525.Az

Əminə Dilbaziyə həsr olunmuş elmi sessiya keçirilib


 

Əminə Dilbaziyə həsr olunmuş elmi sessiya keçirilib<b style="color:red"></b>

Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Azərbaycan Respublikanın Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını rəhbər tutaraq Bakı Xoreoqrafiya Akademiyasında silsilə tədbirlər keçirilib. Tədbirlərdən biri də "Milli xoreoqrafiya sənətinin görkəmli ustadı" mövzusunda elmi sessiyadır. Sessiyadan öncə BXA-nın tam orta məktəb şagirdləri konsert proqramı ilə çıxış ediblər. Proqramda Xalq artisti Yusif Qasımovun, Əməkdar artist Səbinə Qasımovanın, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın, Əməkdar müəllim Pullumb Ağalıyayın, müəllimlər Yekaterina Mustafayeva və Pərvin Nəcəfova quruluş verib hazırladıqları milli və klassik rəqs nömrələri yer alıb.

Konsertdən sonra akademiyada Əminə Dilbaziyə həsr olunmuş sərgi açılıb. Sərgidə sənətkara məxsus səhnə geyimləri və aksesuarlar, rəssamlar tərəfindən yaradılmış portret və xalça, haqqında yazılmış kitablar, məqalələr, mükafatları, foto materiallar və digər əşyalar nümayiş etdirilib.

Daha sonra BXA-nın rəhbərliyi, professor-müəllim, tələbə heyətləri, magistrant, doktorantlar, sənətkarın ailə üzvləri, elm, mədəniyyət və incəsənət ictimaiyyəti nümayəndələrinin iştirakı ilə elmi sessiya keçirilib. Tədbirdə BXA-nın Sənətşünaslıq kafedrasının müdiri Əməkdar İncəsənət xadimi, professor Rafik Sadıxov "Sənətdə Əminə Dilbazi zirvəsi", BXA-nın Baletmeyster kafedrasının müdiri, professor Lyudmila  Həsənova "Əminə Dilbazini bütün dünya alqışlayıb", Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, Əməkdar İncəsənət xadimi, professor Gülnaz Abdullazadə "Əminə Dilbazi-Cövdət Hacıyev yaradıcılıq vəhdəti", Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Rauf Bəhmənli "Əminə Dilbazi Azərbaycanın qədim rəqslərinin unudulmaz ifaçısı kimi", Bakı Musiqi Akademiyasının doktorantı və Elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nigar Bayramova "Əminə Dilbazinin səhnə fəaliyyətində Qılman Salahovun "Qaval" və "Naz eləmə" rəqsi", Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistrantı Emil Ağayev "Rəqqasə Əminə Dilbazi obrazı rəng və plastika ifasında" mövzularında məruzələr edib. 

BXA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadənin moderatorluğu ilə keçən elmi sessiyada sənətkarın qızı, Florida Texnoloji İnstitutunun Fortepiano kafedrasının professoru, Azərbaycan-ABŞ Assosiasiyasının Florida ştatı üzrə mədəniyyət və təhsil təşkilatının direktoru, "Florida Keys" Beynəlxalq Musiqi Müsabiqəsinin təsisçisi və art direktoru, "Musiqi təhsili və autizm" fondunun təsisçisi Pərvin Muradova-Dilbazi, Azərbaycan Respublikasının Xalq artistləri Yusif Qasımov, Cəmilə Bayramova, Roza Cəlilova, eləcə də Ə.Dilbazinin yaratdığı əfsanəvi "Çinar" rəqs ansamblının üzvü Mədinə İsmayılova sənətkar haqqında öz xatirələri ilə bölüşüb, arxiv video materiallar nümayiş etdirilib.

Şahanə MÜŞFİQ

 

 





25.12.2019    çap et  çap et