525.Az

"Prezidentdən başqa heç bir rəsmi şəxs mövcud duruma bu qədər açıq qiymət verməmişdi"


 

EKSPERTLƏR AZƏRBAYCANIN DÖVLƏT BAŞÇISININ YERLİ MEDİAYA MÜSAHİBƏSİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİRLƏR

"Prezidentdən başqa heç bir rəsmi şəxs mövcud duruma bu qədər açıq qiymət verməmişdi"<b style="color:red"></b>

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə gün əvvəl yerli jurnalistlərə ilin yekunları ilə bağlı müsahibə verib. Dövlət başçısı müsahibəsində ölkəmizin 2019-cu ildə uğurlu inkişafı, Azərbaycanın daxili və xarici siyasəti, o cümlədən, Avropa İttifaqı ilə əlqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi və sosial inkişaf, enerji və nəqliyyat-tranzit layihələri, milli və dini tolerantlıq, həyata keçirilən islahatlar, parlament seçkiləri və müxalifətlə bağlı cəmiyyət həyatının bütün sahələri üzrə aktual məsələlərə münasibət bildirib. Prezidentin müsahibəsi kifayət qədər maraq doğurub və politoloqlar, siyasi şərhçilər, ekspertlər tərəfindən şərh olunmaqdadır. 

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı bildirib ki, Prezident İlham Əliyev ilin sonunda 4 yerli televiziya kanalına geniş müsahibə verməklə yeni bir ənənənin başlanğıcını qoydu. O bildirib ki, dövlət başçısı bundan əvvəl REAL TV-yə geniş müsahibə vermişdi. Ancaq budəfəki format başqa ölkə liderlərinin, o cümlədən, qonşu Türkiyə və Rusiya prezidentlərinin istifadə etdikləri üsula bənzəyirdi. Misal üçün, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında müxtəlif mövzularla bağlı geniş açıqlamalar verməklə yanaşı, ən azı ayda bir dəfə hansısa televiziya kanalına geniş müsahibə verir və ən müxtəlif suallara cavab verir. Bununla cəmiyyətdə informasiya boşluğunun və şayiələrin qarşısı alınır. Politoloqun sözlərinə görə, Azərbaycanda da informasiya siyasətinin gücləndirilməsinə ehtiyac var: "Azərbaycan Prezidenti müxtəlif müşavirələrdə müxtəlif mövzular barədə açıqlamalar versə də, bir çox məsələnin aydınlaşdırılması, dəqiqləşdirilməsi vacibdir. Məsələn, Prezident müsahibə boyunca "Azərbaycan Avropa İttifaqı ilə sazişi nə zaman imzalayacaq", "Azərbaycanın Avropaya inteqrasiyası hansı şərtlər altında mümkündür", "Şərq Tərəfdaşlıq Proqramından gözləntilərimiz varmı", "Dövlət başçısı həbs olunan icra başçıları barədə nə düşünür" və "Erkən parlament seçkilərinə nə ehtiyac var idi" kimi suallara aydınlıq gətirdi.

Televiziya təmsilçiləri ilk suallarına Azərbaycan-Avropa İttifaqı münasibətlərindən başladılar. Bu, təsadüfi deyildi. Çünki İlham Əliyev son çıxışlarının birində Avropadakı ümumi vəziyyəti tənqid etmiş və Azərbaycanın Avropaya inteqrasiya olunmayacağını söyləmişdi. Halbuki Bakı ilə Brüssel arasında uzun illərdir strateji əməkdaşlıqla bağlı sazişin üzərində iş gedir. İlham Əliyev ilk dəfə sazişin imzalanmasının gecikməsinin iki səbəbini göstərdi.

Birincisi, Prezident qeyd etdi ki, sazişin mətninin təxminən 90 faizi razılaşdırılıb. Buna baxmayaraq, Brüsselin şərtlərindən biri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü sürətləndirməkdir. İlham Əliyevin cavabından aydın oldu ki, indiki şərtlər altında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü mümkün deyil. Çünki ucuz mallar Azərbaycan bazarını doldura bilər. Azərbaycan rəqabət qabiliyyətli məhsullar istehsal etməlidir ki, xarici mallarla rəqabətə tab gətirə bilsin.

Prezident sazişin imzalanmasının yubanmasının ikinci səbəbini də göstərdi. Avropa İttifaqı Azərbaycandan tələb edir ki, başqa ölkələrə qazı hansı qiymətə satırsa da, daxili bazarda da eyni qiymətə satsın. Bu, Azərbaycanın maraqlarına uyğun deyil. Çünki yerli əhali və sənaye müəssisələri üçün qazın qiymətləri artarsa, həm narazılıq, həm də yerli məhsulların qiyməti artacaq. Bakı Brüsselin bu şərtini qəbul etmir.

Hazırda bu iki maneənin aşılması istiqamətində iş gedir ki, Azərbaycan Avropa İttifaqı ilə saziş imzalaya bilsin. Daha əvvəl Bakının da Brüsseldən önəmli tələbi var idi. Sazişdə Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz vurğulanmalıdır! Bu məsələ həll olunub. Avropa İttifaqı necə ki, Gürcüstan, Ukrayna və Moldova ilə imzaladığı assosiativ sazişlərdə bu ölkələrin ərazi bütövlüklərinə dəstək ifadə edib, eyni maddənin Azərbaycanla sazişdə də vurğulanacağı razılaşdırılıb".

Politoloq deyib ki, Prezident regional layihələrdən danışarkən qonşu ölkələrlə yaxşı münasibətlərin vacibliyinə diqqət çəkdi: "Prezident konkret ölkələrin adını çəkməsə də, söhbətin Rusiya və İrandan getdiyi aydın idi. Azərbaycan əsas enerji və nəqliyyat layihələrini strateji tərəfdaşı olan Türkiyə və Gürcüstanla (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP) reallaşdırır. Ancaq son illərdə Azərbaycan Rusiya və İranla da ortaq regional layihələr icra edir və bu iki dövlət Azərbaycan-Gürcüstan-Türkiyə boru və nəqliyyat xətlərindən istifadəyə maraq göstərirlər. Prezident bu mövzuya belə yekun vurdu ki, qonşu dövlətlərlə münasibətlərdə problem olsaydı, onlarla regional layihələrin reallaşdırmaq mümkün olmazdı. Beləliklə, Prezident Azərbaycanın Rusiya və İranla dost və mehriban münasibətlərin formalaşmasında geoiqtisadi amillərin başlıca rol oynadığına işarə etdi. Bu regional əməkdaşlıq formatı Ermənistanı daha çox təcrid etməyə imkan verir.

Azərbaycan cəmiyyətində ən çox əsas suallardan biri də budur: Parlament niyə erkən buraxıldı? Əlbəttə, rəsmilərin və hakim partiyanın bu suala cavabı beləydi ki, parlamentin indiki tərkibi islahatların sürəti ilə ayaqlaşmırdı. Ancaq Prezidentdən bu suala geniş cavab eşitmək vacib idi və dövlət başçısı erkən parlament seçkilərinin iki əsas səbəbini belə izah etdi: "Vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşmalı və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləməlidir... Bəzi hallarda deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Yəni ona xalq dəstək verməlidir".

Prezident bu iki səbəbi vurğulamaqla izah etdi ki, parlamentin indiki tərkibindən razı deyildi. Buna baxmayaraq, bir sıra passiv deputatların yenidən namizədliklərini irəli sürmələrinə dair xəbərlər çoxalır. Əslində, bununla həmin keçmiş deputatlar prezidentin yanaşmasını qəbul etmədiklərini büruzə verirlər.

Prezidentin müsahibəsində dediyi və sosial şəbəklərdə ən çox müzakirə olunan cümlə isə budur: "Qanunsuzluq edən məmurlar xalqdan qorxmurlar, heç olmazsa, Allahdan qorxsunlar". Prezident yararsız və rüşvətxor məmurlar barədə növbəti xəbərdarlığını bir daha təkrarladı: "Rüşvətxor məmurlar ölkəmizə və iqtidara ləkədir". Prezidentdən başqa heç bir rəsmimimiz mövcud duruma bu qədər açıq qiymət verməyib".

Millət vəkili Əflatun Amaşov isə bildirib ki, Prezident İlham Əliyev fəaliyyətilə, gördüyü işlərlə daim tarixdə qalacaq parlaq simadır, yüksək səriştəli dövlət adamıdır. O, dövlət və xalq adamı olmağın müstəsna nümunəsidir. Malik olduğu idarəçilik keyfiyyətləri, alicənablığı və kübarlığı onu hər zaman və hər vəziyyətdə önə çıxarır. Millət vəkili daha sonra vurğulayıb: "Dünən Azərbaycanın yerli jurnalistlərə müsahibəsində də bunu bir daha gördük. Dövlət başçısı müsahibəsində ölkə həyatının demək olar, bütün istiqamətlərinin geniş təhlilini verdi. Hesab edirəm ki, onun səsləndirdiyi hər fikir Azərbaycanı daha inkişaf etmiş ölkəyə çevirmək yolundakı müfəssəl platforma idi. Bu platformanın uğurlarının daimiliyinə tam əminəm. Əminəm ona görə ki, cənab İlham Əliyev qətiyyəti və prinsipiallığı ilə də hər zaman öndə olmağı bacaran liderdir. Prezident İlham Əliyevi bir daha doğum günü - 58 yaşının tamam olması münasibətilə təbrik edirəm. Ona Uca Tanrıdan möhkəm cansağlığı, Vətənimizin daha da çiçəklənməsi yolundakı yorulmaz fəaliyyətində yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayıram. Uca Tanrı Prezidentimizi və müstəqil Azərbaycanımızı qorusun!", - deyə qeyd edib".

Deputat Azər Badamov isə bildirib ki, dövlət başçısı çox ətraflı şəkildə bütün aktual məsələlərə toxundu. O vurğulayıb ki, dövlət başçısı daim mətbuatla sıx işləyib, jurnalistlərin fəaliyyətinə yüksək qiymət verib. Prezidentin ilin yekunları ilə bağlı bir qrup yerli jurnalistə müsahibə verməsi də bunun göstəricisidir. A.Badamov vurğulayıb ki, müsahibədə ölkə rəhbəri ən vacib, cəmiyyət üçün böyük maraq kəsb edən məsələlərə ətraflı toxundu: "Bu, həm ölkəmizin 2019-cu ilə uğurla yekun vurmasını sübut edir. Azərbaycan güclü dövlətdir. Onun lideri dünyada ən nüfuzlu liderlər sırasındadır. Azərbaycanla hesablaşırlar. Ölkəmiz regionda, dünyada söz sahibidir. Hər hansı təzyiq, xarici maraqlar bizim siyasətimizə, Prezidentimizin iradəsinə təsir edə bilməz. Çünki dövlətimiz müstəqil siyasət aparır, bu siyasətdə xalqımızın, dövlətimizin maraqları ön sıradadır. Ona görə də gələn ilin Azərbaycan üçün daha yaxşı, daha uğurlu il olacağını indidən demək olar".

PƏRVANƏ   

 

 





25.12.2019    çap et  çap et