525.Az

"Əhsən sənə, Əhsən!.." kitabı təqdim olundu


 

"Əhsən sənə, Əhsən!.." kitabı təqdim olundu<b style="color:red"></b>

Dekabrın 23-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təqdimatında tanınmış yazıçı-jurnalist Rafiq Hacıyev tərəfindən yazılmış və görkəmli tarzən, Əməkdar artist, Beynəlxalq müsabiqə laureatı Əhsən Dadaşovun işıqlı xatirəsinə həsr olunmuş "Əhsən sənə, Əhsən!.." portret-roman kitabının təqdimatı oldu.

Tədbirin başlamasına az qalmış Muğam Mərkəzinin foyesində, zalda bir-birindən tanınmış simalar, Azərbaycan mədəniyyət və ədəbiyyat aləmində öz sözünü demiş sənətkarlar, ziyalılar görünməyə başladı. Müəllif Rafiq Hacıyevin həyəcanının, sevincinin isə həddi-hüdudu yox idi.

Öncə qeyd edək ki, kitabın bədii obrazlı dili ustad tarzənin əhatəsində olduğu mədəni mühiti və şəxsləri real surətdə nəzərə çarpdırmaqla bərabər, Ə.Dadaşovun zəngin yaradıcılıq yolunu və geniş daxili aləmini oxucuya təqdim edir.

Tədbir Əhsən Dadaşovun ifasında "Şur" muğamının yer aldığı videoçarxla başladı. Qaranlığa bürünmüş zalda sanki tək nəfəs alan mərhum sənətkarın barmaqları idi. Hər kəs səssiz şəkildə bu barmaqların yaratdığı möcüzəni dinləyirdi.

Sonra tədbirin aparıcısı, Əməkdar incəsənət xadimi İlham Rəhimli səhnəyə dəvət olundu. O, qısa və lakonik çıxışında Əhsən Dadaşovun həyat yoluna nəzər saldı, yaradıcılığından söhbət açdı. Bildirdi ki, tarzənin çalğısı insan ruhunu oxşayaraq onu öz sehrinə salır.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirdi ki, Əhsən Dadaşov yaşasaydı, bu gün onun 95 yaşı tamam olardı. "Azərbaycan mədəniyyətində Əhsən Dadaşovun özünəməxsus yeri var. Ona qədər Azərbaycan tarı min illik inkişaf dövrü keçib, bu sənətin Bəhram Mansurov, Qurban Pirimov kimi nümayəndələri olub. Amma Azərbaycan tarı bu gün özünün intibah dövrünü yaşamaqdadır. Ərəb dilində gözəllik mənasını verən Əhsən adı tarzənin həyatını gözəlləşdirib. Əhsən Dadaşovun bəxti onda gətirib ki, onun Mirzə Mənsurov, Ənvər Mənsurov kimi ustadları olub. "Öz müəlliminə bənzəmə" deyərək Ənvər Mansurov ona məsləhət verirdi. Bunun sayəsində Əhsən Dadaşov heç kimə bənzəməyib, öz dəst-xətini yarada bilib", - deyə akademik çıxışını davam etdirdi. O, geniş, əhatəli çıxışında sözlər vasitəsilə təkcə Əhsən Dadaşovun deyil bütünlükdə tar sənətinin və Azəbaycan incəsənətinin gözoxşayan mənzərəsini yaradırdı.

Tarzənin tələbəsi, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi Azərbaycan musiqi mədəniyyətinin və xalq musiqisinin inkişafında mərhum tarzənimizin xidmətlərindən danışdı. Vurğuladı ki, tarzənin yaratdığı sənət hələ neçə-neçə əsrlər yaşayacaq və bu sənəti seçənlər ondan ibrət götürəcəklər.

Az sonra mikrofon arxasında kitabın müəllifi, yazıçı-jurnalist Rafiq Hacıyev göründü. Əhsən Dadaşov haqqında kitab yazmağın məsuliyyətindən danışan yazıçı, bu prosesdən çox şeylər öyrəndiyini, bu sayədə Əhsən Dadaşovun zəngin yaradıcılığına daha dərindən bələd olduğunu dedi: "Əhsən Dadaşov... Dinləycini tez ələ almağı, onun diqqətini özünə cəlb etməyi bacaran, tarının yumşaq, qəlb oxşayan, cazibədar səsi ilə insanı həyəcanlandıran, sevindirən tarzən...

Əhsən Dadaşov... Şirin, ecazkar, rəngarəng çalğısı, dolu və sanballı səslənmə yaradan mizrabları, mənalı musiqi cümlələri ilə qulaqlarda, hafizələrdə deyil, şüurda belə unudulmaz iz buraxan virtuoz sənətkar...

Əhsən Dadaşov... Nəhayətsiz, sonu görünməyən, dərinliyi bilinməyən çılğın qəlbli muğam improvizatoru, sözün həqiqi mənasında ali hissi qabiliyyətə malik qeyri-adi ürək çalğıçısı...

Əhsən Dadaşov... Novator solo ifaçı, bənzərsiz müşayiətçi, görkəmli orkestr solisti, istedadlı ansambl rəhbəri, şair qəlbli bəstəçi, mükəmməl pedaqoq...

Sənətinə yaradıcı münasibəti, çaldığı muğamlardakı dərin fikri, mənanı və bədii keyfiyyətləri özünün fərdi istedadı və təkrarolunmaz ustalığı ilə yüksək səviyyədə ortaya çıxarması tarın çırpınan ürəyi Əhsən Dadaşov ifaçılığının ən qiymətli cəhətləri idi..."

Çıxışların arasında musiqi nömrələrinə də yer verilirdi. Gah tanınmış sənətkarlar bir-birindən dəyərli ifalar səsləndirir, gah da səhnədəki ağ ekrandan Əhsən Dadaşovun barmaqları dillənirdi.

Tədbirin bədii hissəsində Xalq artistləri Teyyub Aslanov, Mircavad Cəfərov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Şəhriyar İmanov, Televiziya Muğam Müsabiqəsinin qalibi Mirələm Mirələmov çıxış etdilər. Milli Konservatoriyanın tərkibində fəaliyyət göstərən "Əhsən" xalq çalğı alətləri ansamblının müşayiəti ilə Xalq artisti Şəfiqə Eyvazova və Mehri Əsədullayevanın ifaları gecəyə ayrı rəng qatdı. "Şur" muğamıyla başlayan gecədə sonrakı dəqiqələrdə "Rahab rəngi", "Peyman etdik", "Neyçün gəlməz", "Sona bülbüllər", "Biri sənsən, biri mən", "Rast rəngi", "Rando", "Qara xal yar", "İlk məhəbbət", "Şüştər rəngləri" kimi əksəriyyəti Əhsən Dadaşovun bəstələri olan musiqilər dinləyicilərin zövqünü oxşadı.

Sonda mərhum tarzənin qızı Xanım Məhərrəmova çıxış edərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirdi.

Gecə kövrək və musiqi ətirli notlarla yekunlaşarkən xoş duyğularla Muğam Mərkəzini tərk edən qonaqların əlində "Əhsən sənə, Əhsən!" kitabı gülümsəyirdi.

Şahanə MÜŞFİQ

 

 





25.12.2019    çap et  çap et