525.Az

“Rəfiqəmə dedim, o uşaq kimdirsə mənə baxır...”- Məşhurların xanımları


 

“Beləcə, bu bir baxışın sonu evliliklə bitdi”

“Rəfiqəmə dedim, o uşaq kimdirsə mənə baxır...”- <b style="color:red">Məşhurların xanımları</b>

Öz yaşından olduqca cavan görünən,” tələsə –tələsə”  gəlib 70 yaşını adlayan Tofiq Abdin yaradıcılığının arxa cəbhəsinin fəal nümayəndəsi Gülnaz  xanım bərabər yaşadıqları ömrü bizimlə söhbətdə belə nəql etdi...

–Gəlin bu dəfə də ənənədən kənara çıxmayaq: özünüz haqqında danışardız, Tofiq Abdinlə tanışlıqdan əvvəlki həyatınız haqqında...

 –Mən Zəngilanda çoxuşaqlı, kasıb bir ailədə anadan olmuşam. Anam atamın ikinci həyat yoldaşı olub. Amma əvvəlki həyat yoldaşından olan uşaqlarla birlikdə yaşamışıq. Qardaş- bacılar arasında qan bağı cəhətdən fərqlilik olsa da, heç vaxt aramızda ögey-doğmalıq hiss etməmişik. Ali təhsil almağı çox istəsəm də buna nail ola bilmədim. Məktəbi bitirəndən sonra Bakıya böyük qardaşımın yanına gəldim, fabrikdə işə başladım. On doqquz yaşımda Tofiq Abdinlə ailə həyatı qurduq, iki uşağımız var : oğlumuz Mətin və qızımız Günel.

–Tofiq Abdinlə aranızda elə də az olmayan yaş fərqi var, necə oldu ki, o sizi bu evliliyə razı salmağı bacardı?

–Mənim işə gedib gəldiyim yol, Tofiqin qaldığı evin qabağından keçirdi. Amma heç vaxt bilməmişəm ki, bu evdə kim yaşayır. Mən işdən gələndə qaranlıq olurdu, qardaşımgilin qonşuluğunda yaşayan yaxın rəfiqələrim, qaranlıqdan qorxmayım deyə qabağıma çıxırdılar. Bir gün yenə dayanacaqda rəfiqəm Nəcibəni gözləyirdim. O gələnə qədər gördüm ki, tanımadığım bir oğlan, çox diqqətlə kənardan mənə baxır. Qızlar gələndə   “ Rəfiqəmə dedim, o uşaq kimdirsə mənə yaman baxır...”. Qızların arasına gülüşmə düşdü. Rəfiqəm Nəcibə xanım “O uşaq deyil, yekə kişidi” dedi .Beləcə, bu bir baxışın sonu evliliklə bitdi. Yaşının çoxluğu xarici görünüşündən hiss olunmurdu. Qardaşımın razılğı ilə ailə qurduq. Qabağından keçib-getdiyim evə köçdük. Tofiqin kobudluğu, sərtliyi yoxdu, çox mülayim xasiyyəti var. Bir gün nə dedimsə, dəqiq yadımda deyil, Tofiq məndən incidi, üç gün məni danışdırmadı. Atamdan anamdan ayrı, bütün günü evdə tək qalırdım, Tofiq də  gələndə məni dindirmirdi. Üçüncü gün gəldi evə yenə bir kəlmə dinib- danışmadı. Özümü o qədər qərib, kimsəsiz hiss etdim ki, oturub ağladım... Bu göz yaşları bizi barışdırdı. Sonra özüm üçün müəyyən etdim ki, Tofiqə nəyi demək olar, nəyi yox.Bir-birimizdən ayrı qaldığımız vaxt olmayıb. Hara getmişiksə bərabər getmişik... Mənim atam Tofiqi evliliyimizdən sonra gördü. Toyumuz Bakıda oldu, atam da xəstə olduğundan toyda iştirak edə bilmədi. Toydan bir müddət sonra Zəngilana atamın ziyarətinə getdik. Mənim qardaşlarım da, atam da boylu- buxunlu adamlar idi. Atam Tofiqə baxdı, baxdı, “mən də elə bilirəm, kürəkənim, enlikürək, hündürboy birisidi” dedi. (gülür) Atamla ilk görüş, bu ifadəylə yadımızda qaldı...

– Gülnaz xanım, səkkiz il vətəndən ayrı, Türkiyədə yaşamağınızın səbəbi nə idi?

–Ailə qurandan sonra işdən çıxdım. Ta ki, uşaqlar böyüyənə qədər... Bir gün Tofiqin dostlarından biri bizə gəlmişdi. Mən də evdar xanımlıqdan şikayətlənmişəm yəqin. Sabahısı gün zəng edib, məni Türkiyə konsulluğundan işə çağırdılar. Bir müddət orda işləyəndən sonra müqavilə ilə bizi Türkiyəyə göndərdilər. Uşaqları da götürüb Türkiyəyə getdik. İki il yarım işlədik. Sonra uşaqların təhsilinin bitməyini gözlədik, sonra yenidən vətənə qayıtdıq.

–Türkiyədə olanda Tofiq Abdinin yazılarına görə sizə hədələr, təhdidlər olub. Səs- küyə səbəb olan yazısı hansı idi?

–Tofiqin dostlarının sayı həmişə çox olub, o elə insandır ki, heç vaxt düşməni ola bilməz. Həmişə evimiz qonaqlı –qaralı olub. Məsələn, onun ən etibarlı dostlarından biri, evləndiyimiz günlərdən bəri, ailəmizlə daima təmasda olan Səmaya xanımın ailəsidir. Amma yazdığı yazılar bəzən ona qanqaraçılıq da gətirə bilirdi. Adi sözlərə görə evə zənglər, təhdidlər olurdu. Türkiyədə yaşadığımız müddətdə Tofiqin bir yazısı çıxmışdı. Bir azərbaycanlı haqqında yazı yazmış, yazıda onun adını çəkmişdi. Amma bu yazıya görə bizə basqı edən azərbaycanlılar deyildi. Bu yazı  türkiyəlilərdən bir neçəsinin xoşuna gəlməmişdi. Bütün bu basqılar həmin səbəbdən irəli gəlirdi.

–Evlilikdən əvvəl Tofiq müəllimin erməni qızını dəlicəsinə sevməsindən, bundan əlavə bir dəfə nişanlı olub ayrılmasından xəbəriniz var idi?

–Yox qızım, mən bütün bunların hamısını evlilikdən sonra eşitmişəm. Nişanlanmazdan əvvəl bilirdim ki, Gəncədə yaşayan bir qızla ailə qurmaq ərəfəsində imiş, amma tale elə gətirib ki,  baş tutmayıb. Tofiqin dediyinə görə məni görəndən sonra bir könüldən, min könülə aşiq olub və o qızla ailə qurmaq planından daşınıb. Erməni qızı ilə olan münasibətini də heç Tofiqin dilindən eşitməmişəm. Böyük baldızımda həmin qızla Tofiqin birlikdə olan şəkillərini görəndən sonra bundan xəbərim oldu. Bu xatirələr heç vaxt mənim məyusluğuma, qısqanclığıma səbəb olmayıb, çünki bunlar hamısı mənim varlığımdan əvvəl baş vermiş hadisələrdir. 

–Ölüm məfhumu Tofiq Abdin yaradıcılığının ən fəal ünsürlərindən biridir. Nə səbəbdən bütün yazılarında ölmək arzusunu dilə gətirir?

–Tofiqdə qəribə bir xasiyyət var. Yazılarını başqa ruhda yazır, özü isə tamam başqa cür fikirləşir. Hansı şeirini oxusanız, ələmdən, kədərdən bəhs etdiyini, ölüm arzuladığını görərsiniz. Amma Tofiq elə ən çox ölümün özündən qorxur. Hərdən elə olur ki, hansısa dostu rəhmətə gedir. Onun ölümü Tofiq müəllimi çox sarsıdır. Fikir verirəm ki, öz-özünə danışır:

“-Çox cavan idi, hələ onun ölmək vaxtı deyildi...yox o ölməməli idi...

–Neçə yaşı var idi, ay Tofiq?

–lap cavan idi, 69 yaşında getdi, bədbaxt”.Belə-belə sözlər.

Yəni demək istədiyim odur ki, belə yazılar yazsa da, heç qocaldığını, yaşını boynuna almır, nəinki bu həyatdan köçmək fikrini. Tofiq ömrünün ahıl vaxtlarında, elə bu ölümün ucbatından, çox ağır depressiya keçirib. Ailə üzvlərimizin ard –arda həyatdan köçməsi, sarsıntılar ona dəhşətli ağrılar gətirmişdi. Yatdığı otaqdan çıxmır, dostları ilə görüşmür, heç kimlə danışmırdı. Elə hey nə haqdasa düşünür, ölümün qarşısını alacaq nələrisə kəşf etməyə çalışırdı. Amma Tofiqin güclü  xarakteri var. Elə bu səbəbdən də o stressin, o çətinliyin  öhdəsindən gəlməyi bacardı.

–Gülnaz xanım, siz ailə qurduğunuz vaxtlarda əksər qələm əhli həyat yoldaşını özü ilə məclislərə aparmırdı. Sizin  ailənizdə bu cür qısqanclıqlar var idimi?

–Evləndiyimiz gündən etibarən, münasib bildiyi toylara məni də aparıb. Mənim heç xəbərim yox idi ki, sən demə şairlərin, yazıçıların əksəriyyəti həyat yoldaşlarını özləri ilə heç yana aparmır və bunu o qədər də yaxşı qarşılamırdılar. Mən bunu çox sonralar öyrənmişəm. Əvvəllər Tofiqlə tez –tez məclislərə gedərdik. Amma indi çox təsadüfi hallarda birlikdə hansısa yığıncaqda iştirak edirik. Tofiq indi çox səbrsiz olub, toy evindən içəri girən kimi, “durun getdik” deyir. Ailəliyimiz boyunca heç vaxt bu adam axşam saat yeddidən sonra gəzmək adı ilə heç yana çıxmayıb-nə bir qohum evinə, nə bir qonşu qapısına. Təbii ki işlə bağlı evə gec gəldiyi olurdu. Amma evdən gec saatlarda çıxdığı yadıma gəlmir.

–Daha çox öz iç dünyasında olmağı  ailəsinə qarşı laqeydliyə səbəb olmurdu ki?

– Mən heç vaxt şairlə ailə qurduğuma görə peşiman olmamışam. Amma ən narazı qaldığım cəhətlərindən biri o idi ki, heç vaxt oturub birlikdə məsləhətləşməmişik. Bərabər hansısa addımı atacağımızı qabaqcadan planlaşdırmamışıq.Məsələn, Türkiyədə yaşadığımız vaxtlarda, uşaqlar imtahan vermək ərəfəsində idi. İmtahanlar isə bizim yaşadığımız şəhərdə deyildi. Tofiq heç maraqlanmadı da. Soruşa – soruşa birtəhər  imtahan olan yeri tapdıq və Tofiq bizim yanımızda deyildi... Ay qızım, gəlin sizə balalarımızın toy günündən danışım. Bir atanın, bir ananın ən sevincli anlarından... Tofiq hər ikisinin toyunda bizə ancaq pul verdi... Əvvəllər bu hərəkətləri məni çox incidirdi. Sonra bir gün məni yanına çağırdı, “sən elə bilmə ki, mən sizə qarşı laqeyd yanaşıram. Əslində mənim istəyim, balalarımı, ən çox da səni mənsizliyə öyrətməkdir. İstəmirəm ki, mən bu həyatda olmayanda, sən boynu bükük, yetim uşaq kimi qalasan. Mən səni sınaqdan keçirirəm ki, həyatın bərkinə-boşuna, amansızlığına öyrəşəsən” dedi. Bu sözlərdən çox təsirləndim və o gündən Tofiqi günahlandırmaqdan əl çəkdim.

–Tofiq müəllimin həyat yoldaşısız, bəs siz ona oxucu ola bilmisinizmi?

–İki kompyuteri var, onlardan biri mətbəxdədir, biri də yataq otağında. Biz yatanda yazır, biz  yemək yeyəndə də, yazdıqlarını köçürür. Mətbəxt onun evdə ən çox sevdiyi yerlərdən biridir. Amma ora yemək  yox, yazı yazmaq üçün gedir. Yazılarını əvvəllər çox oxuyardım...  Uşaqlar dünyaya gəldikcə, başım qarışdı, qayğılar artdı , kifayət qədər vaxt ayıra bilmədim. Düzünü desəm mən Tofiqin yazdığı bir hərfi belə oxuya bilmirəm, çox pis xətti var. (gülür). Onun yazılarını anlamaq, nə demək istədiyini qavramaq asan iş deyil. Mən Tofiqin yazdıqlarını başa düşə bilmirəm... Tofiq özü də yazılarını mənə göstərməyi adət etməyib. Yəni mən onun həyat yoldaşı olsam da, oxucusu ola bilməmişəm...

Məhəbbət HACIYEVA
Firəngiz AĞALAR

 





11.11.2013    çap et  çap et