525.Az

"Uğurlarımızla 2020-yə" adlı tədbir keçirilib


 

"Uğurlarımızla 2020-yə" adlı tədbir keçirilib<b style="color:red"></b>

"Abşeron" Gənclərin İnkişafı İctimai Birliyinin dəstəyi ilə Şuşa Dövlət Musiqili Teatrında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərgi-tədbir keçirilib.

Birlikdən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə gənc rəssamların əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Layihənin rəhbəri Elnurə İsgəndərova tədbiri açaraq Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızın tarixində rolundan danışıb. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bu günü milli birlik ideologiyasının simvolu kimi qeyd etdiklərini diqqətə çatdırıb.

Tədbirin təşkilatçılarından Aygün İsgəndərova bu il gənc rəssamların əsərlərindən ibarət 30-dan artıq sərginin keçirildiyini bildirib. O, rəsmlərdə vətənpərvərlik, Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin və multikulturalizmin təbliğ olunduğunu deyib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri Arif Əziz çıxışında müxtəlif yaş qruplarından olan rəssamların əsərlərindən ibarət bu sərginin təqdirəlayiq olduğunu və belə tədbirlərin gənc rəssamların inkişafına müsbət təsir etdiyini bildirib.

"Abşeron" Gənclərin İnkişafı İctimai Birliyinin sədri Qalib Əzizov hər bir xalqın inkişafında sağlam, vətənpərvər, savadlı gəncliyin mühüm rol oynadığını vurğulayıb, gənclər siyasətinin dövlətimiz üçün prioritet istiqamət olduğunu, bu sahədə müxtəlif proqramların həyata keçirildiyini nəzərə çatdırıb.

Sərgidə 150 rəssamın 200-dək rəsm əsəri nümayiş olunub. İl ərzində fərqlənmiş gənc rəssamlar İctimai Birlik tərəfindən diplom və mükafatlarla təltif olunub.

Tədbir incəsənət ustalarının konserti ilə başa çatıb.

ŞAHANƏ

 

 





25.12.2019    çap et  çap et