525.Az

"Yeni nəfəs" qiraət müsabiqəsi keçirilib


 

"Yeni nəfəs" qiraət müsabiqəsi keçirilib<b style="color:red"></b>

Dekabrın 23-də Gəncliyə Yardım Fondunun "H.Z. Tağıyev zalı"nda  Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi "NƏSİMİ-650" adlı layihə çərçivəsində "Yeni nəfəs" adlı qiraət müsabiqəsi təşkil olunub.

DGTYB mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan DGTYB-nin başqanı İntiqam Yaşar qonaqları salamlayaraq, bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2019-cu il "Nəsimi ili" elan olunmaqla ölkədə və ölkədən kənarda çoxsaylı tədbirlər həyata keçirildi: "Bu gün toplaşdığımız tədbir də bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir. DGTYB-nin "NƏSİMİ-650" adlı layihə çərçivəsində təşkil olunan "Yeni nəfəs" qiraət müsabiqəsi dördüncü tədbirimizdir. Bundan öncə Bakı Konqres Mərkəzində, Zirvə Tədris Mərkəzində, Azərbaycan Dövlət Pedaqoji Universitetin Şamaxı filialında bu layihə çərçivəsində çox yüksək səviyyədə tədbirlərimiz baş tutdu".

Sonra söz gənc qiraətçilərə verilib. Çıxış edən iştirakçılar Azərbaycan ədəbiyyatından müxtəlif ədəbi nümunələr səsləndiriblər. Çıxışlar bitdikdən sonra Xalq artisti Eldost Bayramın rəhbərliyi ilə Əməkdar artist Azad Şükürov, ADMİU-nun dosenti Nadir Hüseynov və yazıçı-publisist Kənan Hacıdan ibarət münsiflər heyəti gənc qiraətçilərin çıxışlarını qiymətləndiriblər.

Verilən ballara uyğun olaraq birinci yerin qalibi Həsən Kür, ikinci yerin qalibi Cəmil Cəmilbəyli, üçüncü yerin qalibi isə Aytac Hümbətova olub.

Tədbirdə qonaq qismində iştirak edən qiraətçilərdən Xəzər Süleymanlı, Anar Adil, Ləman Nur, Müşfiqə Baləddinqızı, Elvin Əlizadə və başqalarının çıxışları da tədbir iştirakçılarının marağına səbəb olub.

Daha sonra müsabiqə qalibləri mükafatlandırılıb, digər iştirakçılara isə fəal iştiraklarına görə diplomlar təqdim olunub.
Sonda DGTYB başqanı İntiqam Yaşar bütün iştirakçılara və münsiflər heyətinə öz təşəkkürünü bildirib.

 





25.12.2019    çap et  çap et