildə demək olar: Məhəmməd peyğəmbərin də, Sokratın da, Şəms Təbrizinin də, Yunus İmrənin də, Aşıq Ələsgərin də... savadı, biliyi (xüsusən, İlahi biliyi!) vardı. Səvadı - yəni yazmaq qabiliyyəti yoxdu.

Onlar savadlı səvadsızlardı. Səvadsız savadlılardı!..

Vəssalam!

 





24.12.2019    çap et  çap et